Deputat:
Siyasət

Deputat: "Artıq evin açarları öz əlimizdədir"

Cənubi Qafqazın lider dövləti olan Azərbaycan Vətən müharibəsində qazanılan şanlı Zəfərdən sonra regionda yeni reallıqlar meydana gətirib. 30 illik işğalın başa çatması və ərazi bütövlüyümüzün bərpasından sonra qarşıda duran digər mühüm vəzifə Xankəndində Azərbaycan qanunlarının işləməsidir.

Mövzu ilə bağlı “Respublika” ya açıqlama verən millət vəkili Rasim Musabəyov bildirib ki, dövlətimiz bu bölgədə öz qanunlarını tətbiq etmək istəyindədir və bu tamamilə qanunidir: “Qarabağ ölkəmizin ərazisi olduğundan burada Azərbaycan qanunları işləməlidir. Sadəcə müvəqqəti olaraq həmin ərazilər Rusiya sülhməramlı kontingentin nəzarəti altındadır. Bununla yanaşı, orada Ermənistan ordusunun qalıqları və separatçı rejimin hərbi birləşmələri də fəaliyyət göstərir. Lakin buna baxmayaraq, Azərbaycan öz təsirini və təzyiqini artırır ki, Qarabağda öz qanunlarını tətbiq etsin.”

Deputat həmçinin erməniəsilli vətəndaşların reinteqrasiya prosesinə də fikir bildirib: “Aprelin 23-dən etibarən sərhədçilərimiz Laçın nəzarət-buraxılış məntəqəsini təsis etməklə Azərbaycanın ərazi bütövlüyünü bərpa edib. Hətta belə də deyə bilərik ki, artıq evin açarları öz əlimizdədir. Növbəti addım isə, orada gömrük məntəqəsinin formalaşmasını təmin etmək olacaq. Bundan sonra isə Qarabağın kommunikasiyaları, yəni birinci növbədə Ağdam-Əsgəran yolunun açılması və istifadə olunması əsas məsələdir. Bundan başqa, Qarabağın qaz və elektrik xəttləri Azərbaycan şəbəkəsinə qoşularaq Ermənistandan asılılığı da aradan götürülməlidir. Beləliklə, bu işlər həyata keçsə Bakı addım-addım öz təsir imkanlarını həmin ərazilərdə daha da artıracaq və orada Azərbaycan qanunları tətbiq ediləcək. Təbii ki, buna paralel olaraq Qarabağ ermənilərinin nümayəndələri ilə danışıqlar aparılmalıdır ki, onların Azərbaycan hüquq sisteminə qayıtması hansısa bir hərbi toqquşma həyata keçmədən mümkün olsun” - deyə, Rasim Musabəyov qeyd edib.

Musa Bağırlı,

“Respublika”.