Van Qoqun oğurlanmış əsəri Kral Akademiyası sərgisinin incisinə çevrilib
Mədəniyyət

Van Qoqun oğurlanmış əsəri Kral Akademiyası sərgisinin incisinə çevrilib

Van Qoqun oğurlanan və 20 il bundan əvvəl aşkarlanan əsəri sərgiyə çıxarılıb. Rəssamın sulu boya ilə çəkilən əsəri rənglərin solmasını azaltmaqdan ötrü çox nadir hallarda sərgilənsə də, hazırda o, Londonun Kral İncəsənət Akademiyasında 2024-cü il martın 10-dək davam edəcək “İmpressionistlər kağız üzərində: Deqadan Tuluz-Lotrekədək” adlı sərgidə nümayiş olunur.

2003-cü aprelin 27-də səhər tezdən Mançesterin Uitvort qalereyasından üç əsər - Van Qoqun “Parisin evlərlə istehkamı” (1887), Pol Qogenin “Taiti mənzərələri” (1891-93) və Pablo Pikassonun “Yoxsulluq” (1903) əsərləri oğurlanıb. Ertəsi gün, telefon zəngindən sonra əsərlər kiçik parkın yaxınlığında yerləşən ictimai ayaqyolunun qapalı məkanında, islanmış yarpaq və zibillə yanaşı aşkarlanıb. Yağışlı gün olduğundan, polisin bəyanatında da “həddən artıq pis hava şəraiti” və oğrunun qalereyanın təhlükəsizlik sistemini adlaması təsvir olunub. Buradan ehtimal yaranır ki, insident “daxildən” baş verib. Oğurluğun kimin tərəfindən törədilməsi, kiminsə təhlükəsizlik sistemindəki çatışmazlıqlara diqqəti cəlb etmək istəyi və yaxud əsərlərdən yaxa qurtarmağın çox çətin olacağını başa düşməsi hələ də müəmmalı qalır. Hadisədən sonra Uitvort qalereyasında təhlükəsizlik tədbirləri dərhal gücləndirilib. Lakin 20 il keçsə də heç kim oğurluqda ittiham olunmayıb.

“Parisin evlərlə istehkamı” əsərinin zədələnməsi təəccüb doğurmur: sağ tərəfdən 12 santimetr ölçüdə yırtıq, qırışlar və boya itkisi. Sulu boya ilə çəkilən əsər oğurlandıqdan bir neçə ay sonra bərpa edilib, indi zədələr güclə sezilir.

“Parisin evlərlə istehkamı” - paytaxtın şimal ucqarında, Vinsentin qardaşı Teo ilə yaşadığı mənzildən şimala bir kilometrdən çox məsafədə yerləşən mənzərədir. 1926-cı ildə əsər Mançester pambıq parça şirkətinin sahibi Tomas Barlou (1883-1964) tərəfindən 157 funta alınaraq, dərhal Uitvort qalereyasına hədiyyə edilib. 1962-ci ildə Van Qoqun əsəri Kral Akademiyasında sərgilənmək üçün götürüləndə o, 7500 funt-sterlinq dəyərində sığorta olunub. Əsərin cari qiyməti məxfi saxlansa da, sözsüz ki, bir neçə milyon funt-sterlinqdir.

“İmpressionistlər kağız üzərində: Deqadan Tuluz-Lotrekədək” adlı sərgidə Van Qoqun daha beş əsəri nümayiş olunur.