Qarabağ və Şərqi Zəngəzur: birinci yarımildə 851 iş yeri yaradılıb
Region

Qarabağ və Şərqi Zəngəzur: birinci yarımildə 851 iş yeri yaradılıb

Otuz illik işğaldan sonra azad edilən Qarabağ və Şərqi Zəngəzurda aparılan geniş miqyaslı tikinti-quruculuq, bərpa işləri, infrastruktur layihələrin icra edilməsi dayanmadan və sürətlə davam etdirilir. Ermənilərin torpaqlarımızda törətdiyi xarabalıqların yerində yeni şəhərlər, kəndlər salınır, yollar çəkilir, torpaqlar əkilir, düşmənin qəsdən və bilərəkdən dağıtdığı yurd yerlərimizə yeni bir həyat qayıdır.

Qələbələrimizin memarı, Qarabağ fatehi, Qalib Ali Baş Komandan İlham Əliyevin quruculuq missiyası hər iki bölgənin ən ucqar nöqtələrini əhatə edir, Böyük Qayıdışın ayaq səsləri Laçında, Füzulidə, Ağalıda, Zabuxda, Talışda eşidilir. Uzun illər ərzində zülmətin və əsarətin qara pərdəsi çökən yurd yerlərimizdə işıqlar yanır, bu yerlərə hənir, hərarət, sevinc, fərəh, quruculuq və dirçəliş qayıdır. İşğaldan azad olunmuş ərazilərimizdə ardıcıl olaraq yeni, müasir və modern yaşayış məntəqələri salınır, infrastruktur, kommunal, rabitə və sosial xidmətlər təmin edilir, məqsədyönlü iqtisadi reinteqrasiya tədbirləri həyata keçirilir. Azad edilmiş ərazilərimizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması, "ağıllı şəhər", "ağıllı kənd" layihələrinin, "yaşıl texnologiya"ların tətbiqi, beynəlxalq hava limanlarının istifadəyə verilməsi, nəqliyyat-logistika imkanlarının artırılması və digər həyat əhəmiyyətli işlər regionun inkişafında və biznes cəlbediciliyinin artırılmasında mühüm rol oynayır.

Hər iki iqtisadi rayonda biznes üçün əlverişli mexanizmlərin yaradılması, məşğulluğu artıran sahibkarlıq fəaliyyətinin təşviq edilməsi istiqamətində nəticəyönümlü işlər həyata keçirilir, sənaye və aqroparklar yaradılır. Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurdakı bütün layihələr dövlət-özəl əməkdaşlığı çərçivəsində icra olunur. Hökumət azad edilmiş ərazilərdə investor və sahibkarlar üçün əlverişli şərait yaradır, Ağdam və Araz Vadisi İqtisadi Zonası sənaye parklarında sahibkarlar dövlət hesabına infrastrukturla təmin edilir. Buradakı rezidentlər 10 illiyinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. İdxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular isə ƏDV-dən və gömrük rüsumlarından azad edilib. Bundan başqa, regionda yeni aqroparkların yaradılmasına başlanılıb. Bu qəbildən ilk layihənin - "Dost Aqropark"ın təməli iki il öncə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Zəngilanda qoyulub. Hazırda regionda 3 aqropark fəaliyyət göstərir.

Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarının ərazilərində müəssisələrin yaradılmasına ümumi investisiya qoyuluşu 200 milyon manatdır. İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə hazırda Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarında 31 sahibkarlıq subyektinə rezidentlik və qeyri-rezidentlik statusu verilib. Bu sahibkarlıq subyektləri tərəfindən hər iki sənaye parkında 2 mindən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

 Xatırladaq ki, Ağdam Sənaye Parkı dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il mayın 28-də imzaladığı fərman əsasında yaradılıb. Sözügedən parkda istehsal sahələrinin yaradılması məqsədilə 190 hektar ərazi ayrılıb. Sənaye Parkının əsas prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda xidmət sahələri, soyuducu kameraların təşkilidir. Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir və artıq burada məhsul istehsalına başlanılıb. Belə ki, "Yüksəl Beton" QSC artıq bu ərazidə beton istehsalı müəssisəsi inşa edib, məhsulun topdan və pərakəndə satışına başlayıb. Zavod saatda 120 kubmetr beton istehsal etmək gücündədir. Saatda 100 kub beton istehsal edəcək daha bir zavod da quraşdırılır. Hazırda müəssisə sənaye zonasındakı və Ağdam şəhərindəki tikintiləri betonla təmin edir.

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı isə bundan bir qədər əvvəl 2021-ci il oktyabrın 4-də yaradılıb. Dövlət başçısının müvafiq fərmanı əsasında fəaliyyətə başlayan "Araz Vadisi İqtisadi Zonası"nın parkı 200 hektar ərazini əhatə edir. Mütəxəssislərin qənaətinə görə, "Araz Vadisi İqtisadi Zonası" Zəngəzur dəhlizi və Naxçıvan üzərindən Türkiyə və Yaxın Şərqə, Aralıq dənizi hövzəsinə çıxmaq imkanına malik olacaq. Məhz buna görə də bu zonaya investorların iqtisadi marağı daha böyükdür. Qeyd edək ki, Cəbrayıl rayonu ərazisindəki "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı ölkəmizdə sayca yeddinci parkdır. Artıq sənaye zonasında "Avto Lizinq Azərbaycan" MMC fəaliyyətə başlayıb. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının isə hazırda 5 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq Sənaye Parkına 32 milyon manatdan çox investisiyanın yatırılması, 400-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında fəaliyyət göstərən işçilərin və sahibkarların rahatlığının təmin edilməsi məqsədilə burada mobil şəhərcik salınıb. Şəhərcikdə yataqxana, yeməkxana, tibb məntəqəsi və aptek, market, anbar, camaşırxana, nəzarət buraxılış məntəqəsi quraşdırılıb, əraziyə asfalt yol çəkilib.

Heç şübhəsiz ki, hər iki bölgənin potensialının ölkə iqtisadiyyatına reinteqrasiyası yerli istehsalın inkişafına böyük təkan verəcək, məşğulluq səviyyəsinin yüksəlməsinə əlavə imkanlar yaradacaq. Qarabağın və Şərqi Zəngəzurun bərpası, dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan hər iki sənaye parkında istehsal ediləcək məhsullar yerli bazarla yanaşı, "Made in Azerbaijan" brendi adı ilə xarici bazarlara da çıxarılacaq.

Sənaye zonalarından söz düşmüşkən qeyd etməliyik ki, bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 19 sahibkarlıq subyektinə rezident statusu verilib. Həmin rezidentlər ümumilikdə 244 milyon manatdan artıq investisiya yatıracaq, 1500-dən çox iş yeri yaradılacaq. Ölkəmizdəki sənaye zonaları üzrə ümumi investisiya məbləği 7,18 milyard manatdır. Sahibkarlar bu günə qədər 6, 56 milyard manatdan çox investisiya yatırıb və 10 600-dən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə olaraq 690 milyon manata yaxın investisiyanın yatırılması, 5 200-dən çox daimi iş yeri yaradılması nəzərdə tutulur. Sənaye zonalarında bu günə qədər ümumilikdə 10,23 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 3,35 milyard manatlıq hissəsi ixrac olunub. İxrac "Made in Azerbaijan" brendi adı ilə 60-a yaxın ölkəyə həyata keçirilir. Bu ilin birinci yarısında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr 1,4 milyard manatlıq məhsul satıb ki, bunun 33,6 faizi ixracın payına düşür.

İşğaldan azad edilən ərazilərdə əsas mərhələ başlayıb, köç karvanları doğma yurd yerlərinə qayıdır. Təxminən 10 min kvadratkilometrdən artıq ərazini əhatə edən "Böyük Qayıdış" Proqramı erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, yurd yerlərinə əhalinin geri qayıdışının təmin edilməsi, iş yerlərinin yaradılması, insanların rifah səviyyəsinin yüksəldilməsi və son nəticədə bölgənin dayanıqlı inkişafına nail olunmasını əhatə edir.

Geri qayıdan əhalinin məşğulluğunun təmin edilməsi hökumət tərəfindən planlı şəkildə həyata keçirilir. Belə ki, cari ilin birinci yarısında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 851 iş yeri yaradılıb. Bu barədə Dövlət Statistika Komitəsinin yarımillik hesabatında bildirilir ki, Qarabağda 473, Şərqi Zəngəzurda 378 yeni iş yeri, o cümlədən Şərqi Zəngəzurda ən çox iş yeri Laçın rayonunda (328), Qarabağda isə Şuşa rayonunda (177) yaradılıb. Ötən il isə Qarabağ iqtisadi rayonunda 905, Şərqi Zəngəzurda 223 yeni iş yeri yaradılmışdı.

Azərbaycanın Qarabağla və Şərqi Zəngəzurla, eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı siyasəti və işğaldan azad edilən ərazilərdə aparılan yenidənqurma işləri dünyanın diqqət mərkəzindədir. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Salman ALIOĞLU,

"Respublika".