SUVARMA BOL MƏHSULUN RƏHNİDİR
Region

SUVARMA BOL MƏHSULUN RƏHNİDİR

Bu gün ölkəmizdə Meliorasiya və Su Təsərrüfatı sahəsinə dövlət başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən diqqət və qayğı göstərilir. Son illər bu sahədə bir çox irimiqyaslı layihələr reallaşdırılmışdır. Respublikamızda torpaqların böyük hissəsinə süni kanallar vasitəsilə su verilir. Bu səbəbdən də ölkəmizdə suya tələbat həddən artıq çoxdur.

Respublikamızın qabaqcıl aqrar rayonlarından biri olan Goranboyda da torpaqların vaxtında və səmərəli suvarılması, ərzaq təminatına stimul verir. Məhz bu baxımdan Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin üzərinə çətin və şərəfli vəzifə düşür. 2022-ci ilin 9 ayında rayonda aparılan suvarılma işləri barədə məlumat almaq üçün uzun müddət bu sahədə çalışan, təcrübəli meliorator Goranboy Rayon Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovla görüşdük. O, ölkədə ərzaq təhlükəsizliyinin uğurlu həlli üçün kollektivin gecə-gündüz sahələrdə çalışmasından, suvarmanın mütəşəkkil aparılmasından geniş söhbət açdı. Bildirdi ki, əkinin məhsuldarlığını artırmaq üçün meliorasiya və suvarma vacib məsələlərdəndir.

Ölkə Prezidenti cənab İlham Əliyev bu sahəyə xüsusi qiymət verərək demişdir: "Biz ərzaq təhlükəsizliyimizi təmin etməliyik və bununla bağlı elə etməliyik ki, hazırda ölkəmizdə lazımi səviyyədə istehsal olunmayan ərzaq məhsullarının inkişafı üçün və yeni müəssisələrin yaradılması üçün əlavə tədbirlər görülsün". Dövlət başçısı bu məqsədlə ərzaq təhlükəsizliyinin əsas sahəsi - taxılçılığın və gəlirli sahə olan pambıqçılığın inkişaf etdirilməsi üçün istifadə olunmayan torpaqların əkin dövriyyəsinə cəlb edilməsi barədə müvafiq orqanlara ciddi tapşırıqlar vermişdir. Cari ildə bu məsələ həllini tapmış, xeyli torpaq sahəsi əkilmişdir. Əzaq təhlükəsizliyinin təminatı aqrar bölmənin dinamik inkişafı üçün suvarma və meliorasiya işçiləri var qüvvələrilə gecə-gündüz çalışırlar.

2022-ci ilin 9 ayında, Goranboy Rayon Suvarma Sistemləri İdarəsi 66300 ha torpaq sahəsinin 3,2 dəfə suvarılmasını həyata keçirmişdir. Bundan əlavə, 70,5 ha meşə zolağı, 3370 aqropark, 12000 ha qış otlaqları, əkin üçün istifadə olunan 4000 ha örüş sahəsi, 8500 ha Dövlət fond torpaqları, 7000 ha bələdiyyə torpaqları olmaqla daha 34940 ha əkin sahələrinin suvarılması aparılır. Suvarma öz axını ilə, subartezian quyuları və nasos stansiyaları vasitəsilə aparılmışdır. Cari ildə pambıq, taxıl, yem bitkisi, bostan-tərəvəz, həyətyanı sahə, çoxillik meyvə bağları, günəbaxan, çuğundur, xəsil, tütün, qarğıdalı, biçənək sahələri bir neçə dəfə suvarılmışdır. Əsas su mənbələri Kürəkçay, Qara Gorançay, İncə çay, Tərtər kanal, Şəmkir Maşın kanalı olmuşdur. Köməkçi su mənbələri isə subartezian quyuları, nasos stansiyaları, su anbarlarıdır. Su itkisinin qarşısını almaq məqsədilə mövcud mexanizmlərlə 374,0 min kubmetr arxlarda lildən, kol-kosdan təmizləmə işləri aparılmış, sel və daşqınlarına qarşı mübarizədə profilaktik tədbirlər görülmüşdür. Eyni zamanda, çay məcralarının təmizlənməsi 44460 kubmetr və 1876 metr Xan arxının beton üzlüyə alınması işləri görülmüşdür. Hazırda işlər davam edir. Belə ki, hər bir sahədə problemlər əlaqəli surətdə, operativ həll edilmiş, suyun istehlakçılar arasında ədalətli bölünməsi üçün bütün mövcud imkanlardan istifadə edilmişdir.

Yuxarıda göstərilən bu işlərin görülməsi üçün stasionar stansiyalar, nasos aqreqatlar və hidrotexniki qurğular həmişə işlək vəziyyətdə saxlanılır. Məhz bu texnikaların köməyi sayəsində yeni metodlardan istifadə edərək uzun müddət istifadə olunmayan su arxlarının yararlı vəziyyətə gətirilməsi üçün müvafiq tədbirlər görülür, kanallar alaq otlarından təmizlənir, sağ və sol sahil divarları bərkidilir, beton üzlüklər təmir olunur, hidrotexniki qurğular işlək vəziyyətə gətirilir. 2022-ci ilin 9 ayı ərzində İdarənin balansında olan 958 ədəd subartezian, 16 ədəd nasos stansiyası saz vəziyyətdə saxlanmışdır. 8 ədəd subartezian quyusu bərpa olunmasına başlanmışdır. Onların bir neçəsinin şəhid ailələrinin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Balansda olan mexanizm və avtomaşınlar təcrübəli mexanizatorların istifadəsindədir. Sel və daşqınların qarşısını almaq üçün müvafiq qabaqlayıcı profilaktik işlər aparılır.

Rayon icra hakimiyyəti və Respublika Meliorasiya və Su Təsərrüfatı ASC rəhbərliyi bu işdə yaxından köməklik göstərirlər. İşçilərimiz bu diqqət və qayğının müqabilində daha da əzmlə çalışmış, mövcud su mənbələrindən daha səmərəli istifadə etməklə bu il hər bir sahədə bol məhsul yetişdirilməsinə öz töhfələrini vermişlər.

Zabit XƏLİLOV,

" Respublika".