Sülh müqaviləsi Ermənistana daha çox lazımdır
Siyasət

Sülh müqaviləsi Ermənistana daha çox lazımdır

Ermənistan rəhbərliyinin son bəyanatları bu ölkənin sülh prosesinə zərbə vurmağa çalışdığını göstərir. Bu, xüsusilə Münxendə keçirilən görüşlər çərçivəsində danışıqlar prosesindən tamamilə uzaqlaşdırılan Fransanın davranışlarında da özünü büruzə verdi. Almaniyanın təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan liderlərinin görüşü Fransanın Almaniyanı öz siyasətinə alət etmək cəhdini iflasa uğratdı.

Azərbaycan rəhbərliyinin ABŞ Dövlət katibi Antoni Blinkenlə keçirdiyi görüş Fransanın ABŞ-ı da özünün dağıdıcı fəaliyyətinə alət edə bilməməsini göstərməklə Azərbaycan diplomatiyasının Makron üzərində növbəti qələbəsi idi. Bütün bunlara qısqanclıq və qəzəblə yanaşan Makron Paşinyanı Parisə dəvət etdi. Bunun ardınca regionda gərginliyi artıracaq bəyanatlar verildi və Ermənistanın silahlandırılması məsələsi elan edildi. Buradan da aydın olur ki, Ermənistan Makronun son təxribatlarına rəvac verməklə danışıqlar prosesinə ciddi şəkildə zərbə vurdu. Bir müddət əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan da etiraf etmişdi ki, "Fransa Ermənistana yardımlarını əvəzsiz, ermənilərin qara qaşına-gözünə görə etmir". Demək ki, bunları İrəvan rəhbərliyində anlayanlar var. Yəni Paşinyan hökuməti hələ də öz xalqının maraqlarına uyğun siyasət yeridə bilmir.

Görünən odur ki, Ermənistan rəhbərliyi ona illüziyalar və boş vədlər verən kənar qüvvələrin forpostu olmaq vərdişindən yaxa qurtarmağı bacarmır, öz imkanlarını və gücünü düzgün hesablayan dövlətə çevrilə bilmir. Ötən dövrdə Azərbaycan Ermənistanın illüziyalarını alt-üst etsə də, bu ölkə hələ də regionun inkişafının və rifahının məhz qonşularla normal münasibətlərdən keçdiyi həqiqətini anlaya bilmir. Məhz bunları nəzərə alaraq ölkə başçısı Xocalıda sonuncu çıxışında Ermənistan rəhbərliyini onun-bunun qucağına sığınmamağa və yeni sahiblər axtarmamağa, əvəzində Azərbaycanın bütün şərtlərini qəbul etməyə çağırdı. Prezident İlham Əliyev bu cür çağırışı Ermənistan rəhbərliyinə dəfələrlə edib. Xüsusilə, 2023-cü ildə antiterror tədbirlərindən sonra sentyabrın 20-də ölkə başçımız tarixi müraciətində Ermənistanı regionumuzu xarici qüvvələrin mübarizə meydanına çevirməməyə çağıraraq, bölgə xalqlarının rifahının və inkişafının regionda sülhdən və əməkdaşlıqdan keçdiyini bildirmişdi.

Təəssüflər olsun ki, Prezident İlham Əliyevin bu cür çağırışları və xəbərdarlıqlarından Ermənistan tərəfi düzgün nəticə çıxara bilmir. Buna baxmayaraq, Azərbaycan tərəfi hər dəfə diplomatik vasitələrdən istifadə etməyə hazır olduğunu göstərməklə, bölgədə bütün mübahisələrin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu sübut etmişdir. Xarici işlər nazirlərinin sülh müqaviləsinin şərtlərinin müzakirəsi üçün növbəti görüşünün keçirilməsi ölkəmizin Ermənistanın son təxribatçı bəyanatlarına baxmayaraq, mübahisələrin dinc yolla həll edilməsində maraqlı olduğunu göstərir. Heç kimə sirr deyil ki, sülh, ilk növbədə, Ermənistana lazımdır.           

Fuad ÇIRAQOV,

Cənubi Qafqaz

Tədqiqatlar Mərkəzinin

direktor müavini.