Milli Məclis: 2024-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb
Siyasət

Milli Məclis: 2024-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb

Noyabrın 13-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

İclasda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.

İclası açan Milli Məclisin sədri bildirib ki, gündəlikdə 14 məsələ var, onlardan 12-si dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələridir. Bu qanun layihələrinin hamısı birinci oxunuşda müzakirə ediləcək. Beləliklə, gündəliyin birinci məsələsi Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında qanun layihəsidir.

Parlamentin sədri diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə təşəkkül tapmış makroiqtisadi sabitliyi və maliyyə dayanıqlığını daha da möhkəmləndirməyə, iqtisadi inkişaf və təhlükəsizlik sahəsində dövlət siyasətinin prioritetlərini və məqsədlərini əldə etməyə imkan yaradıb. Bu gün Milli Məclisdə müzakirəsinə başladığımız dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər ölkə həyatında müşahidə olunan müsbət meyilləri əks etdirir. Məmnunluqla qeyd edilməlidir ki, dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri ildən-ilə artırılır. Gələn il bu göstəricilərin rekord həcmdə olması dövlətimizin artan iqtisadi potensialının təzahürüdür.

Milli Məclisin sədri qeyd edib ki, dövlət büdcəsinin layihəsi müasir dövrün çağırışları nəzərə alınmaqla tərtib edilib. Büdcənin sosialyönümlü olmasına xüsusi diqqət yetirilib. Belə ki, gələn il sosialyönümlü xərclərin cari ilə nisbətən 1 milyard 35 milyon manat və ya 7 faiz çox olması nəzərdə tutulur. Dövlət büdcəsinin digər prioritetləri sırasında təhsil, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, müdafiə potensialının gücləndirilməsi və Silahlı Qüvvələrin maddi-texniki təminatı da vardır.

Həmçinin sahibkarlığın inkişafına rəvac verilməsi, ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin, nəqliyyat, sənaye, energetika və digər sahələrdə infrastruktur layihələrinin dəstəklənməsi diqqət mərkəzində saxlanacaq. Sahibə Qafarova gələn ilin dövlət büdcəsinin icrası üçün Azərbaycan hökumətinin həyata keçirəcəyi tədbirlərin Prezident tərəfindən müəyyən edilmiş hədəflərin əldə olunmasına, o cümlədən Azərbaycan iqtisadiyyatının davamlı inkişafına, nəzərdə tutulan dövlət proqramlarının və strategiyalarının reallaşmasına zəmin yaradacağına inamını ifadə edib.

Parlamentin sədri deyib ki, 2024-cü ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin iclaslarında geniş müzakirə olunub və Milli Məclisin plenar iclasına tövsiyə edilib. Hesablama Palatası da büdcə zərfi barəsində müsbət rəyini bildirib.

Milli Məclisin sədri aparılacaq müzakirələrin səmərəli olacağına əminliyini bildirib.

Müzakirələrdə deputatlar gələn ilin dövlət büdcəsini tariximizin ən şərəfli dövründə hazırlanmış büdcə kimi xarakterizə edərək sənədin Azərbaycan reallıqlarına, qarşıya qoyulmuş hədəflərə, müasir çağırışlara uyğun olduğunu vurğulayıblar. Onlar müzakirə edilən büdcə layihəsinin parametrləri, proqnoz göstəriciləri, gəlirləri, xərc istiqamətləri, büdcə vəsaitlərinin icrasında şəffaflığın artırılması, istehsal sahələrinin, iş yerlərinin açılması, regionların iqtisadi inkişafı, bölgələrin iqtisadi tərəqqisi kimi məsələlərlə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.

Bununla da Milli Məclisin iclası başa çatıb.

2024-cü ilin dövlət büdcəsi layihəsinin müzakirələri bu gün davam etdiriləcək.

“Respublika”.