Sirli “Mona Liza
Siyasət

Sirli “Mona Liza" və qəzəbli fransızlar

Hazırkı dövlət başçısı Emmanuel Makronun yarıtmaz siyasəti nəticəsində cəmiyyətdə narazılıqlar geniş vüsət alıb. Ölkəni bürüyən etiraz aksiyaları, bahalaşma, polis özbaşınalığı, xarici siyasətdəki uğursuzluqlar məhz bu səbəbdən qaynaqlanır. Buna görə də vətəndaşların böyük əksəriyyəti Makron hakimiyyətinin dəyişməsini, onun dövlət başçısı postundan getməsini istəyir. Fransızların təxminən 67 faizi hazırkı dövlət başçısının ölkədə tüğyan edən problemlərin öhdəsindən gələ bilmədiyini düşünür. Hakimiyyət isə böyük tarixə malik ənənələrə məhəl qoymur, mənəvi və hüquqi dəyərlərlə əlaqəli hər şeyi tapdalayır.

Narazılıqların bir səbəbi də Makronun uğursuz qərarlar qəbul edərək yanlış addımlar atmasıdır. Rəsmi Parisin xarici siyasətindəki ən uğursuz gedişlərindən biri də anti-Azərbaycan mövqeyidir. Bu gün "mədəniyyət və demokratiya beşiyi" adına iddialı olan dövlət rəzil vəziyyətə düşüb. Makron hakimiyyətinin qərəzi və xain xisləti artıq mədəniyyət sahəsində də özünü büruzə verir. Dünya mədəni irsinin qalası, bədii və ədəbi cərəyanların beşiyi sayılan Fransanın özündə bu gün mədəniyyət abidələrinə qarşı hörmətsizlik edilir. Azərbaycan şairi Natəvanın heykəlinin vandalizmə məruz qalması bu ölkənin xalqların mədəni irsinin qorunub saxlanılmasını, eləcə də müxtəlif mədəniyyətlərə olan "hörməti"ni əks etdirir.

Maraqlı tərəflərdən biri də ondan ibarətdir ki, fransızlar təkcə başqa dövlətlərə aid mədəni irsə deyil, öz abidələrinə qarşı da hörmətsizlik edirlər. Artıq bu ölkədə adət halına çevrilmiş bir hal formalaşıb. Dövlətdən, onun yarıtmaz siyasətindən qəzəblənən vətəndaş öz aqressiyasını, hirsini mədəniyyət abidələrinə zərər verməklə bildirir. Növbəti belə hal Fransanın paytaxtı Parisdə yerləşən Luvr muzeyində baş verdi. Belə ki, ekofəallar məşhur rəssam Leonardo da Vinçinin şah əsəri olan "Mona Liza" (Cakonda) tablosuna şorba tökməklə etiraz səslərini ucaltdılar. Üzərində "Riposte Alimentaire" ("Qidaya reaksiya") yazılmış köynək geyinmiş iki qadın tablonun üzərini örtən qoruyucu şüşəni şorba ilə isladıblar. Sonra onlar "qida hüququ", "Fransanın kənd təsərrüfatı sistemi xəstədir" və "hər üç fransızdan biri yeməkdən imtina etməlidir" kimi şüarlar səsləndiriblər. Qeyd etdiyimiz kimi, sadə fransızın etirazı nə əfsanəvi "Mona Liza"ya, nə də dünyaşöhrətli rəssam Leonardo da Vinçiyədir. Qəzəblənmiş kütlə, çoxsaylı problemlər məngənəsində boğulan vətəndaş öz hökumətinə olan etirazını bu üsulla bildirməkdə çarə axtarır. Əlbəttə, sadə fransızlar anlayır ki, sakit, sivil şəkildə aksiya keçirsə ya polis zorakılığı ilə, ya da Makron hakimiyyətinin saymamazlığı ilə qarşılaşacaq. Bu səbəbdən də, bu yolla beynəlxalq aləmin diqqətini ölkələrindəki biabırçı vəziyyətə yönəltmək istəyirlər.

O da danılmaz faktdır ki, bu əsərə qarşı hücum ilk dəfə deyil baş verir. Hələ ötən əsrdə də belə hallar dəfələrlə təkrarlanmışdır. Əsər 1911-ci ildə oğurlanmış və 27 ay sonra tapılmışdı. 1950-ci illərdə isə bir kişi tablonu sulfat turşusu ilə zədələmiş, 1956-cı ildə isə boliviyalı bir tələbə "Mona Liza"nın kətanına daş atmışdı. 2009-cu ilin yayında Fransa vətəndaşlığından çıxarılan rus qadın tabloya çay fincanı atmışdı. Bundan sonra hədəf seçilmiş əsəri bütün hücumlardan və zədələrdən qorumaq üçün gülləkeçirməz şüşələrdən istifadə edilmişdi. 2022-ci ilin may ayında da Leonardo da Vinçinin ölməz əsəri "Mona Liza" daha bir hücuma məruz qalıb. Rəsmin sərgiləndiyi Fransadakı Luvr muzeyində əlil arabasında yaşlı qadın paltarı geyinmiş bir kişi əsərin nümayiş olunduğu yerə gedib, əlindəki tortu tabloya atıb. "Dünyanı düşünün. Dünyanı düşünün, Yer kürəsini məhv edən insanlar var. Bunu nəzərə alın. Qoy bütün sənətkarlar Yer haqqında düşünsünlər. Buna görə də bunu etdim. Planeti düşünün" deyə hücum edən şəxs bağırıb.

Bu möhtəşəm, sirlərlə dolu, hələ də sənət aləmində böyük müzakirələrə səbəb olan əsər haqqında onu deyə bilərik ki, "Mona Liza" 1503-1519-cu illərdə - Leonardo da Vinçi tərəfindən çəkilib. Bu tabloda təsvir olunan şəxsin əsl adı Liza Gerardinidir. Mona Liza sözünün mənası "mənim xanımım Liza" deməkdir. Parisin xəzinəsi sayılan Luvr muzeyində sərgilənən bu əsərə olunan hücum sadə fransızın dövlətinə, onun siyasətinə qarşı etirazının ifadəsidir.

Doğrudur, hər bir kəsin incəsənətdən anlayışı olmaya bilər, ancaq hər kəs bu cür qiymətli incəsənət nümunələrinə hörmətlə yanaşmağı və normal rəftarı bacarmalıdır. Lakin görünən odur ki, hazırda Fransada sosial-iqtisadi vəziyyət elə bir acınacaqlı hala gəlib ki, vətəndaş öz etiraz səsini son vasitə kimi belə bildirir. Bütün dövrlərdə özünü mədəniyyət beşiyi hesab edən Fransanın hazırkı durumu göz önündədir. Hansı ki, dünya mədəni irsinə sahib çıxan və yaxud da çıxmaq istəyən UNESCO-nun baş qərargahı Parisdə yerləşir. Onu da qeyd edək ki, təşkilat əsasən 5 proqramın icrası ilə məşğuldur. Bunlar təhsil, təbiət elmləri, sosial və humanitar elmlər, mədəniyyət, kommunikasiya və informasiya sahəsini əhatə edir. Bundan başqa, UNESCO insan və ətraf mühit, dünya irsi abidələrinin qorunması (məsələn, ABŞ-da Yellowstone Milli Parkı və Azadlıq heykəli, Britaniyada Stonehenge, Moskvada Kreml və Rusiyanın Baykal gölü) və qeyri-maddi mədəniyyətin - milli rəqs, musiqi və ayinlərin, festival və peşələrin mühafizəsi, habelə sənədli irsin (arxivlərin) qorunub saxlanması və bu sənədlərə çıxışın təmin edilməsi üzrə uzunmüddətli layihələr həyata keçirir. Görünən odur ki, Fransa qoynuna aldığı dünyanın ən böyük təşkilatlarından biri olan UNESCO-nun heç bir qayda və prinsiplərinə əməl etmir.

Ramidə YAQUBQIZI,

"Respublika".