Davamlı inkişaf üçün qlobal həllər
Ekologiya

Davamlı inkişaf üçün qlobal həllər

İqlim dəyişmələri dünyanı narahat edən başlıca problemlərdəndir. BMT-nin 9 avqust 2021-ci ildə təqdim etdiyi hesabatda da sözügedən problemin yaxın onilliklərdə artacağı, kənd təsərrüfatı və səhiyyəyə mənfi təsir edəcəyi ehtimal olunur. Qlobal istiləşmənin fəsadları isə artıq özünü büruzə verməyə başlayıb.

Belə ki, son 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlib. Ehtimal olunur ki, planetimizdə temperatur bu templə yüksəlməyə davam etsə, 2050-ci ilə qədər hərarət 2-2,5, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər. Temperaturun artması daha çox antropogen amillərlə əlaqələndirilir. Bu amillərin əsasını istilik effekti yaradan qazlar: karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələr təşkil edir. Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanlar, çovğunlar daha da intensivləşib, isti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda sel, daşqın hadisələri tez-tez baş verir. Məsələn, okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər qızırdısa, indi 2000 metr dərinliyə qədər gedib çatır. Bu da isti axınların daha da artması ilə nəticələnir. Bu baxımdan, dünyanın əksər ölkələri iqlim dəyişmələri ilə mübarizəni əsas prioritet kimi müəyyənləşdiriblər.

Azərbaycan qlobal səviyyədə iqlim dəyişmələrinə qarşı mübarizəyə dəstək göstərən dövlətlər arasında ön sıralardadır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bundan başqa, respublikamız "yaşıl enerji"yə keçid prosesi sahəsində mühüm uğurlara imza atır. İstər regional səviyyədə, istərsə də beynəlxalq miqyasda baş tutan tədbirlərdə rəsmi Bakının iqlim dəyişmələri ilə mübarizəsi yüksək qiymətləndirilir. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını prioritet kimi müəyyənləşdirib. Eyni zamanda ölkəmiz bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik dövlətlərdən hesab olunur ki, bu da respublikamıza olan etimadı daha da artırır. Azərbaycanda bərpaolunan enerji istehsalı siyasətinin əsası Prezident İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" ilə qoyulub. Azərbaycanın "yaşıl enerji"yə verdiyi önəmi Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı imzalanmış müqavilələr bir daha sübut edir.

Dünyanın nüfuzlu tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ölkəmizin ev sahibi seçilməsi Azərbaycanın iqlim dəyişmələri ilə mübarizəsinin dünya ictimaiyyətinin diqqət mərkəzində olduğunun təzahürüdür. Bu, eyni zamanda regionda yaranmış yeni reallığın beynəlxalq birlik tərəfindən etirafı anlamına da gəlir.

Məlum olduğu kimi, işğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ torpaqları "yaşıl enerji zonası" elan edilib. Bu ərazilərin 2050-ci ilədək "netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulub. Nüfuzlu ölkələrin dünya liderlərinin, həmçinin bərpaolunan enerji üzrə mütəxəssislərin Bakıda toplanması "yaşıl enerji" sahəsində yeni təşəbbüslərin irəli sürülməsinə şərait yaradacaq. Artıq tədbirlə bağlı hazırlıq işlərinə start verilib. Aprelin 15-də COP29-un baş qərargahında ilk mətbuat konfransı baş tutub. İclas çərçivəsində COP29-un loqosu beynəlxalq ictimaiyyətə təqdim edilib. Tədbirin Bakı Olimpiya Stadionunda keçirilməsi qərarlaşdırılıb. Bununla yanaşı, iyunun 7-də Almaniyanın Bonn şəhərində Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a hazırlıqla bağlı müvafiq sənədlərin imzalanması mərasimi keçirilib. Mərasimdə COP29-un prezidenti Muxtar Babayev və Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still iştirak ediblər. Daha sonra tərəflər arasında Azərbaycanı COP29-un ev sahibi kimi statusunu təsdiqləyən məktub mübadiləsi aparılıb. Hazırda tədbir yerinin hazırlanması, iştirakçıların yerləşdirilməsi, təhlükəsizlik, protokol və s. kompleks məsələlər üzərində böyük komanda şəklində iş görülür. Azərbaycanın bundan öncəki bütün beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi BMT-nin ən böyük miqyaslı tədbirlərindən olan COP29-un da dünyaya səs salacağını söyləməyə əsas verir. COP29-a ev sahibliyi ölkəmizin bərpaolunan enerji, eləcə də bütün sahələrdəki tərəqqisini dünya ictimaiyyətinə nümayiş etdirəcək.

Nəzrin ELDARQIZI,

"Respublika".