Supergüclərin Cənubi Qafqazda toqquşan maraqları
Siyasət

Supergüclərin Cənubi Qafqazda toqquşan maraqları

Tarix boyu Cənubi Qafqaz həm qlobal, həm də regional güclərin maraqlarının toqquşduğu, dünyanın ən strateji əhəmiyyətli regionlarından biri olub. Dünya iqtisadi sisteminə mühüm töhfələr verən Cənubi Qafqaz regionunun zəngin neft və təbii qaz ehtiyatlarına malik olması onun dünya miqyasında əhəmiyyətini daha da artırır. Bütün bunlarla yanaşı, Xəzər dənizi və Qara dəniz boyunca Avropa ilə Asiya arasında strateji mövqedə yerləşən Cənubi Qafqaz coğrafi əhəmiyyətinə, mədəni müxtəlifliyinə və zəngin enerji resurslarına görə geosiyasi rəqabətin mərkəzi olmuşdur. Dünyanın supergücləri olan ABŞ və Rusiya da öz maraqları və ambisiyaları baxımından bu rəqabətin əsas tərəfləridir. Onların regiondakı maraqlarının toqquşması isə bölgənin siyasi mənzərəsini formalaşdırır. Cənubi Qafqazda Rusiya-ABŞ rəqabətinin əsas amillərindən biri regionun zəngin enerji ehtiyatlarıdır. Belə ki, Xəzər dənizi hövzəsinin böyük neft və təbii qaz ehtiyatlarına malik olması onu qlobal bazarlar üçün mühüm enerji dəhlizinə çevirir. Həm Rusiya, həm də ABŞ öz enerji təhlükəsizliyini təmin etmək məqsədilə bu resurslara nəzarət etməyə çalışır.

Bu gün Ermənistan ilə Azərbaycan arasında ziddiyyətlərin davam etməsi fonunda Cənubi Qafqazda hökm sürən gərginlik də dünyanın iki nəhəng dövlətinin siyasi maraqlarının toqquşmasından qaynaqlanır. ABŞ Rusiyanın regiondakı rolunu azaltmağa istiqamətlənmiş siyasət həyata keçirir və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Rusiyanın vasitəçiliyinə mane olur. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsinə son nöqtəni qoyan 2020-ci 10 noyabr Bəyanatı məhz Rusiyanın vasitəçiliyi ilə imzalanmış, tərəflər üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Azərbaycan tərəfi üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirsə də, məğlub tərəf hələ də öhdəliklərinə əməl etmir. Ermənistan-Azərbaycan münaqişəsinin davam etməsi isə Rusiyanın Cənubi Qafqazda strateji planlarını pozur. Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh təkcə Cənubi Qafqaz üçün deyil, həm də bu regionda maraqları olan Amerika, Rusiya və Qərb ölkələri üçün xüsusi əhəmiyyət kəsb edir. Bu mənada, Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın 44 günlük müharibədən sonra qarşı tərəfə təklif etdiyi sülh müqaviləsinin imzalanmasına Avropa İttifaqı böyük dəstək verir. Azərbaycanla qarşılıqlı hörmətə, etimada, maraqlara əsaslanan, əlaqələr quran Avropa İttifaqı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına ciddi səy göstərir və bu baxımdan Brüssel görüşləri fəal dialoq formatına çevrilib.

Bu il may ayında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin 5-ci Brüssel görüşündə hər iki lider tərəfindən ölkələrin ərazilərinin konkret qeyd olunması, faktiki olaraq Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul etməsi bunu bir daha təsdiqləyir. Bu yaxınlarda Bakı ilə İrəvan arasında Vaşinqtonun vasitəçiliyi ilə fəal müzakirə edilən sülh sazişi layihəsi Moskvanın Cənubi Qafqazda təsirinin azalacağını vəd edir. ABŞ və Qərb bunun üçün bütün mümkün vasitələrdən istifadə edir. Bir müddət əvvəl Avropa Birliyinin mülki missiyasının Ermənistanda yerləşdirilməsi ilk növbədə Rusiyanın ümumilikdə regiondakı mövqeyini zəiflətmək məqsədi güdürdü. Digər tərəfdən, Ermənistanın Rusiyadan uzaqlaşması rəsmi Moskvanın Cənubi Qafqazdakı geopolitik proseslərdən təcrid olunmasının gedişatına təsirsiz ötüşməyəcək. Görünən odur ki, son vaxtlar ABŞ və Qərb Azərbaycan-Ermənistan sülh danışıqlarında Rusiyanı əsas vasitəçi rolundan kənarlaşdırmağa və təşəbbüsü ələ keçirməyə nail olublar. Əgər sülh sazişi Avropa İttifaqı və ya Amerikanın vasitəçiliyi ilə imzalanarsa, o zaman Cənubi Qafqaz Rusiyanın "təsir zonası"ndan kənara çıxa bilər.

Azərbaycan zəngin enerji ehtiyatları, xüsusilə də Xəzər dənizi hövzəsindəki mühüm neft və təbii qaz yataqları ilə strateji əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin və Cənub Qaz Dəhlizinin reallaşması Azərbaycanı mühüm enerji mərkəzinə çevirib. Ölkəmiz Avropanın enerji təhlükəsizliyini təmin etməklə onun Rusiyanın enerji mənbələrindən asılılığını əhəmiyyətli dərəcədə azaldıb. Cənub Qaz Dəhlizi vasitəsilə Xəzər qazının Avropaya nəqli Azərbaycanın iqtisadiyyatını möhkəmləndirməklə yanaşı, həm də geosiyasi təsir imkanlarını da artırır. Həmçinin ölkəmizə Avropa dövlətləri və ABŞ ilə güclü diplomatik əlaqələr qurmağa, özünü enerji təhlükəsizliyinin və sabitliyin təmin edilməsində əsas tərəfdaş kimi göstərməyə imkan verir.

Rusiya ilə sıx əməkdaşlıq həyata keçirən Azərbaycan, eyni zamanda ABŞ və Avropa İttifaqına üzv dövlətlərlə də tərəfdaşlıq əlaqələrini inkişaf etdirir. Bu yanaşma Azərbaycana potensial riskləri minimuma endirməklə bərabər, çoxsaylı alyanslardan maksimum fayda əldə etməyə də imkan verir. Birləşmiş Ştatlar Azərbaycanın enerji şaxələndirilməsinin təşviqində rolunu, təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində səylərini yüksək qiymətləndirir. Azərbaycan ABŞ-ın Qafqaz regionunda geniş geosiyasi strategiyasında əsas oyunçu kimi çıxış edir. ABŞ-ın Azərbaycandakı maraqları enerji təhlükəsizliyi, regional sabitlik, terrorla mübarizə səyləri və demokratik dəyərlərin təşviqi ilə xarakterizə olunur. Bu strateji tərəfdaşlıq ABŞ-ın qlobal gündəmində Azərbaycanın əhəmiyyətini daha da artırır. Hər iki ölkə ekstremist təhdidlərlə mübarizəyə və radikal ideologiyaların yayılmasının qarşısının alınmasına mühüm töhfələr verir.

Rusiya-Azərbaycan münasibətlərində də enerji məsələsi mühüm rol oynayır. Rəsmi Bakı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq imkanları yaradır. Rusiyanın Şimal-Cənub Nəqliyyat Dəhlizi və Bakı-Novorossiysk neft kəməri kimi enerji layihələrində iştirakı onun enerji marşrutlarının təmin edilməsində və Xəzərin resurslarının nəqlində iqtisadi maraqlarını ortaya qoyur. Eyni zamanda, Azərbaycanın strateji mövqeyi və terrorizmlə mübarizə səylərinin Rusiyanın maraqları ilə üst-üstə düşməsi hər iki ölkənin regional təhlükəsizlik məsələlərində əməkdaşlığını daha da dərinləşdirir. Rusiyanın əsas geosiyasi məqsədi isə Cənubi Qafqaz regionunda təsirini saxlamaqdan ibarətdir.

Mehparə ƏLİYEVA,

"Respublika".