Azərbaycan QHT-ləri ilk dəfə Afrikada ağacəkmə aksiyasında iştirak edib
Ekologiya

Azərbaycan QHT-ləri ilk dəfə Afrikada ağacəkmə aksiyasında iştirak edib

Keniyada Milli Ağacəkmə Günündə bir müddət əvvəl ölkədə baş vermiş təbii fəlakət - kəskin yağıntılar nəticəsində həyatını itirmiş yüzlərlə keniyalının xatirəsinə təşkil olunan ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında Azərbaycan QHT-ləri də fəal iştirak ediblər.

Bu barədə verilən məlumata görə, COP29 Təşkilat Komitəsinin üzvü, "Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva Keniyada baş vermiş təbiət hadisəsinin qlobal iqlim dəyişmələrinin fəsadlarını aydın şəkildə nümayiş etdirdiyini vurğulayıb.

"Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili"dir, bu aksiyada iştirak Azərbaycanın həm də yaşıl dünya üçün qlobal mübarizəsinin bir rəmzi kimi qəbul oluna bilər". Bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, "Sudan İstifadə Sahəsində Mütəxəssislər" İctimai Birliyinin sədr müavini Amin Məmmədov bildirib.

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədr müavini Roza Səfixanlı təhlükəsiz dünyanın hamı üçün vacib olduğunu diqqətə çatdırıb.

"Azərbaycan gəncləri də yaşıl dünya üçün çalışır, bu ağacəkmə aksiyasında iştirak etməklə keniyalı həmkarları ilə həmrəylik nümayiş etdirirlər", - deyə Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Rəfael Hacıbəyli vurğulayıb.

Qeyd edək ki, Azərbaycandan getmiş bir qrup QHT nümayəndələri Keniyada BMT-nin Vətəndaş Cəmiyyəti Konfransında fəal iştirak edir. Bu günlərdə ilk dəfə olaraq Nayrobidə Azərbaycan və Keniya QHT-ləri arasında tanışlıq görüşü təşkil olunaraq, əməkdaşlıq imkanları geniş müzakirə edilib.

“Respublika”.