“SON ZƏNG”İN SƏDALARI ALTINDA
Elm və təhsil

“SON ZƏNG”İN SƏDALARI ALTINDA

Cari tədris ilində Masallı rayonunun 66 tam orta məktəbini 1751 nəfər gənc bitirdi. “Son zəng” günü məzunlar doğma  məktəbə əlvida deyib, yeni, müstəqil həyata qədəm qoyublar. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov N.Nərimanov adına Masallı şəhər 2 nömrəli tam orta məktəbin “Son zəng” tədbirində iştirak edib.

İcra başçısı məktəbin foyesində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş şagirdlərin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olub. Sonra respublika futbol və cüdo yarışlarında birincilik qazanmış məktəbli idmançılarla görüşüb.

O, məktəbin məzunlarını təbrik edərək ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, Azərbaycan təhsil sisteminin dünya təhsilinə uğurla inteqrasiya olunmasından söhbət açıb. Bildirib ki,  Masallı rayonunun pedaqoji kollektivləri də ölkəmizdə təhsilinin inkişafına layiqli töhfələr verirlər. İcra başçısı məzunlara qazandıqları bilik və bacarıqlarını müstəqil Azərbaycanın inkişafına və tərəqqisinə həsr etməyi, doğma Masallının adını daim yüksəltməyi, Vətənimiz, dövlətimiz üçün layiqli kadr, kamil vətəndaş olmağı arzulayıb.

Onbirincilər “Son zəng”in sədaları altında sevinc, həyəcan dolu duyğularla doğma məktəblə, əziz və sevimli müəllimləri ilə vidalaşıblar.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.