Komitə sədri: Faktlar göstərir ki, havanın çirkləndirilməsinin 80 faizi məhz avtomobillərin payına düşür
Gündəm

Komitə sədri: Faktlar göstərir ki, havanın çirkləndirilməsinin 80 faizi məhz avtomobillərin payına düşür

Faktlar göstərir ki, havanın çirkləndirilməsinin 80 faizi məhz avtomobillərin payına düşür.

"Respublika" xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda ictimai dinləmədə söyləyib.

Komitə sədri bildirib ki, məqsəd nəqliyyat sahəsində göstərilən xidmətin keyfiyyətini artırmaqdır. Müasir böyük şəhərdə əsas vəzifələrdən biri nəqliyyat axınlarının idarə edilməsidir. Məhz buna görə də əsas çağırış şəhər nəqliyyatı deyil, şəhər mobilliyi və ya hərəkətliliyidir.

Statistikaya nəzər salan T.Mirkişili bildirib ki, 2023-cü ildə ölkəyə 96 min avtomobil idxal edilib və bunun üçün xaricə 1, 7 milyard dollar vəsait ödənilib. 2022-ci ilə nisbətən bu rəqəm 28,7 faiz artıb ki, bu da 21 min 400 avtomobil deməkdir.

“Avtomobillə səyahət artıq işə gedib-gəlməyin gündəlik yolu olmamalıdır. Bunun üçün, eyni zamanda, ictimai nəqliyyatın cəlbediciliyini artırmaq, iqtisadi, infrastruktur və inzibati üsullardan, yəni, pullu dayanacaq, şəhərin mərkəzi ərazilərinə ödənişli giriş, piyada zonalarının yaradılması və sair istifadə etmək lazımdır. Bundan əlavə, piyada və velosiped də daxil olmaqla, alternativ nəqliyyat növlərindən istifadəni genişləndirmək lazımdır”, - deyə komitə sədri diqqətə çatdırıb.