Şuşa tarixi görkəminə qayıdır
Region

Şuşa tarixi görkəminə qayıdır

Unudulmayan, yaddan çıxmayan, dəyərli və xeyirxah  xidmətləri xalqımız həmişə yüksək qiymətləndirir. Ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən, bir çox qlobal tədbirlərin təşkilatçılığını cəsarətlə üzərinə götürən,  həmişə hadisələrin mərkəzində, insanların arasında xeyirxah və mərhəmət ünvanına çevrilən Heydər Əliyev Fondunun fəaliyyəti demək olar ki, həyatın bütün sahələrini əhatə edir. Fondun prezidenti, həyatının mənasını Vətənə, xalqa və insanlara xidmətdə görən Mehriban xanım Əliyevanın təşəbbüsü, dəstəyi ilə icra edilən çoxsaylı və irimiqyaslı layihələr böyük rezonans doğurur. Təhsil, səhiyyə,  mədəniyyət və tarixi -dini abidələrin bərpası sahəsində reallaşdırılan layihələr ölkəmizə misilsiz töhfələr verir. Fondun mədəniyyətimiz,  incəsənətimiz,  tariximiz,  adət-ənənəmizlə bağlı layihələri mənəvi, mədəni irsimizin qorunması işində müstəsna rolu var. Ölkəmizdəki qədim tarixi abidə və ziyarətgahların, məscidlərin,  dini ibadətgahların bərpası və yenidən qurulması,  abadlaşdırılması və insanların istifadəsinə verilməsində Heydər Əliyev Fondu misilsiz xidmət göstərir.

Tariximizin ən şərəfli səhifəsinə çevrilən 44 günlük Vətən müharibəsində Prezident,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti,  sərkərdəlik qabiliyyəti, prinsipiallığı,  dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Qarabağ və Şərqi Zəngəzur işğalçılardan azad edildi. Düşmən tərəfindən xarabalığa çevrilmiş yurd yerlərində çox nəhəng infrastruktur layihələr icra edilməyə başlanıb. Hökumət qurumları ilə yanaşı, Heydər Əliyev Fondunun dəstəyi ilə Qarabağ və Şərqi Zəngəzurda vəhşi düşmən tərəfindən qəddarlıqla dağıdılan və yer üzündən silinən tarixi, dini abidələrin bərpası və yenidən qurulması layihələri icra edilir. Azərbaycan mədəniyyətinin paytaxtı, əsrarəngiz, Şuşanın tarixi məkanları və abidələri Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilir, Şuşada mədəni-kütləvi tədbirlər keçirilir.

İlk növbədə, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin Şuşa şəhərində bürüncdən hazırlanan heykəli öz əvvəlki yerində bərpa edilib. Qeyd edək ki, 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada bəstəkarın heykəli ucaldılıb.  Heykəltəraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilib.  Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bəstəkarın yeni heykəli hazırlanıb.  Heykəlin modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradılıb.  Görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin Şuşa şəhərində yerləşən büstü Heydər Əliyev Fondunun dəstəyilə yenidən bərpa edilib. Qeyd edək ki, Molla Pənah Vaqifin 1957-ci ildə tuncdan hazırlanan büstü 1958-ci ildə Cıdır düzünə yaxın ərazidə qəbirüstü abidə kimi yerləşdirilib,  daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb.  Büst 1992-ci ildə Şuşa şəhərinin işğalı zamanı erməni vandalizminə məruz qalaraq dağıdılıb. Abidə 2021-ci ildə onun müəllifi,  Əməkdar incəsənət xadimi Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən qurulub. Bürüncdən hazırlanan büst əvvəlki yerinə qaytarılaraq Molla Pənah Vaqifin Şuşadakı evinin yaxınlığında quraşdırılıb.  Şair və ictimai xadim Molla Pənah Vaqifin Şuşada yerləşən muzey-məqbərə kompleksi Heydər Əliyev Fondu tərəfindən əvvəlki görkəminə qaytarılıb, bərpa və yenidənqurma işləri yüksək zövqlə aparılıb. Yeri gəlmişkən qeyd edək ki, 1982-ci il yanvarın 14-də  xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində Molla Pənah Vaqifin məzarı üzərində ucaldılan əzəmətli məqbərənin açılışı olub. Məqbərənin inşasında xalq memarlığının yerli ənənələrindən,  monumental-dekorativ və tətbiqi plastika vasitələrindən istifadə edilib. Türbənin daxilində isə Molla Pənah Vaqifin heykəltəraş Albert Mustafayev tərəfindən hazırlanan büstü qoyulub. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalı nəticəsində kompleksin binası və burada sərgilənən bütün eksponatlar məhv edilib.  Müzəffər Azərbaycan Ordusunun şanlı zəfərindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən,  burada təmir-bərpa və yenidənqurma işləri başlanıldı və az müddətdən sonra istifadəyə verildi.

Şuşada erməni vəhşiliyinə məruz qalan tarixi,  mədəni,  dini abidələr yüksək zövqlə, milli memarlıq üslubunda  bərpa olunur,  əvvəlki görkəminə qaytarılır.  İşğaldan azad olunan bütün bölgələrdə olduğu kimi,  Şuşada da bu istiqamətdə bərpa işlərinin böyük qismi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Fond tərəfindən bərpası həyata keçirilən belə binalardan biri milli memarlıq ənənələrini özündə əks etdirən Şirin su hamamıdır.  Hamam ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısındadır və tarixi görkəmi qorunub saxlanılmaqla bərpa edilir. Azərbaycan tarını təkmilləşdirən məşhur tarzən Sadıqcanın evi,  Aşağı Gövhər ağa,  Yuxarı Gövhər ağa və Saatlı məscidləri Heydər Əliyev Fondu tərəfindən bərpa olunur.  Şuşadakı mühüm mədəni-tarixi memarlıq abidələrindən olan Mehmandarovların malikanə-kompleksində də bərpa işləri Heydər Əliyev Fondu tərəfindən aparılır.  İşğal dövründə ciddi ziyan dəyən,  ermənilər tərəfindən dağıntılara məruz qalan malikanə kompleksində mütəxəssislər qiymətləndirmə işləri aparıb,  bunun əsasında bərpa işləri icra olunur.  Prezidentin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov yerli mediaya verdiyi məlumatda bildirir ki,  Mehmandarovlar malikanə-kompleksində işlər yaxın vaxtlarda yekunlaşacaq.  

Şuşada aparılan genişmiqyaslı bərpa və təmir işləri xarici mütəxəssislərin də diqqətini cəlb edir. Bu barədə Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri,  dünya irsi üzrə tanınmış ekspert Rey Bondinin “Times of Malta” qəzetində dərc olunan “Şuşa – xarabalıqlar içində olan mədəniyyət paytaxtı” başlıqlı məqaləsində deyilir ki, Azərbaycan öz mədəniyyət paytaxtını - xarabalığa çevrilmiş Şuşa şəhərini bərpa etmək əzmindədir. Şuşa Lüksemburqdan böyük olan regiondur və 30 ildən artıq Ermənistanın işğalı altında olub.  Ermənilərin Şuşada törətdikləri vandalizmi, etnik nifrət zəminində törədilmiş dağıntıları mədəniyyət paytaxtında keçirilmiş “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans iştirakçıları da şahid olublar.

Ötən ilin yazında Heydər Əliyev Fondunun dəstəyi ilə məşhur Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı, Vaqif poeziya günləri, VIII muğam müsabiqəsinin final yarışması və digər beynəlxalq tədbirlər düşmənin Şuşaya vurduğu yaralara bir məlhəm olur, Şuşanın tarixi ruhunu özünə qaytarır.  Düşmən əsarətindən qurtulan Şuşaya  yeni ruh,  yeni nəfəs gəlir, qədim şəhərin əvvəlki ahəngi özünə qayıdır, torpağı, daşı sevinir,  başı göylərə dəyən minarələrdən ucalan azan səsi bütün Qarabağa yayılır.

Salman ALIOĞLU,

“Respublika”.