ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞ
Region

ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞ

Torpaqlarımızın namərd, mənfur düşmənin işğalından azad edilməsi və ölkəmizin suverenliyinin tam bərpası istiqamətində gedən döyüşlərdə Masallı rayonundan 256 nəfər şəhidlik zirvəsinə ucalıb. Masallı Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayondan seçilmiş millət vəkilləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi vahidliyi üzrə icra nümayəndələri və yerli bələdiyyələr şəhid ailələri ilə mütəmadi əlaqə saxlayır, qayğı və çətinliklərini öyrənib lazımi köməklik göstərirlər.

Rayon rəhbərliyinin şəhid ailələri ilə növbəti görüşü Qəriblər kəndindəki “Viləş hotel”in mərasim zalında keçirilib. Görüşdə ölkəmizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərərək şəhidlik məqamına yüksələn igidlərin parlaq xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinin yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunduğunu, şəhid ailələrinin problemlərinin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.

Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev əvvəlki görüşlərdə şəhid ailələrinin müraciətlərindən, qaldırdıqları məsələlərin həlli ilə bağlı görülmüş işlərdən ətraflı söhbət açıb.

Şəhid ailələrinin üzvlərindən Sədaqət Məmmədova, Hafiz Qurbanov, Turac Quliyev, Arif Əliyev, Əfrail Əzizov və başqaları onları düşündürən, narahat edən məsələlərdən danışıb, göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Dövlət Təhlükəsizliyi Xidmətinin Masallı rayon şöbəsinin rəisi Emin Süleymanov Ermənistanla sülh sazişinin imzalanmasının uzadılmasında marağı olan xarici qüvvələrin yenidən fəallaşdığını, bəzi dairələrdə ölkəmizin şanlı qələbəsinə kölgə salmağa çalışanların olduğunu diqqətə çatdırıb. İgid, qəhrəman oğullarımızın fədakarlığı, misilsiz şücaətləri sayəsində azad edilmiş ərazilərimizin ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək birlikdə qorumağımızın vacibliyini vurğulayıb.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.