Tanınmış ədəbiyyatşünas alim
Mədəniyyət

Tanınmış ədəbiyyatşünas alim

Günlər, aylar, illər sanki bir-birini qova-qova bir göz qırpımında ötüb keçir. Vaxtın bu qaçhaqaçlığında sıralarımızdan nə qədər dəyərli insanlar haqq dünyasına köç etdilər. Deyirəm, dünya və həyat özlərindən başqa heç bir kəsə vəfa etmirlər. Nə qədər dostların, yoldaşların yazılmamış kitabları, deyilməmiş fikirləri onların özləri ilə o dünyaya qovuşdu. Belə məsuliyyətli və məhsuldar fikir daşıyıcılarından olan AMEA-nın Folklor İnstitutu Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Kamran Əliyev də sıramızı tərk edənlərdən biri idi.

Kamran Əliyev elmi-estetik diapazonu zəngin və  çeşidli alimlərdən idi. Onun folklor, epos yaradıcılığı, folklorla yazılı ədəbiyyat örnəklərinin qarşılıqlı öyrənilməsi, Hüseyn Cavidin əsərlərinin təhlilinə həsr etdiyi, klassiklərin və müasirlərin yaradıcılığının (M.F.Axundzadə, A.Bakıxanov, M.Şahtaxtlı, A.Sur, C.Cabbarlı, C.Məmmədquluzadə, A.Şaiq, M.Ə.Sabir, R.Rza, Cənubi Azərbaycan, A.Cəmil, R.Məcid, R.Behrudi, N.Nur və başqalarının) ədəbi fəaliyyətini əks etdirən tədqiqatları, ədəbiyyatşünaslıq, ədəbi şəxsiyyətlər, ədəbi tənqid (Seyid Hüseyn, F.Köçərli, A.Zamanov, Ə.Nazim, Ə.Nəzmi, F.Qasımzadə, K.Talıbzadə və başqalarının yaradıcılığına işıq tutan) əsərləri, "Kitabi-Dədə Qorqud" eposunun müxtəlif problemlərinin çözümünü verən etnopoetika məsələləri, Türkiyə türkcəsində nəşr etdirdiyi "Açık kitap-Dede Korkut" və eposa daxil edilmiş boyların fərdi yöndən izahı və interpretasiyası yer almış araşdırmaları, Azərbaycan dilinin fonetika, leksika, söz yaradıcılığı, morfologiya, sintaksis, dil və dilçilik, nitq mədəniyyəti, ədəbi dil normaları, üslubiyyat, əməli-işgüzar yazı nümunələri, ədəbiyyat, Azərbaycan ədəbiyyatı tarixi (Nizamidən tutmuş İ.Şıxlı və B.Vahabzadəyə qədər) ilə bağlı aparıcı söz sərraflarının yaradıcılığının çeşidli tərəflərini incələyən baxışları, Azərbaycan ədəbiyyatşünas-alimlərinin əsərlərinə həsr etdiyi opponentlik rəyləri, dövri mətbuat və media orqanlarına verdiyi müsahibələri, bədii yaradıcılıq nümunələrini - hekayə, povest, şeirlərini, lirik poemalarını, ümumi ədəbi fəaliyyətinin nəzərəçarpacaq hissəsini təşkil edən publisistikası, "Sədərək döyüşləri" kitabı və s. Kamran Əliyevin universal təfəkkürlü ədəbiyyat adamı olması haqda aydın bir mənzərə yaradır.

Kamran Əliyev haqqında Azərbaycan alimləri, elm ictimaiyyəti xeyli fikir və mülahizələr ortaya qoymuşdur. Biz də onunla bağlı qənaətlərimizi kağız üzərinə köçürüb, oxuculara çatdırmışdıq.

Həmin məqalədə biz Kamran Əliyevin mədəni-ədəbi, mənəvi əxlaq keyfiyyətləri ilə yanaşı, xüsusi olaraq onun elmi-nəzəri düşüncəsinin xeyli  nəzərəçarpan cəhətlərinə diqqət yetirmişdik. Kamran müəllimin insani keyfiyyətləri, ədəbiyyatşünaslıq, ədəbi tənqid və ədəbiyyat tarixçiliyində özünə xüsusi mövqe qazandığını bizim təsdiq etməyimizə elə də ehtiyac duyulmur. Bununla belə qeyd edim ki, o, alimliyi ilə insanlığı bir arada yaşadan şəxslərdən idi. Eyni zamanda bütün həyatının mərkəz xəttində onun ədəbiyyatşünaslığımıza bəxş etdiyi əsərlərinin elmi-nəzəri əhəmiyyəti daha çox gözə dəyir.

İşlədiyi kollektivdə, Azərbaycan elmi dairələrində çox sevirdilər Kamran Əliyevi. O, ədəb-ərkanı, davranışı, elmi-nəzəri mülahizələri ilə ictimaiyyəti və nəzəri fikrimizi maraqlandırmağı bacaran alimlərdən idi. Odur ki, bu gün də Kamran müəllimin yoxluğuna inana bilmirik. Aramızda daim xətir-hörmət, münbit münasibətlər hökm sürürdü.

Ondan bizə aktuallıq kəsb edə biləcək araşdırmaları qaldı. Professor K.Əliyev, Mir Cəlal Paşayev - tənqidçi və nəzəriyyəçi alim, şəxsiyyət və ideal vəhdətinin yeni mahiyyəti, romantik dramaturgiya, bədii tərcümə problemləri və tanınmış ədəbiyyat tarixçisi, professor Abbas Zamanova həsr etdiyi monoqrafiya, Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığında silinməz izlər buraxmış F.Köçərli və akademik Məmməd Cəfərlə bağlı qələmə aldığı, Azərbaycanın tanınmış tənqidçilərinin elmi şəxsiyyətinə və əsərlərinə həsr etdiyi çoxsaylı məqalələri, akademik M.Talıbzadə haqqında "Realizmin tənqidində ən yeni mərhələnin başlanğıcı", professorlar K.Məmmədov, T.Əhmədov, Y.Axundov və XX əsrin əvvəllərində yazıb yaratmış A.Sur yaradıcılığı ilə bağlı mülahizələri əsaslı şəkildə idrak edilməklə ortaya qoyulmuşdur.

Professor K.Əliyevin "Əsərlər"inin V cildinə daxil edilmiş "Ədəbi tənqid" bəhsində yer almış "Ədəbi-tənqid"də bədiilik", "Romantik tənqid və Sabir", "F.Köçərli tənqidinin sənətkarlıq məsələləri", "Seyid-Hüseyn görkəmli tənqidçi və yazıçı" kimi problematik məsələlər doğru-dürüst metodoloji istiqamətdə araşdırılmaqla müəllifin ədəbi tənqidə fərdi baxışlarını çözməyə şərait yaratmışdır. Tənqiddə "bədiilik" anlayışının mahiyyətinə varmaq üçün əsər müəllifi akademik Məmməd Cəfər, professor Təhsin Mütəllimov, professor Yaşar Qarayev və digərlərinin baxışları ilə yanaşı, həm də rus A.P.Sumarokov, V.A.Jukovski, A.V.Makedonov, D.V.Starikov və digərlərinin nəzəri müddəalarına əsaslanaraq öz fərdi nəzər nöqtəsinin ortaya qoyulmasına müvəffəq olmuşdur.

Alimin araya-ərsəyə gətirdiyi əsərlərinin oncildliyi, şübhəsiz ki, ədəbiyyatşünaslığımızın və ədəbi tənqidimizin pozitiv hadisəsi kimi dəyərləndirilməlidir. Onun ədəbi-estetik və fəlsəfi-sosioloji rakursda  təqdim etdiyi əsərlərinin Azərbaycan ədəbiyyatşünaslığının və ədəbiyyat tarixinin çeşidli tərəflərini özündə əks etdirmək baxımından həm də alimin fərdi təfəkkürünün aynası kimi dəyərləndirilməsinə ehtiyac vardır.

Elə buradaca qeyd edək ki, K.Əliyevin əsərlərinin beşinci cildində ədəbiyyatşünaslıq elmi sistemli və vahid orqanizm kimi təqdim edilmişdir. Təbiidir ki, məsələnin belə formatı tədqiqatçının digər humanitar biliklər sahəsinə, məsələn, folklora və folklorşünaslığa, fəlsəfi yanaşma tərzinə  və psixoloji təhlilə, mədəniyyətşünaslığa, tarixə və s. digər zəruri informasiyalara gərəyincə vaqif olması ilə ortada dayanır.

K.Əliyevin nəzəri və praktik təfəkküründə ədəbiyyat söz sənəti kimi əksər çalar və mənaları ilə göründüyündən, müəllif bədii əsərdə linqivistik səviyyələrin çıxış etdiyini də nəzərdən qaçırmamışdır. Eyni zamanda tədqiqatçı onu da yaxşı dərk edirdi ki, hər hansı əsər adi düşünülmüş deyim yox, həm də ikinci işarə sistemidir. Bunların sübuta yetirilməsi üçün tanınmış ədəbiyyatşünas-semiotik alim Y.Lotman sanki bədii ədəbiyyatın xüsusi dillə danışdığını, ikinci sistem kimi yozum dil üzərində bərqərar olduğunu sübuta yetirməyə çalışmışdır. 

O, bədii ədəbiyyatın az qala bütün modelleri ilə bağlı təhlillər aparıb. Burada bədii əsərlərin tədqiqi, bədii-tənqidi rəylər, tekstoloji təhlillər də xeyli dərəcədə yer almaqdadır. Odur ki, K.Əliyev təhlil zamanı öz tədqiqatlarının hədəf və sərhədlərini də bacarıqlı ədəbiyyatşünas kimi elmi baxışlar müstəvisində öyrənmişdir. K.Əliyev bir ədəbiyyat nəzəriyyəçisi və praktiki kimi ədəbiyyatşünasların bədii yaradıcılıq arsenalında yer almış müddəalardan bacarıqla yararlana bilirdi. Onun Azərbaycan mətbuatında son illərdə nəşr olunmuş bədii əsərləri, həm də hekayənəfislik imkanlarını  ortaya qoyurdu. Qeyd etdiklərimiz bir daha sübut edir ki,  professor Kamran Əliyev bir ədəbiyyatşünas kimi məsuliyyətli və şərəfli alim  ömrü yaşamaqla çağdaş ədəbi-nəzəri camiədə layiqli mövqeyini təmin etmişdir.

Nizami TAĞISOY,

professor.