Sülhsevər siyasətimizin nümayişi
Digər xəbərlər

Sülhsevər siyasətimizin nümayişi

"Respublika Prezidenti İlham Əliyev İtaliyada ölkəmizin sülhsevər siyasətini növbəti dəfə nümayiş etdirdi və işğaldan azad etdiyimiz ərazilərdə aparılan quruculuq işlərini, bütün regionu birləşdirməyə hesablanmış infrastruktur layihələrinə toxunmaqla Qarabağın əsl sahibinin kim olduğunu bir daha göstərdi".

Bu fikri bizimlə söhbətində Milli Məclisin deputatı Novruzəli Aslanov deyib. Deputat dövlətimizin başçısının sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın "İl Sole 24 Ore" qəzetinə verdiyi müsahibədə və ümumiyyətlə, İtaliyaya səfəri zamanı iştirak etdiyi Forumda, keçirdiyi digər görüşlərdə etdiyi çıxışlarda səslənən vacib nüanslara toxundu. Qeyd etdi ki, Brüssel səfərində Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli görüşlərini xatırladan Prezident İlham Əliyev Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüş keçirmək barədə razılığa gəldiklərini, müharibə bitəndən sonra dərhal irəli sürdüyümüz bu təkliflə razılaşmaq üçün Ermənistana təqribən iki il lazım olduğunu yada saldı. Prezident İlham Əliyev vacib bir məqama da toxunaraq qeyd etdi ki, bu işlər yalnız qonşularla bağlılığı təmin etmək üçün görülmür, bu səylər, həmçinin Ermənistan vasitəsilə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin icrasına yönəldilib.

Dövlətimizin başçısının İtaliya səfərində əsas müzakirə edilən məsələlərdən biri də Rusiyanın təbii ehtiyatlarından asılılığına son qoymağa çalışan Avropaya satılan Azərbaycan qazının həcminin artırılması mövzusu olub. Bu məqama toxunan N.Aslanov qeyd etdi ki, Prezident İlham Əliyev avropalı tərəfdaşlara xatırladıb ki, Ukrayna müharibəsindən sonra yaranmış yeni situasiyaya heç kim hazır deyildi və biz təkcə İtaliya vasitəsilə Avropanı deyil, qardaş, Türkiyəni, yaxın qonşumuz Gürcüstanı da qazla təmin edirik. Əgər Avropa Azərbaycandan aldığı qazın həcminin artmasında maraqlıdırsa, texniki imkanların artırılması üçün sərmayə yatırmağa hazır olmalıdır. Prezident İlham Əliyev siyasi uzaqgörənliklə bir mühüm məqamı da qeyd etdi ki, biz nə əvvəllər, nə də indi öz qarşımıza Avropa bazarında Rusiya qazı ilə rəqabətə girmək kimi hədəf qoymamışıq, bizim öz yerimiz var. Bizim regiondakı münasibətlərimiz çox yaxşı balanslaşdırılıb. Azərbaycanın iqtisadiyyatı, qeyri-neft və qeyri-qaz ixracını şaxələndirmək perspektivləri, İtaliya şirkətlərinin Azərbaycanda gerçəkləşdirilən layihələrdə fəal iştirakı, İtaliya-Azərbaycan Universitetinin yaradılmasının əhəmiyyəti barədə də söhbət aparıldı. Dövlətimizin başçısına cavabı diplomatik məharət tələb edən suallar da verildi. Prezident İlham Əliyev siyasi incəliklə vurğuladı ki, əlverişli coğrafi mövqedə olan ölkəmizin üzərindən keçə biləcək nəqliyyat dəhlizlərinin, o cümlədən, Xəzər üzərindən İpək Yolunun gerçəkləşməsi üçün Azərbaycandan daha çox öz resurslarını Avropa bazarlarına çıxarmaq istəyən Çin və Mərkəzi Asiya ökələri təşəbbüskar olmalıdırlar. Eyni zamanda xatırlatdı ki, Azərbaycan öz ərazisindən keçən Cənub-Şimal dəhlizinə heç də Şərq-Qərb dəhlizindən az əhəmiyyət vermir.

İtaliya səfəri ölkəmizin xarici siyasətinin növbəti uğurudur.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".