Sülhün tərəfdarı
Siyasət

Sülhün tərəfdarı

Ölkəmizin ədalətli şərtləri Cənubi Qafqaza dayanıqlı sülh, təhlükəsizlik və inkişaf vəd edir

Azərbaycana dünyanın müxtəlif dövlətlərinin marağının artması ölkəmizin siyasi gücünə, iqtisadi inkişafına, sülhsevər dövlət olmasına əsaslanır. Müstəqillik tariximizdə ölkəmizin etibarlı tərəfdaş olmasının və təhlükəsizliyə, sabitliyə verdiyi töhfələrin məntiqi nəticəsidir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilib. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfərdən sonra keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin açılması istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Bütövlükdə regionda sabitlik Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıqdan asılıdır. Cənubi Qafqazda münaqişələrin həlli regionun güclənməsinə təkan verər. Bununla da qlobal təhlükəsizlik zəncirinin bir hissəsinə çevrilə bilər.

Dövlətimizin başçısı dünyada güc amilinin ön planda olduğunu qeyd edərək, ölkəmizin daha da gücləndirilməsi üçün daim çalışır. Azərbaycanın hərbi potensialının artırılması da prioritet istiqamətlərdəndir. Müharibədən sonra yeni silahlı birləşmələrin yaradılması və yeni texnikaların alınması bu məqsədlərə xidmət edir. Azərbaycanın hərbi gücünü artırması müdafiə və təhdidlərdən qorunmaq məqsədi daşıyır. Çünki Azərbaycan regionun lider ölkəsi və uzunmüddətli sülhün bərqərar olmasında təşəbbüskardır. Bunu artıq bütün dünya görür və bilir.

Azərbaycan öz gücünü 44 günlük Vətən müharibəsində göstərdi. Ölkəmiz erməni işğalına məhz müstəqil və güclü olması sayəsində son qoya bildi. Aparıcı ölkələr və beynəlxalq təşkilatlar yeni reallıqları qəbul ediblər. Dünya bu gün cənab İlham Əliyevin sülhün və əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsindəki xidmətlərini, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri və əməkdaşlığın inkişafı sahəsində  səmərəli rolunun gələcək üçün önəmli olduğunu yüksək qiymətləndirir. Azərbaycanın təqdim etdiyi gündəlik artıq beynəlxalq təşkilatlar tərəfindən əsas kimi götürülür.

Bir sözlə, postmünaqişə dövründə gündəliyi Azərbaycan müəyyənləşdirir. Ölkəmiz ədalətli sülhün tərəfdarıdır. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində ev-eşiyindən zorla qovulan bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib. Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir. Və Azərbaycanın təklif etdiyi 5 prinsip BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına uyğundur. Ermənistanın həmin prinsipləri qəbul etməsi və ilkin mövqeyinə sadiq qalması sülh sazişinin imzalanması üçün əsas yaradır. Sərhədlərin delimitasiyası artıq başlanmışdır. Təxminən 30 il ərzində Ermənistanla dövlət sərhədi, o cümlədən Azərbaycanın 20 faiz ərazisini təşkil edən digər rayonları işğal altında olub. Buna görə sərhədlərin delimitasiyası zərurəti aydındır. Artıq Ermənistan Azərbaycan ərazisinin parametrlərini, o cümlədən Qarabağ və anklav kəndlərimiz daxil olmaqla sərhədlərimizi rəsmən tanıyıb. Yalnız qarşı tərəfin dediyi sözlərə rəsmən kağız üzərində imza atması qalıb.

Ölkəmiz bu gün də öz gücü ilə hər bir təxribatın qarşısını alır. Heç kim Azərbaycana hədə-qorxu gələrək ultimatum verə bilməz. Çünki güc çox şeyi həll edir. Bizim isə gücümüz hamıya bəllidir. Azərbaycan bütün dövrlərdə dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə olub. Lakin dövlətimiz real faktlara, tarixi həqiqətlərə əsaslanan müstəqil siyasətilə hər bir qərəzli yanaşmaya münasibətdə öz sözünü deyir. Ermənistanın "humanitar vəziyyət", "blokada" kimi şoularına dəstək verildiyi, bəzi dünya güclərinin işğalçı dövləti dəstəklədiyi hazırkı dövrdə dövlət başçısı ölkəmizin haqlı, ədalətli mövqeyini diplomatik ustalıqla ortaya qoyur.

Azərbaycanın iqtisadi imkanları və onlardan düzgün istifadə, həmçinin dövlət başçısı tərəfindən həyata keçirilən iqtisadi və xarici siyasət, reallaşan mühüm nəqliyyat - kommunikasiya və logistika layihələri ölkəmizin mövqeyini daha da gücləndirmişdir. Azərbaycan dünya miqyasında postmünaqişə reallıqları çərçivəsində çox nadir və miqyası görünməyən yenidənqurma layihəsi həyata keçirir. Bu işlər məhz Azərbaycan hökumətinin öz səyləri, resursları, özünün idarəetmə mexanizmi çərçivəsində reallaşdırılır. Azərbaycan artıq donor ölkəsinə çevrilib. Ölkəmiz özü kredit ayırır. Bu, yaxşı iqtisadi vəziyyətdən xəbər verir. Bütün bunlar əlbəttə ki, Azərbaycanın doğru yolda olduğunu, tam şəkildə Qafqazda və regionda dayanıqlı sülhün, qarşılıqlı əməkdaşlığın təmin edilməsi naminə çalışdığını sübut edir. Prezident İlham Əliyevin dünyada gedən proseslər fonunda atdığı addımlar, qəbul etdiyi qərarlar, rəhbərliyilə həyata keçirilən mühüm layihələr ölkəmizin nüfuzunu gündən-günə artırır. Dövlət başçısının sülh çağırışları, demokratiya və təhlükəsizliyin təmin olunması sahəsindəki təşəbbüsləri və bunun əməli fəaliyyətdə öz əksini tapması dünyanın bir çox rəhbərləri, beynəlxalq təşkilatları tərəfindən yüksək qiymətləndirilir. İşğal dövründə Azərbaycanın haqq səsini eşitməyən beynəlxalq təşkilatlar dövlətimiz qalib gələndən sonra üzlərini bizə çeviriblər. Belə olan halda, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistanın başqa çıxış yolu yoxdur, sülh sazişi mütləq imzalanmalıdır.

Azərbaycan milli qanunvericiliyi çərçivəsində Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ölkəmizin siyasi, sosial və iqtisadi sferalarına reinteqrasiyası istiqamətində səy göstərir.

Prezident İlham Əliyev Şuşada "Euronews" televiziyasına müsahibəsində bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, Azərbaycan sülhün tərəfdarıdır və regionda baş verən bütün proseslərə təmkinlə yanaşır. Vətən müharibəsindən sonra regionda vəziyyəti mürəkkəb olaraq qalmaqdadır. Bu gərginliyin səbəbi Ermənistanın üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməməsidir. Ermənistanın bu vəzifələri icra etməkdən boyun qaçırması vəziyyətin daha da mürəkkəbləşməsinə yol açır. Regionda təxribat xarakterli proseslər baş verir və bunlar kifayət qədərdir. Əslində, bu addımlar ona hesablanıb ki, sülh danışıqları pozulsun və nəticəsiz qalsın. Azərbaycan tərəfi sülhə və təhlükəsizliyə təhdid olan bütün təxribatları pisləyir, bunların aradan qaldırılması üçün bütün müstəvilərdə səylərini davam etdirir.

Mustafa KAMAL,

"Respublika".