Rəsmi Paris məğlubiyyətlə barışa bilmir
Siyasət

Rəsmi Paris məğlubiyyətlə barışa bilmir

Fransanın "Le Figaro" nəşri ölkəmizə qarşı növbəti qərəzli məqaləsi ilə gündəmə gəldi.

Maraqlıdır ki, yazıda prezident Emmanuel Makronun uğursuz siyasi gedişləri qeyd olunsa da, postmüharibə dövründəki qərəzin pərdəarxası məqamları, məkrli niyyətlər bir daha ifşa edilib.

Kollektiv Qərb istər 30 ilə yaxın işğal dönəmində, istərsə də 44 günlük Vətən müharibəsi və lokal antiterror tədbirləri zamanı daim "xaç qardaşlığı" prinsipini əsas götürüb. Onlar üçün Ermənistanın "sərhədlərinin müqəddəsliyi" hər şeydən vacibdir. Qüdrətli Azərbaycan dövlətinin haqq işinə kölgə salmaq üçün birləşən qüvvələrin ən böyük amalı da elə budur. Lakin qərəzin gücü bizim qətiyyətimizi aşa bilməz. Məhz "Le Figaro" nəşri istəməsə də, bunu bir daha təsdiqləyir. Məqalədə bildirilir ki, 2022-ci ilin oktyabrında Makron haylara "yardım" etməyi Roma Papası ilə də müzakirə etmək istəyib və özü ilə ermənipərəst yazıçı Silven Tessonu da aparıb. Amma Vatikandan istədiyi dəstəyi ala bilməyib. Bununla yanaşı, nəşr Ermənistanın ən "cana yaxın" dostunun məhz Fransanın olduğunu qeyd edir. Qəzet yazır ki, Makron hayların taleyinə biganə yanaşmayan yeganə liderdir.

Postmüharibə dövründə mövcud natarazlıq Ermənistana havadarlıq edənlərin fonunda daha da intensivləşir. Xüsusilə beynəlxalq hüquq təsisatlarının, qlobal medianın mərkəz nöqtəsi kimi Yelisey sarayının erməni təəssübkeşliyi saxta ictimai rəy formalaşdırılmasına şərait yaradır. Əslində məqalədən də bəlli olduğu kimi, rəsmi Paris məğlubiyyəti boynundan atmaq üçün belə manevrlər edir. "Günahkar" qismində Vatikan və ABŞ-ın adı çəkilir. Lakin həqiqət budur ki, Makron rejiminin timsalında bütün erməni havadarları məhz Azərbaycanın qətiyyətli mövqeyi qarşısında boyun əydi. Məhz cənab Makron siyasi müstəvidə Azərbaycan liderinə - İlham Əliyevə məğlub oldu.

"Le Figaro" nəşrindəki məqalədə hayların Xankəndi və ətraf ərazilərdən öz istəkləri ilə getmələrinə də fərqli don geyindirilib. Bu ritorika əslində lokal antiterror tədbirləri keçiriləndən əvvəl hayların saxta iddiaları arasında idi. Xatırladaq ki, Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından sonra ölkəmizə qarşı qarayaxma kampaniyasının növbəti mərhələsinə start verilmişdi. Yəni anti-Azərbaycan bloku hərbi və diplomatik sferadakı məğlubiyyəti bu yolla ört-basdır etməyə çalışırdı. Paşinyan rejimi Yelisey sarayının saxta tezisləri əsasında təxribat maşınını işə salmışdı. Lakin bu da onları xilas etmədi. Təəssübkeşlərin və hayların beynəlxalq ictimaiyyətin gündəmini zəbt etmiş spekulyasiya və manipulyasiyaları ictimaiyyəti çaşdırırdı. İddia olunurdu ki, guya Azərbaycan beynəlxalq humanitar hüquq qaydalarını pozur, müharibə cinayətləri törədir. Xatırladaq ki, Laçın dövlət sərhədi ətrafında başladılmış "şoular" məhz bu qəbildən idi.

"Humanitar böhran", "soyqırımı", "etnik təmizləmə" yalanları məhz bu dövrdə daha çox intensivləşdi. Elə "Le Figaro" nəşri də bu məsələni növbəti dəfə gündəmə gətirmək istədiyindən məqalədə bu tip qarayaxmalara yer verilib. Halbuki Azərbaycan bütün dövrlərdə olduğu kimi, bu gün də reinteqrasiya çağırışı edir, Ermənistanı təxribat xarakteri daşıyan və vəziyyətin gərginləşməsinə xidmət edən əməllərdən çəkinməyə çağırır. Öz istəkləri ilə ərazini tərk edən haylara görə Azərbaycanı ittiham etmək, bu yolla Ermənistana siyasi və hərbi dəstək göstərməyi legitimləşdirmək qərəzin açıq formasıdır. Şübhəsiz ki, kollektiv Qərbin Cənubi Qafqaz planının uğurla nəticələnməsi üçün erməni təəssübkeşliyi çərçivəsində Azərbaycana qarşı sanksiyalar qəbul etmək, bəyanatlar vermək artıq şablonlaşıb. Ermənistandan istifadə etmək üçün yol Azərbaycana qara yaxmaqdan keçir. Xatırladaq ki, yaranmış vəziyyətin müzakirəsi BMT-nin gündəliyinə çıxarılmışdı. Ermənistanın istəyi ilə keçirilən təcili iclas zamanı isə həqiqət qələbə çaldı. Belə ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın "blokada", "aclıq" yalanlarına təşkilatdakı təmsilçimiz Yaşar Əliyev Xankəndidəki toy mərasimləri və banketlərin fotoları ilə cavab vermişdi. Nəticədə beynəlxalq sferada haylar növbəti dəfə "biabır" olmuşdular.

Digər bir məqam ondan ibarətdir ki, "Le Figaro" nəşri Xankəndi və ətraf ərazilərdən köç edən hayların sayını bilərəkdən şişirdib. Əlbəttə ki, bu da keçmiş sərsəmliyin, böhtanların növbəti fazasıdır. İddia edilir ki, guya bu ərazilərdə 100-120 min erməni yaşayıb və haylar V əsrdən bəri burada mövcuddur. Erməni lobbisinin dəstəyi və Fransanın moderatorluğu ilə qurulan bu təxribatın ana xətti ondan ibarət idi ki, guya Azərbaycan zorla onları öz yurd-yuvalarından qovub. Lakin Laçından keçib gedən ermənilərin verdiyi cavablar videomateriallarda mövcuddur. Sadalananlar əgər anti-Azərbaycan blokunu qane etmirsə daha bir məqamı da qeyd etmək lazımdır. BMT missiyası vəziyyətlə yerində tanış olmaq və sakinlərin humanitar ehtiyaclarını müəyyən etmək məqsədilə bölgəyə ötən ilin oktyabr ayında düz 2 dəfə səfər etmişdir. Hər iki səfərdən sonra BMT müsbət bəyanatlar verərək bölgədə hər hansı zorakılıq və humanitar böhranın olmadığını bildirmişdir.

Cənubi Qafqazda artıq yeni reallıqlar hakimdir və bunun müəllifi qüdrətli Azərbaycan dövlətidir. Mövcud gündəlikdə həqiqəti əks etdirməyən məqalələrə yer verməkdənsə sülh prosesini sürətləndirmək daha məqsədəuyğundur. Fransanın və onun timsalındakı digər təəssübkeşlərin məkrli planları sülhlə üst-üstə düşmür. Bu barədə ölkə başçımız İlham Əliyevin nitqini xatırlatmaq yerinə düşər: "...Ona görə hesab edirəm ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun. Ona görə mən bu mövzuya, ümumiyyətlə çox vaxt ayırmaq istəmirəm, çünki buna dəyməz. Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır...".

Nurlan ABDALOV,

"Respublika".