Su qıtlığı ciddi problemdir
Ekologiya

Su qıtlığı ciddi problemdir

Uzunmüddətli quraqlıq rütubət çatışmazlığı yaratdığına görə meşə və su ehtiyatlarının azalmasına səbəb olan ciddi ekoloji problemdir. Bu qıtlığın yaranması tələbatın şirin su resursları tərəfindən qarşılanmamasıdır.

Yer kürəsindəki su ehtiyatlarının 3 faizi içməyə yararlıdır. Su böhranı illərdir ki, Dünya İqtisadi Forumunun Qlobal Risklər siyahısında ilk beşliyə daxil edilir. Azərbaycan şirin su ehtiyatları məhdud olan ölkələr sırasındadır. Bu baxımdan, ölkənin şirin su ehtiyatlarının 67 faizi respublikanın sərhədlərindən kənarda formalaşır. Qonşu ölkələrin transsərhəd çaylarından daha çox istifadə edilməsi və su mənbələrinin çirklənməsi hər birimizin həyatına əsaslı təsir göstərir. Son illər Kür, Araz, Samur və Qanıx çaylarında suyun azalması ölkəmiz üçün ciddi problemdir. Statistikaya görə, ölkəmizdə 2022-ci ildə yerüstü su ehtiyatları 17 milyard kubmetr olub. 1960-1990-cı illər Azərbaycanın daha çox sululuq dövrü hesab olunur. Bu illəri indiki dövrlə müqayisə etsək su ehtiyatları 43 faiz azdır. Son 30 ildə Xəzər dənizinin səviyyəsi 2 metr aşağı düşüb ki, bunun da 1,5 metri son beş ilə təsadüf edir. Azərbaycan ərazisinin 15 faizi yüksək quraqlıq riski altındadır. İqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarının azaldığı müşahidə olunur. Dəyişən iqlim şəraitinə görə bərpaolunan şirin su ehtiyatları ildən-ilə ciddi şəkildə azalır. Bərpaolunan şirin su ehtiyatları 29-32 faiz arasında dəyişir. Belə yüksək dərəcədə fərqlənmələr ölkə boyunca su ehtiyatlarının idarə olunmasında uyğunsuzluqlar və risklər əmələ gətirir.

Hazırda ölkəmizdə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır. Bu layihə həyata keçiriləndən sonra Xəzər dənizinin suyundan həm suvarma üçün, həm də içməli su kimi istifadə ediləcək. Ölkə ərazisində quraqlıqların yaranması kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinə ciddi ziyan vurur. Son yeddi ildə yağıntıların miqdarı azaldığına görə ölkədə quraqlıq müşahidə edilsə də, yanvar ayından bu hal dəyişib. Ölkəmizdə daşqınlar baş verir, sahələri sel aparır, subasma halları artır. Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov son illər qlobal iqlim dəyişmələrinin nəticələrinin Azərbaycanda da getdikcə daha çox hiss edildiyi, təbiət hadisələrinin, o cümlədən hidrometeoroloji hadisələrin sayının artdığını bildirib. Xidmət rəisinin sözlərinə görə, 2022-ci ilin may ayında 17 dolu hadisəsi qeydə alındığı halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 39-a, 2024-cü ilin may ayında isə 147-yə yüksəlib. Eləcə də 2021-ci ildə ölkə ərazisində 50, ötən ildə 147 sel-subasma hadisəsi qeydə alınıb.

Kür və Araz çayları Azərbaycana axan, eyni zamanda ölkənin ümumi su balansında mühüm rol oynayan böyük çaylardır. Son günlər müşahidə olunan intensiv yağışlar Kür çayının Tovuz rayonundan keçən hissəsində suyun səviyyəsini artırıb. Hazırda Qarabağ və Şərqi Zəngəzurda su kəmərləri, içməli su, o cümlədən suvarma ilə bağlı layihələr həyata keçirilir.

Jalə QƏHRƏMANOVA,

"Respublika".