Azərbaycan və Serbiya parlamentləri arasında münasibətlərin inkişafı üçün yaxşı imkanlar mövcuddur
Siyasət

Azərbaycan və Serbiya parlamentləri arasında münasibətlərin inkişafı üçün yaxşı imkanlar mövcuddur

Parlamentin sədri Sahibə Qafarova Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Serbiya Milli Assambleyasının sədri Vladimir Orliçlə görüşüb.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq, dostluq əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub. Dövlət başçılarımız arasında mövcud olan dostluq əlaqələrinin Serbiya-Azərbaycan münasibətlərinin sürətli inkişafında önəmli rol oynadığı vurğulanıb. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə inkişafına dair geniş əhəmiyyətli müzakirələrin aparıldığı diqqətə çatdırılıb.

Bildirilib ki, Azərbaycan Serbiya ölkələrin ərazi bütövlüyü suverenliyi kimi prinsipial məsələlərdə bir-birini qarşılıqlı şəkildə dəstəkləyir.

Qeyd olunub ki, ölkələrimizin qanunverici orqanları arasında da münasibətlərin inkişafı üçün yaxşı imkanlar mövcuddur. Hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Vurğulanıb ki, parlamentarilərimiz, o cümlədən dostluq qrupları arasında təmasların daha da intensivləşdirilməsi ümumi əlaqələrin dinamikasına müsbət təsir göstərə bilər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.