Sülh sazişi imzalanmalıdır
Siyasət

Sülh sazişi imzalanmalıdır

Regionda bunun üçün imkanlar var

"Hazırda regionun sülh gündəliyi üçün çox yaxşı imkanlar var". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Prezidenti Pia Kaumanı qəbul edərkən söyləyib. Dövlət başçısı vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə məhz rəsmi Bakı çıxış edib. Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını dəstəkləyir.

Amma ümumilikdə prosesə nəzər salsaq görərik ki, İrəvanla Bakı arasında ilin birinci yarısında intensivliyi ilə diqqət çəkən sülh danışıqları hazırda demək olar ki, dalana dirənib. Tərəflər arasında sonuncu təmaslar xarici işlər nazirləri səviyyəsində iyulda baş tutub. Ötən həftə isə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistan və Azərbaycanın baş diplomatlarının Moskvada görüşünü təşkil etməyə hazır olduqlarını bildirib. Bununla bağlı hələlik dəqiq tarix olmasa da, bir müddət əvvəl Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, ölkəsi sülh müqaviləsi üzərində işləyir. Görünür, Kreml sülhlə bağlı təkliflərini hazırlayıb və təqdim etmək üçün Ceyhun Bayramov və Ararat Mirzoyanı səfərə dəvət edir. Təbii ki, Şərqi Avropa və Yaxın Şərqdə dayaqları zəifləyən Rusiyanın sülh müqaviləsinin öz platformasında imzalanmasına çalışması təəccüblü deyil. Azərbaycan üçün isə Moskva, Brüssel və ya Vaşinqtonda görüşlərin keçirilməsi prinsipial əhəmiyyət kəsb etmir. Bakı üçün önəmli olan məsələ məkan deyil, iki dövlət arasında münasibətlərin tənzimlənməsi və sülh sazişinin imzalanmasıdır. Bu məqamda bütün diqqətlər Ermənistanın üzərində cəmlənir. Çünki İrəvan Moskva formatı ilə razılaşmır. Məlum məsələdir ki, Paşinyan hökuməti Rusiya Prezidenti Vladimir Putinin həbsini nəzərdə tutan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib. Üstəlik, baş nazir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təlim və toplantılarından imtina edir, MDB çərçivəsində keçirilən görüşlərə qatılmır. Avropada onun üçün qurulan kürsülərdən çıxış edərək Moskvanın uğursuz strateji tərəfdaş olduğunu bəyan edir. Bunlarla yanaşı, Avropa İttifaqının yüksək rütbəli nümayəndələrinin Ermənistanın Rusiyaya qarşı müqavimətini gücləndirəcəklərini deməsi də Mirzoyanın Moskva səfərinin baş tutmayacağına işarə edir.

İndiyə qədərki proseslərə nəzər salanda isə görürük ki, adətən hansısa platformada görüş baş tutmayanda digər blok təşəbbüsü ələ almağa çalışır. Odur ki, Qaluzinin açıqlamasından cəmi bir həftə sonra Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsinin müzakirə olunması təəccüblü deyil. Kollektiv Qərb Cənubi Qafqaza daxil olmaqla, Kremli regiondan sıxışdırıb çıxarmaq istəyir. Ukraynada davam edən müharibə fonunda Qafqaz cəbhəsində də uğursuzluğa düçar olmaq Moskvanın işini xeyli çətinləşdirəcək və nüfuzunu zəiflədəcək. Rusiyanı özünə rəqib görən Avropa isə bunda maraqlıdır. Ona görə də yeni geosiyasi konfiqurasiya yaradaraq Cənubi Qafqazda yeganə hegemon dövlət olmağı hədəfləyir.

Təbii ki, Bakı qərb müstəvisindən imtina etmir və ədalətli sülhə hazır olduğunu deyir. Bu məqamda aydın olur ki, sülh prosesindəki platforma böhranına Ermənistan son qoymalıdır. Paşinyan Administrasiyası möcvud reallıqları qəbul edərək qərar verməli, bu prosesdə təxribatçı addımlardan əl çəkməlidir. Rəsmi İrəvan anlamalıdır ki, qoca qitənin Cənubi Qafqazla bağlı istənilən destruktiv planı ölkəmizin deyil, məhz Paşinyan hökumətinin zərərinə olacaq. Ümumilikdə isə iki ölkə arasında sülh müqaviləsinin ilin sonuna kimi imzalanacağı güman edilsə də, artıq bu, reallıqdan çox uzaq görünür.

Jalə QASIMZADƏ,

"Respublika".