Sui-istifadə halları sülhü gecikdirir
Gündəm

Sui-istifadə halları sülhü gecikdirir

"Beləliklə, 30 il davam etmiş qanlı münaqişədən sonra Ermənistanla Azərbaycan arasında yaxşı qonşuluq münasibətləri qurmaq üçün tarixi imkanın yarandığı hazırkı həlledici məqamda bütün beynəlxalq ictimaiyyət, o cümlədən Təhlükəsizlik Şurası tərəfindən Ermənistanın destruktiv hərəkətləri ilə bağlı risklər və təhdidlərin adekvat şəkildə dərk edilməsi və Ermənistanın beynəlxalq hüquqazidd əməllərini ört-basdır etmək üçün Təhlükəsizlik Şurasından sui-istifadə etmək cəhdlərinin qəti şəkildə rədd edilməsi olduqca vacibdir". Bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

O bildirib ki, erməni əsilli sakinlərlə Azərbaycanın mərkəzi hökumət rəsmiləri arasında birbaşa dialoqla müşayiət olunan tərk-silah və demilitarizasiyanın praktiki icrasına başlandığı bir vaxtda beynəlxalq ictimaiyyət tərəfindən hazırkı vəziyyətin nəzərdən keçirilməsi aktuallıq və faydalılıq baxımından mövcud reallıqlara uyğun olmalıdır. Belə ki, verilən qərarlar və atılan addımlar mütləq şəkildə məhdud siyasi mülahizələr və ya lobbiçilikdən kənar aparılmalıdır. Əks təqdirdə bu, tamamilə qeyri-məhsuldar və faydasız hesab edilir və diqqəti real normallaşma prosesindən yayındıra bilər.

Təəssüf ki, Ermənistan hakimiyyəti BMT TŞ-dən dəfələrlə sui-istifadə etməyə çalışıb. Bir neçə dəfə Şuranı siyasi, hərbi və informasiya yönümlü manipulyasiya üçün alətə çevirməyə cəhd göstərib. Həmçinin hakimiyyət 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinə və qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayıb. Avqustun 23-də Ermənistanın BMT yanındakı daimi nümayəndəliyi təşkilatın mənzil-qərargahında üzv ölkələrin əksəriyyətindən gizli iclas keçirib. Məqsədi Laçın yolu ətrafında vəziyyəti təhrif etmək və dezinformasiya yaymaq olan Ermənistan hakimiyyəti BMT-nin ənənəsini kobud surətdə pozub. Tamamilə gizli formada keçirilən iclasda qapılar digər üzvlərin üzünə bağlanıb, hətta qapıya mühafizə də qoyublar ki, çirkin niyyətlərini daha "yaxşı" icra etsinlər. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatında bildirilib ki, son üç il ərzində Ermənistanın Laçın yolundan geniş miqyasda sui-istifadə etməsi halları Azərbaycanın öz sərhədində təhlükəsizlik və asayişi təmin etmək məqsədilə sərhəd-nəzarət-buraxılış məntəqəsinin təsis olunması üçün legitim və hüquqi tədbirlər görməsini zəruri edib: "Ermənistanın bu səyləri "blokada" kimi təqdim etməyə çalışmasına, nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması barədə qərar qəbul etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsinə baxmayaraq, məhkəmə 6 iyul tarixli qərarında bu tələbi yekdilliklə rədd edib".

Ermənistan hakimiyyəti ötən il də Təhlükəsizlik Şurasından istifadə etməyə cəhd edib. Belə ki, Ermənistan və bəzi Şura üzvləri Qarabağı "Dağlıq Qarabağ" adlandırıblar. Buna qarşılıq olaraq Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışında bildirib ki, Qarabağ Azərbaycanın 30 ilə yaxın müddətdə qanunsuz erməni işğalı altında olan beynəlxalq səviyyədə tanınmış suveren regionudur və bu Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində ardıcıl olaraq bir daha təsdiq edilib: "Azərbaycanın bu ərazisinin hüquqi adı hazırda Qarabağ iqtisadi rayonu və ya qısaca ekvivalenti ilə Qarabağ regionudur".

Bu kimi addımların arxasında şübhəsiz ki, erməni lobbisi dayanır. Qeyd edək ki, dünyada 600 min nəfərə yaxın ən böyük üçüncü erməni icması Fransadadır. Belə olduqda ilk olaraq Avropa Parlamenti yada düşür. Belə ki, Avropa Parlamentinin parlamentariləri erməni lobbisindən aldıqları pullar müqabilində Azərbaycan əleyhinə danışırlar. Parlamentdə tərkibində yüzlərlə erməni və onların "dostları" təmsil olunur. Bununla yanaşı, parlamentin üzvü olmayan kənar erməni qüvvələr də, rüşvət verməkdə fəallıq göstərirlər. Bunların arasında Belçikada erməni mafiyasının əsas siması Kaspar Karampetyan, erməni əsilli oliqarx Vartan Sirmakes də var. Hər ikisi mütəmadi şəkildə Avropa Parlamentinə külli miqdarda rüşvət verib və öz korrupsiyalarını ört-basdır edib. K. Karampetyan "Ədalət və Demokratiya Naminə Ümumavropa Erməni Federasiyası" adlı təşkilatın prezidentidir. Həmçinin qeyri-leqal bizneslə yanaşı, almaz qaçaqmalçılığı da edir. V.Sirmakes isə torpaqlarımız işğal altında olan dövrlərdə Qarabağda bank sektoru, kənd təsərrüfatı, mədən sənayesi kimi müxtəlif sahələrdə tamamilə qanunsuz biznes fəaliyyətləri ilə məşğul olub. Sirmakes bir çox Avropa təşkilatlarına rüşvət verərək onları ermənipərəst mövqe nümayiş etdirməyə vadar edib. Bunlardan biri də "Ermənistanın Avropa Dostları" (EuFoA) təşkilatıdır. Təşkilatın əsas məqsədi Avropanın səlahiyyətli və vacib qərarlar qəbul edən şəxsləri ilə Ermənistan və qondarma qurum arasında əlaqələr yaratmaqdır. Erməni mafiyasının və oliqarxların verdiyi rüşvətlət nəticəsində Avropa Parlamentinin bəzi deputatları Azərbaycan əleyhinə qərəzli fəaliyyətləri ilə seçilirlər. Ölkəmizə qarşı əsassız bəyannamələr, sənədlər qəbul etməklə yanaşı, Ermənistanı dəstəkləmələrinin səbəbi bir-bir aydın olmağa başlayır.

Bu gün Azərbaycan öz həqiqətlərini ortaya qoyub. Nə separatçı qüvvələr, nə də xarici diasporlar bizi haqq yolumuzdan döndərə bilməz. Prezident İlham Əliyev bu günlərdə xalqa müraciəti zamanı bildirib ki, Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb.

Nəhayət ki, Ermənistan hakimiyyəti yavaş-yavaş da olsa, reallığı qəbul etməyə başlayıb. Bu gün Qarabağda yaşayan yüzlərlə erməni qaynar xətlərə zəng edərək, Azərbaycan vətəndaşlığı almaq istədiyini bildirir. Ermənistan hakimiyyəti də bunu anlayır və əhalisi ilə yanaşı, dövləti üçün də ən yaxşısının Azərbaycanla sülhə getmək olduğunu dərk etməyə başlayır. Tək çıxış yolu sui-istifadə hallarına yol vermədən razılığa gəlməkdir.

 

Töhfə SƏMƏDOVA,

"Respublika".