Azərbaycan yaşıl dünya uğrunda öncüllərdəndir
Ekologiya

Azərbaycan yaşıl dünya uğrunda öncüllərdəndir

Dünyada get-gedə yaşıl enerjiyə maraq artır. Qlobal iqlim krizisi kontekstində Azərbaycanın COP29-a ev sahibliyi etməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın külək, günəş və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə dair öhdəliklərini, "yaşıl enerji" infrastruktur layihələrini uğurla yerinə yetirməsi ölkəmizin iqlim dəyişmələri probleminin həllinə yönəlmiş qətiyyətli fəaliyyətinin sübutudur.

Bu gün Yer kürəsində iqlim dəyişmələri bütün sahələrə mənfi təsir göstərir. Hətta bir çox bölgədə təbii fəlakətlər baş verir. Rusiya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan bu gün daşqınlarla mübarizə aparır. Göründüyü kimi, sel, yağış, daşqınlar, yaxud həddindən artıq güclü külək getdikcə artır. Azərbaycan da iqlim dəyişməsi ilə bağlı problem  yaşayan ölkələrdəndir. İqlim problemləri ilə mübarizə istiqamətində dövlət səviyyəsində işlər görülür. Ölkəmizdə bu gün yaşıl iqtisadiyyatı, yaşıl energetikanı əhatə edən böyük layihələr həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi tarixi əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın ekoloji problemlərin həllində fəal mövqeyini əks etdirir. Həmçinin Azərbaycanın yaşıl enerjiyə keçid istiqamətində uzunmüddətli və məqsədyönlü siyasəti mühüm əhəmiyyət daşıyır.

Ölkəmiz Paris Sazişi çərçivəsində müasir texnologiyalara əlçatanlığın təmin edilməsi və Konvensiyanın müvafiq mexanizmlərinin, həmçinin maliyyə institutlarının dəstəyi olacağı təqdirdə 2050-ci ilə emissiyaların səviyyəsində 40 faiz azaldılma hədəfini bəyan edib. Statistik məlumatlar da göstərir ki, ölkəmizdə sənaye zonalarının yaradılması, sənaye parkları, məhəllələri və aqroparklar sahəsində idarəetmənin təkmilləşdirilməsi, yeni sənaye müəssisələrinin yaradılması zamanı yüksək ekoloji tələblərə cavab verən texnologiyaların istifadəsi və müəssisələrin modernləşdirilməsi nəticəsində sənaye sektorundan istixana effektili qaz tullantılarının atılması nisbətən azalıb. Hidrometeroloji məlumatların avtomatlaşdırılması, elektron məlumat bazasının yaradılması nəticəsində ölkədə təhlükəli hidrometeoroloji hadisələrə qarşı dayanıqlılığı təmin etmək məqsədilə erkən xəbərdarlıq sistemi təkmilləşdirilib. Hidrometeoroloji proseslərin və onlarla əlaqədar olan atmosfer hadisələrinin real vaxt rejimində aşkarlanması məqsədilə 2 regionda Dopler hava radarları qurularaq istifadəyə verilib və yeni nəsil avtomat hidroloji, meteoroloji və Xəzər dənizində avtomat dəniz stansiyaları quraşdırılıb.

Azərbaycan yaşıl enerji təşəbbüslərinin gerçəkləşməsində beynəlxalq təşkilatlar, hökumət və sənaye tərəfdaşları ilə birlikdə çalışır, fikir mübadiləsi aparır. Hazırda Fransanın "TotalEnergies" şirkəti ilə 250 MVt gücündə, "Nobel Energy" şirkəti ilə isə 400 MVt gücündə günəş elektrik stansiyalarının inşası və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əməkdaşlıq edilir. Həmçinin 2020-ci ildən Birləşmiş Ərəb Əmirliklərinin "Masdar", Səudiyyə Ərəbistanının "ACWA Power", Böyük Britaniyanın BP, Avstraliyanın "Fortescue Future Industries", Çinin "China Gezhouba Group Overseas Investment", "Total Energies", ABŞ-ın "Nobel Energy", Çex Respublikasının "A-Z Czech Engineering" və Türkiyənin "Baltech" şirkətləri ilə bərpaolunan enerji layihələri üzrə ortaq çalışmalar davam edir. Bütün bunlar Azərbaycanın yaşıl enerjiyə keçiddə  əldə etdiyi nailiyyətlərin göstəricisidir.

Dövlət başçısı İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan yüksək sosial-iqtisadi inkişafa doğru addımlayır. Uğurlu xarici siyasət sayəsində ictimai-siyasi sabitlik möhkəmlənir, ölkəmizin beynəlxalq səviyyədə nüfuzu artır.  Bu da ölkəmizin COP29 kimi qlobal xarakterli mötəbər tədbiri yüksək səviyyədə təşkil etmək potensialına malik olduğunu bir daha sübut edir.

Dünya iqlim dəyişmələrinin təsirləri ilə mübarizə apararkən Azərbaycan COP29-a ev sahibliyi etməklə humanitar tədbirlərdə öncül yer alır. Bu yaxınlarda COP29-un baş qərargahında  təşkil olunan mətbuat konfransında ölkəmizin həyata keçirdiyi işlər müzakirə edilib. Azərbaycanın rolu sadəcə ev sahibliyi etməkdən kənara çıxır və ölkəmiz konfrans zamanı danışıqlara fəal rəhbərlik edəcək. Bu o deməkdir ki, noyabrda Bakı dünyanın diqqət mərkəzinə çevriləcək.

Azərbaycanın daha davamlı gələcəyə doğru addımları onun "yaşıl enerji"dən istifadə öhdəliyinə əsaslanır. Ölkəmiz artıq qlobal ekoloji böhrana qarşı mübarizəyə başlayıb. Qarşıdan gələn COP29 Azərbaycan üçün öz nailiyyətlərini nümayiş etdirmək və ətraf mühitin mühafizəsi üzrə öhdəliklərini  yerinə yetirmək üçün platforma rolunu oynayır. Beynəlxalq birliyin etibarlı və məsuliyyətli üzvü kimi Azərbaycanın "yaşıl enerji"nin və davamlılığın təşviqində göstərdiyi səylər təqdirəlayiqdir. Ölkəmizin COP29-a verdiyi töhfələr nəinki konfransın uğurunu artıracaq, həm də digər ölkələr üçün nümunə olacaq.

Nurcan SÜLEYMANOVA,

"Respublika".