Ermənistan və İranın revanşist addımları nəticəsiz qalacaq
Siyasət

Ermənistan və İranın revanşist addımları nəticəsiz qalacaq

Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini intensiv atəşə tutduğu bir vaxtda İrəvanla Tehran rəsmiləri arasında təmaslar artıb. Ermənistanın müdafiə naziri Suren Papikyan İranın bu ölkədəki səfiri Mehdi Sübhani ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib. Papikyan sentyabrın 1-də Basarkeçər rayonunun Zod istiqamətində baş verən təxribat barədə də İran tərəfinə məlumat verib. Maraqlı məqam odur ki, İran mediası Xankəndidə erməni vətəndaşlarımızın “ərzaq qıtlığı” şousunu Ermənistanın maraqlarına uyğun formada işıqlandırıb, ardınca isə dünən səhər saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutmasına bəraət qazandırıb. Bu xüsusda, Ermənistan müdafiə nazirinin məhz İranın bu ölkədəki səfiri ilə görüşməsi Tehranın Ermənistan hərbi təcavüzünə dəstəyi kimi qiymətləndirilə bilər. Görüşlə bağlı bir başqa maraqlı məqam isə odur ki, toplantıda İran səfirliyinin hərbi attaşesi Bəhmən Sadeqi də iştirak edib. 

Məsələ ilə bağlı siyasi şərhçi Telman Nüsrətoğlu “Respublika”ya açıqlamasında bildirib ki, molla rejimi İrəvana təkcə siyasi sahədə dəstək vermir, eyni zamanda onu silahlandırır: “Daxili və xarici siyasət paradiqması daha çox anti-Azərbaycan mahiyyəti kəsb edən İran, Rusiya və Fransa kimi Ermənistan üzərindən erməni kartını istifadə edərək Cənubi Qafqazda varlığını qorumağa, təsir imkanlarını genişləndirməyə çalışır. Təsadüfi deyil ki, Tehran rəsmiləri dəfələrlə Ermənistanın ərazi bütövlüyünü, sərhəd toxunulmazlığını özlərinin qırmızı xətti kimi elan ediblər. Yəni onlar arasındakı bu münasibətlər inkişaf edir, müttəfiqlik səviyyəsinə yüksəlir. Hazırda Ermənistanın revanşist siyasətinin davam etdirilməsində də İranın müstəsna rolu var. İstər Hindistandan alınan silahların İran ərazisi üzərindən Ermənistana daşınması, istərsə də İranın özünə məxsus olan dronlarının Ermənistana ötürülməsi və ya satılması, bu faktı sübut edir. Aydın məsələdir ki, qlobal və regional sistemdə Azərbaycanın önəmi getdikcə artmaqdadır. Üstəlik, hazırda türk dövlətlərinin inteqrasiyasının dərinləşməsi və Avrasiyada yeni bir güc ortaya çıxması müşahidə olunur. Belə bir şəraitdə Türkiyə-Azərbaycan müttəfiqliyindən qorxan Tehran regiondakı müttəfiqinin hərbi cəhətdən güclənməsinə kömək etməklə, dividentlər qazanmağı hədəfləyir. Amma növbəti mərhələdə İranın Cənubi Qafqazla bağlı qeyri-konstruktiv yanaşmasının öz əleyhinə çevriləcəyi və regiondakı geosiyasi mövqelərinin zəifləyəcəyi istisna edilmir”. 

Jalə QASIMZADƏ, 

“Respublika”.