Şəhid ailələri və qazilərə, Vətən müharibəsi iştirakçılarına sosial dəstək genişlənir
Sosial həyat

Şəhid ailələri və qazilərə, Vətən müharibəsi iştirakçılarına sosial dəstək genişlənir

Vətən müharibəsindən sonra aidiyyəti qurumların nümayəndələrindən ibarət Komissiyanın müharibədə yaralanmış qazilərin əlilliyinin qiymətləndirilməsi üçün operativ sənədləşdirmə işlərini yerinə yetirdiyini bildirən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov yaralanmış hərbçilərin əlilliyinin qiymətləndirilməsi, reabilitasiya xidmətləri və vasitələri ilə təminatı, əlillik sahəsində tətbiq olunacaq yeni meyarlara dair təhlillərin aparıldığını qeyd edib. Diqqətə çatdırıb ki, artıq 3 min qaziyə əlillik və sosial ödənişlər təyin olunub.

A.Bayramov bildirib ki, ümumilikdə son 3 ildə 160 mindən çox əlillik təyinatı həyata keçirilib. 2021-ci il və cari il ərzində 91 min şəxsə əlillik təyin edilib. Təkcə bu ilin 5 ayında əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə 2-3 dəfə çox - 30 min şəxsə əlillik təyin olunub. Qazilərin keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatında nazirliyin son illərdə müasir tələblərə uyğun qurulan 12 reabilitasiya müəssisəsi mühüm rol oynayır. Belə ki, mərkəzlərdə postmüharibə dövründə 2500 qaziyə səmərəli reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib. 44 günlük Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş 200 qazinin, ümumilikdə 300 müharibə əlilinin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı proqramı uğurla icra olunub. Postmüharibə dövründə 1400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsi ilə təmin edilib.

2022-ci il iyulun 1-dən ölkəmizdə əlillik sahəsində tətbiq olunacaq yeni meyarlardan da bəhs olunub. Qeyd edilib ki, yeni meyarlara əsasən, əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə qiymətləndiriləcək. Bu zaman şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 mühüm kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürüləcək.

Onu da qeyd edək ki, son illər aparılan sosial islahatların bir istiqaməti olaraq reabilitasiyayönümlü sosial xidmət layihələrinin sayı və əhatə dairəsi də dəfələrlə genişlənib və bu prosesin qarşıdakı dövrdə də davam edəcəyinə inam var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmətlər sisteminin həssas əhali qruplarının həyatında təsirli rola malik olaraq müsbət dönüş yarada bilən bir səviyyədə təşkil olunmasının bu sahədə əsas prioritet olduğu vurğulanır. Həm bu xidmətlərin əhatə etdiyi kateqoriyaların sırasının, həm də sosial xidmətlər çərçivəsində həssas qruplara onların ehtiyaclarına uyğun yeni layihələr üzrə dəstək mexanizmlərinin genişləndiyi qeyd olunur. Şəhid ailələri və qazilərlə bağlı görülən dəstək tədbirləri çərçivəsində keçən il 3 il əvvələ nisbətən 5 dəfə çox olmaqla 3 min mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi proqramı icra olunub. 44 günlük Vətən müharibəsindən sonra 3500, ümumilikdə ötən dövrdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Son 4 ildə də 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlilinə minik avtomobili verilib. Postmüharibə dövründə bu kateqoriyalardan olanlardan ibarət 5 min şəxsə sosial-psixoloji dəstək də göstərilib.

Postmüharibə dövründə nazirlik tərəfindən şəhid ailələri və qazilərlə bağlı icra olunan sosial dəstək paketi artıq 100 min şəxsi əhatə edir və onlara 190 min xidmət göstərilib, o cümlədən Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarının aktiv məşğulluq proqramlarına cəlb edilməsi işləri aparılır. Vətən müharibəsindən sonra Dövlət Məşğulluq Agentliyi tərəfindən 12,1 min şəhid ailəsi və qazi aktiv məşğulluq proqramlarına cəlb edilib. Onlardan 7,8 min nəfəri özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları, kiçik biznes sahələri yaradılıb. Nazirlik tərəfindən 2021-ci ildə başladılan, şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan "Məşğulluq marafonu"na artıq 646 işəgötürən qoşularaq 4538 vakansiya təqdim edib və marafon çərçivəsində 2366 şəxs işlə təmin olunub. Onlardan 1973 nəfəri qazi, qalanları şəhid ailələrinin üzvləridir. Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarının əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnməsi də əsas hədəflərdən biridir. 2022-ci ilin 5 ayında peşə hazırlığına 1542 vətəndaş cəlb olunub ki, onların bir hissəsi də şəhid ailəsi üzvləri və Vətən müharibəsi iştirakçılarıdır.

Mustafa KAMAL,

"Respublika".