Şamil Ramazanov
Sosial həyat

Şamil Ramazanov

Azərbaycan müstəqillik əldə etdikdən sonra xarici və daxili düşmənlər birləşərək, ölkədə bir neçə dəfə dövlət çevrilişinə cəhd etmişdilər. 1995-ci il mart hadisəsi bunların içində ən təhlükəlisi olmaqla, dövlətçiliyimizə qarşı yönəldilmiş bir qəsd idi. Azərbaycan təhlükəli anlar yaşayırdı. Xalq həyəcan içində olsa da  Milli Ordumuz dövlət çevrilişinin qarşısını qəhrəmanlıqla aldı.

Müstəqilliyimizin bərpası və onun qorunub saxlanılması, torpaqlarımızın bütövlüyü, toxunulmazlığı uğrunda xalqımızın igid övladları canlarından keçmişlər. O illər müstəqilliyimizin itirilməsi üçün tək xaricdən yox, daxildən də canfəşanlıq edənlər çox idi. Bir   tərəfdən   erməni-faşist   daşnaklarının   işğalçılıq üzərində qurulmuş təcavüzkar siyasəti, digər tərəfdən də dövlətçiliyimizi parçalamağa cəhdlər göstərən xarici qüvvələrin məkrli planları, bir yandan da şəxsi mənafeləri və hərislikləri ilə onlara qoşulan, dedikləri ilə oturub-duran yerli cinayətkar ünsürlərin özbaşınalığı müstəqilliyimizi ciddi təhlükə qarşısında qoyurdu. Ulu öndər Heydər Əliyev 1995-ci il  martın 15-də Azərbaycan dövlət  televiziyası və radiosu  ilə  xalqa etdiyi tarixi  müraciətində demişdir: "Müstəqilliyimizə qarşı olan təzyiqlər təkcə ayrı-ayrı dairələrin təzyiqləri deyil. Təəssüf ki, Azərbaycanın öz içərisindən çıxan adamların, vəzifə hərislərinin də dövlət müstəqilliyimizə zərbə vurmaq cəhdlərinin şahidlərisiniz".

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda döyüşlərdə adını şanlı qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazan Azərbaycanın Milli Qəhrəmanı Ramazanov Şamil Ağasəf oğlunun da göstərdiyi igidliklər heç vaxt unudulmayacaq. Onun qısa, lakin şərəfli ömür yolu gələcək nəsillərə nümunə göstəriləcək. Şücaətləri, igidlikləri dillərdə gəzən qəhrəmanların hər birinin gənclərin vətənpərvər ruhda böyüməsində bilavasitə böyük rolu var. Çünki bugünkü gənclər hansısa film qəhrəmanlarının deyil, şücaəti dildən-dilə düşən əsl qəhrəmanların yolunu örnək götürürlər. Bu vətənin belə  qəhrəmanları isə olduqca çoxdur. 

Şamil 1976-cı il yanvarın 19-da Ağsu rayonunun Rəhimli kəndində dünyaya göz açmışdır. 1983-cü ildə doğma kənddə birinci sinfə getmiş, 1993-cü ildə onuncu sinfi bitirmişdir. 1994-cü il martın 19-da Ağsu Rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmış, bir neçə ay hərbi təlim keçdikdən sonra, “N” saylı hərbi hissəyə göndərilmişdir. Çevikliyi, bacarığı ona əsgərlər arasında böyük hörmət qazandırmışdı. Orduda cəmi bir il xidmət etməsinə baxmayaraq, peşəkar bir döyüşçü kimi yetişmişdi. Atəşkəs elan olunsa da, əsgərlər mütəmadi olaraq hərbi təlimlər keçir, döyüş hazırlıqlarını durmadan artırırdılar. Heç düşünmürdülər ki, onları qarşıda daha bir sınaq, daha bir qarşıdurma gözləyir. Bu, 1995-ci ilin 13-17 mart hadisələri idi. Həmin gün dövlət çevrilişinə cəhd göstərən silahlı dəstənin mühasirə halqasını daraltmaq məqsədilə atəş əmri verildi. Milli Ordu dərhal əməliyyata başladı. O faciəli günlərdə Şamil də Vətənə öz borcunu verməyə gəlmişdi. Güclü atışma zamanı gənc döyüşçü ağır yaralanır və aldığı bu yaradan da gözlərini əbədi yumur. Şamil doğulduğu Rəhimli kəndində dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ramazanov Şamil Ağasəf oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Ağsu rayonunun mərkəzindəki kinoteatr Şamil Ramazanovun  adını daşıyır.

                                                                                  M.MİRZƏ, 

“Respublika”.