Azərbaycanın daha bir boksçusu Paris Olimpiadasına lisenziya qazanıb
İdman

Azərbaycanın daha bir boksçusu Paris Olimpiadasına lisenziya qazanıb

Azərbaycan boksçusu Malik Həsənov “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Azərbaycan Boks Federasiyasından "Respublika"ya bildiriblər ki, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü bu uğura Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində nail olub.

Boksçu 1/4 finalda Xose Manuel Viafara (Kolumbiya) ilə qarşılaşıb. Rəqibini 3:2 hesabı ilə məğlub edən Həsənov yarımfinala yüksəlməklə yanaşı, Olimpiadaya lisenziyanı da rəsmiləşdirib.

Bu, boks üzrə Azərbaycan millisinin “Paris-2024”ə əldə etdiyi 4-cü vəsiqə olub. Malik Həsənovadək Nicat Hüseynov (51 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) də eyni nailiyyətə imza atıb.

Qeyd edək ki, Banqkokdakı yarış iyunun 2-də bitəcək. Azərbaycan boksçularından Şamil Əsgərov (57 kiloqram), Alfonso Dominqes (92 kiloqram) və Zeynəb Rəhimova (54 kiloqram) da lisenziya uğrunda mübarizəni davam etdirirlər.