Xankəndidə yaradılan perspektivli elm məbədi
Elm və təhsil

Xankəndidə yaradılan perspektivli elm məbədi

İlk növbədə qeyd edim ki, Qarabağda ayrıca bir dövlət universitetinin yaradılması və onun Qarabağ Universiteti adlandırılması çox böyük hadisədir. Təhsil dövlətçilik siyasətinin əsas vuran qolu, təməl nöqtələrindən biri olub. Məsələnin bir neçə rakursdan faydaları var: dövlətçiliyə dəstək azad olunmuş Qarabağ adının təhsil seqmentində də olması və tədrisin keyfiyyəti. Qarabağ Universiteti bəlkə də Azərbaycanın xüsusi təhsil göstəricilərinə malik olan ən böyük ali təhsil müəssisəsi olacaq. Universitetdə tibblə yanaşı dövrün əsas ixtisaslarından olan İT mühəndislik, digər sahələr də tədris olunacaq.

İşğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələrinin tikintisi, bərpası və tədrisin təşkili vacib amildir. Çünki təhsil insanların həmin ərazilərdə sürətlə məskunlaşmasında, eyni zamanda xidməti vəzifələrini yerinə yetirən əməkdaşların övladlarının təhsil almaq şəraitinin yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.

Hər kəsə məlumdur ki, hazırda qarşıda dayanan ən mühüm vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərimizin bərpasıdır. Hesab edirəm ki, bu prosesdə Azərbaycan təhsili də fəal iştirak etməlidir. İşğaldan azad edilmiş ərazilərdə xidmət keçən şəxslərin məktəbyaşlı övladlarının təhsil hüququnun təmin edilməsi, onlar üçün təhsilin əlçatanlığının təmin edilməsi zəruridir.

Düşünürəm ki, indiki halda işğaldan azad olunmuş ərazilərdə məskunlaşacaq əhaliyə təhsil xidmətlərinin göstərilməsi üzrə mütəxəssislərin fəaliyyəti stimullaşdırılmalıdır. Çünki ora gedəcək müəllimlər ilkin olaraq həmin ərazilərdə yaşamaq üçün təlimlərə cəlb edilməli, onların əməkhaqlarına xüsusi əlavələr edilməlidir. İşğaldan azad olunmuş ərazilərdə məşğulluğun təmin edilməsi baxımından mövcud təhsil müəssisələrində mütəxəssislərin hazırlanması üçün Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanında iştirak edib, müvafiq bal toplayan, amma vakansiya yoxluğu səbəbindən işə qəbul olunmayan müəllimləri prosesə cəlb edə bilər.

Düşünürəm ki, qısa müddətdə bölgələrdə ənənəvi, coğrafi və s. xüsusiyyətlərinə uyğun xüsusi profilli təhsil müəssisələri (məktəbdənkənar, peşə, orta ixtisas, ali) və əlavə kurslar yaradılmalıdır ki, həm yaxın zamanlarda tarixi torpaqlarına köçəcək insanların, eyni zamanda orada xidmət edən şəxslərin ailə üzvlərinin təhsil alma imkanı əlçatan olsun.

Bir faktı da qeyd edim ki, işğaldan azad edilmiş ərazilərdə işğaldan əvvəl ümumilikdə 259 məktəbəqədər təhsil, 673 ümumi təhsil, 40 məktəbdənkənar, 14 peşə təhsili, 7 orta ixtisas təhsili olmaqla 993 təhsil müəssisəsi fəaliyyət göstərmişdir. Əlbəttə birdən-birə bu infrastrukturun bərpası mümkün deyil. Bunun üçün azı 3-5 il vaxt lazımdır. Lakin ilkin mərhələdə məskunlaşmanın həyata keçirildiyi və xidmətli şəxslərin olduğu ərazilərdə təhsil xidmətlərinin göstərilməsi təmin edilməlidir. Hətta 1969-cu ildə Xankəndidə bir ali təhsil müəssisəsi də var idi.

Mən işğaldan azad olunmuş ərazilərdə təhsilin inkişafı, tədrisin təşkili qaydaları ilə bağlı təkliflər paketi hazırlamışam, bununla bağlı layihələr də var. Burada 3 mərhələdən ibarət təkliflər irəli sürülür. Yəni işğaldan azad edilmiş ərazilərdə təhsilin 3 mərhələdə həyata keçirilməsini təklif edirik.

Birinci mərhələdə dədə-baba yurdlarına qayıdacaq şagirdlərin sayına uyğun olaraq modul tipli orta ümumi məktəblərin salınması. Yəni birdən-birə böyük orta təhsil müəssisələrinin inşası uzun vaxt aparacaq: Hazırda işğaldan azad edilmiş Qubadlının, Zəngilanın, Füzulinin, Laçının, Kəlbəcərin, Ağdamın məktəblilərinin sayını bilirik. Bizim təklifimizin birinci hissəsi budur ki, ilkin mərhələdə Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və Ağdamda, işğaldan azad edilmiş digər kənd və qəsəbələrdə modul tipli məktəblər yaradılsın.

Qarabağ ərazisində mütləq şəkildə bir neçə ali təhsil müəssisəsi açmalıyıq. Nəzərə alaq ki, işğaldan azad edilmiş ərazilərdə, yəni 10-11-ci siniflərdə təhsil alan abituriyentlər olacaq və ali təhsil müəssisələrinə daxil olmaq istəyəcəklər. Onlar paytaxt Bakıya və digər şəhərlərə getmək əvəzinə, Qarabağda təşkil olunacaq universitetlərə daxil olsunlar. Bu mənada gələcəkdə mütləq şəkildə Qarabağ Dövlət Universiteti, Şuşa Dövlət Universiteti yaradılmalıdır. Hətta Azərbaycanın Ermənistanla sərhəd bölgələrində - Laçında, Qubadlıda belə Müəllimlər İnstitutunun, İqtisad Universitetinin filiallarını açmalıyıq.

Xankəndidə fəaliyyətə başlayacaq Qarabağ Universiteti təhsilin brendi olacaqdır. Həmçinin distant təhsilin yaratdığı üstünlükləri maksimal dərəcədə reallaşdıran universitet, dünyada öndə olan universitetlərin və tanınmış peşəkarların potensialından bəhrələnən şəbəkə universiteti, rəqəmsal iqtisadiyyat sahəsində ixtisaslaşan tədris və elm mərkəzi, xətti-funksional idarəetməni proseslərin idarəedilməsi ilə əvəzləyən universitet, "Smart universitet", şəhid övladlarının təhsil aldığı universitet. Mən əminəm ki, "Qarabağ" güclü bir universitet brendi olacaq.

Düşünürəm ki, bu universitetdə ilk növbədə, Qarabağ regionunun inkişafı üçün kadr potensialı yetişdirilməli, ixtisaslar bölgənin spesifikasına uyğun formada müəyyənləşməlidir. Eyni zamanda, universitetdə Qarabağın tarixinin tədris olunmasına xüsusi diqqət yetirilməlidir. Həmçinin universitetə xarici ölkələrdən də təhsil almaq üçün tələbələr cəlb olunmalıdır.

Üçüncü, İqtisadiyyat Universiteti, onun filialları olmalıdır. Həmçinin hüquq fakültələri açılmalıdır. Çünki şahidi olduq ki, Qarabağ münaqişəsi zamanı ən böyük problemlərimizdən biri həmin ərazilərdə hüquq-mühafizə orqanlarında azərbaycanlı kadrların azlıq təşkil etməsi idi. Hətta orada Polis Akademiyası da açmaq olar.

Bundan başqa, Qarabağda həmişə əkinçilik və şərabçılıq inkişaf edib. Yüngül sənaye sahələrinə aid də kadr hazırlamaq lazımdır. Bu sektorlarda mütəxəssislər Gəncədə hazırlanır, lakin Qarabağda bir universitetin açılması bu sahədəki kadrların paytaxta axınının qarşısını alacaq. Qarabağda təkcə ali təhsili deyil, həm də peşə təhsilini inkişaf etdirmək vacibdir. Texniki məktəblərdə və kolleclərdə kənd təsərrüfatı, inşaat və iqtisadi peşələrə tələbat olacaq, gələcəkdə turizm xidmətləri, tibb və s. sahələrdə kadrlara ehtiyac duyulacaq. Ümumiyyətlə, regionun coğrafi mövqeyi, digər regional xüsusiyyətlər nəzərə alınmalıdır. Bu sahədə aparılan işlərin yüksək tempi ona əsas verir ki, infrastruktur dəyişiklikləri gedir, sadəcə bu sahədə irəliləyiş zamana bağlıdır.

Üçüncü təklifimiz peşə müəssisələrinin və kolleclərin açılmasıdır. Ona görə ki, qısa vaxt ərzində həmin ərazilərdə ehtiyac duyulacaq sahələr üzrə ixtisaslı kadrlar hazırlanmalıdır.

Həmçinin uşaq bağçalarının açılması bizim növbəti mərhələ üçün təklifimizdir. Yəni Qarabağda təhsil elə bir vəziyyətə gətirilməlidir ki, 90-cı illərdə yaşadıqlarımızı bir daha yaşamayaq. Təhsil orada həm müdafiədir, həm ixtisaslı kadrdır, eyni zamanda məskunlaşmağa təsir edən birbaşa amildir. Hesab edirəm ki, işğaldan azad edilmiş və azad olunacaq ərazilərdə təhsil tamamilə yeni formatda qurulmalıdır və hökumət bu məsələni birinci məsələ olaraq ortaya qoymalıdır.

Qarabağda təkcə ali təhsili deyil, həm də peşə təhsilini inkişaf etdirmək vacibdir. Qarabağda şəhərcikləri olan universitetlər tikmək lazımdır ki, tələbələr orada həm oxusun, həm də orada yaşasınlar.

Kamran ƏSƏDOV,

təhsil üzrə ekspert.