ŞİRVAN: Qəsəbələrdə “Abad məhəllə”lər salınır
Region

ŞİRVAN: Qəsəbələrdə “Abad məhəllə”lər salınır

Şirvan şəhərinin ayrı-ayrı ərazilərində salınan “Abad məhəllə”lər sakinlər tərəfindən razılıqla qarşılanan və onların istirahətinə yaxşı imkanlar yaradan yaraşıqlı, gözoxşayan, uşaq əyləncə vasitələri ilə təmin olunan guşələrdir. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, şəhərdə geniş abadlıq və quruculuq işləri davam etdirilir. Mərkəzi hissə ilə yanaşı, 2023-cü ildə Şirvan şəhərinin tabeliyində olan qəsəbələrdə də abad məhəllələrin salınmasını özündə əks etdirən layihələndirmə işləri başa çatdırılmışdır. Layihə üzrə şəhərin Hacıqəhrəmanlı qəsəbəsindəki Məhəmməd Əmin Rəsulzadə və Bayramlı qəsəbəsindəki Mirzə Ələkbər Sabir küçələrində salınacaq abad məhəllələrdə sakinlərin istirahəti üçün  lazımi şərait yaradılması işlərinə başlanılmışdır. Burada söhbətgahlar, uşaq əyləncə qurğuları, oturacaqlar quraşdırılır, ərazi abadlaşdırılır, yaşıllaşdırma işləri görülür.

Kür sahilində yerləşən hər iki qəsəbə öz təbiəti ilə göz oxşayır. Əsasən tərəvəzçiliklə məşğul olan qəsəbələrin sakinləri abad məhəllələrdə aparılan işlərdə özləri də iştirak edirlər.

Tofiq HÜSEYN,

“Respublika”.