Sinkretik müdriklik
Siyasət

Sinkretik müdriklik

Cəmiyyətin özünün obyektiv inkişaf qanunauyğunluqları, mərhələləri və meyilləri olsa da, şəxsiyyətin tarixdə rolu inkarolunmazdır. Mütəfəkkirlərin əksəriyyəti və şəxsiyyət fenomenini araşdıran tədqiqatçıların bir çoxu şəxsiyyətin imkan zirvəsi ilə insanlar arasında böyük məsafənin olduğunu vurğulasalar da, ayrıca bir şəxsin nailiyyətlərinin bilavasitə digər insanların taleyində əks oluna bildiyini xüsusi qeyd edirlər. Buna görə də salnamələrdə cəmiyyətlər çox vaxt dünya tərəfindən tanınmış şəxsiyyətlər qalereyası, tarixi kimi şərh edilir. Çünki böyük şəxsiyyətlər ictimai-siyasi arenada olmayanda və ya bu arenadan çəkildikdə cəmiyyətdə, necə deyərlər, pauza və həlli böyük çətinliklərlə üzləşən problemlər yaranır.

Ötən əsrin 70-80-ci illərinin hadisələrinə diqqət etsək, görərik ki, Azərbaycanın gələcək müstəqilliyi üçün sosial-iqtisadi və mədəni-mənəvi potensial toplandığı halda, 90-cı illərin əvvəlində qısa müddətdə ictimai-siyasi sabitlik pozuldu, mədəni-mənəvi mühit cırlaşdı, elmdə, təhsildə, həyatın bütün sahələrində deqradasiya başladı. Əvvəlki ictimai-iqtisadi sistemdən yenisinə keçmək əvəzinə, köhnəni dağıtmaqla məşğul olundu. Sürətli inkişaf və dirçəliş dövründən 90-cı illərin əvvəlindəki siyasi, iqtisadi və mədəni tənəzzül səviyyəsinə düşüldü. Bütün bunlar tarixi şəxsiyyətin əvəzolunmazlığını, olmamasının yaratdığı fəsadları bir daha təsdiq etdi. Tarixi şəxsiyyətin, milli-siyasi liderin olmadığı həmin illərdə (1987-1993) respublika və keçmiş ittifaq səviyyəsində baş verən proseslərə yenidən diqqət edək.

İttifaqın paytaxtında qurulan plan əsasında ötən əsrin 7-ci və 8-ci onilliklərində iqtisadiyyatda baş verən reqressiv prosesləri aradan qaldırmaq üçün "yenidənqurma" adlı əməliyyat həyata keçirildi. Ancaq o illər Azərbaycanda sürətli inkişaf və dirçəliş dövrü kimi səciyyələnir. Buradan isə aydın görünür ki, ümumi durğunluq kontekstində tərəqqi, dirçəliş paradoksunu şəxsiyyətin müstəsna rolundan başqa heç bir amillə izah etmək mümkün deyil. Deməli, həmin illərdə kimsə mərkəzin müəyyənləşdirdiyi ümumi qanunauyğunluqlardan kənara çıxır, necə deyərlər, zahirdə görünmədən, dərin qatlarda, hiss olunmadan axının əksinə üzürmüş. Bu isə qeyri-adi təfəkkür, sarsılmaz iradə, qətiyyət və n-qat enerji tələb edirdi. Ancaq keçmiş SSRİ “maşını”nın sükanı arxasına keçənlərdən olan, imkansızlıqda imkan axtaran Heydər Əliyev dühası buna qadir idi.

Məhz türk oğlunun Kremldə oturub dünyaya meydan oxuyan böyük ölkəyə rəhbərlik edənlərdən biri olması çoxlarını narahat edirdi. O dövrdə ulu öndər Heydər Əliyevin nüfuzu elə geniş miqyas kəsb etmişdi ki, ən məşhur siyasi xadimlər belə ittifaqı idarə edə biləcək şəxsin məhz Heydər Əliyev ola biləcəyini etiraf edirdilər (Bu barədə digər yazılarımızda A.A.Qromıko, “Andrey Qromıko. V labirintax Kremlə. Vospominaniə i razmışleniə sına”. M. 1997  və L.İ.Abalkin, “Neispolğzovannıy şans: Poltora qoda v pravitelğstve”, M. 1991 kitablarından iqtibaslar gətirməklə geniş məlumat vermişik).

Milli dili və mədəniyyəti ilə yanaşı, rus dilini və mədəniyyətini də dəyərləndirən, rus dilində ən mahir natiqlərdən biri kimi tanınan, işgüzarlığı, nəzəri hazırlığı, əməli fəaliyyəti və unikal şəxsi keyfiyyətləri ilə Siyasi Büroda seçilən, fərqlənən bir insanın olması o vaxtkı rəhbər, ermənipərəst Qorbaçovda çox böyük həsəd, qısqanclıq və paxıllıq yaratmışdı. Hisslərini cilovlaya bilməyən Qorbaçov ölkənin ən nüfuzlu rəhbərlərindən olan Heydər Əliyevi təkcə vəzifədən uzaqlaşdırmaq deyil, həm də onu yüksəlmiş olduğu nüfuz zirvəsindən də salmaq üçün plan işləyib hazırladı. Xəbis niyyətli Qorbaçov Ulu Öndərə qarşı hazırlamış olduğu siyasi sui-qəsdlə məqsədinə nail oldu. Çox təəssüflər olsun ki, həmin kampaniyaya ölkəmizdə də bilərəkdən qoşulan satqınlar və bilməyərəkdən qoşulan əqidəsizlər də vardı. Bütövlükdə xalqımız isə bunu bir milli faciə kimi qəbul edərək ciddi sarsıldı. Çünki bu addımların gələcək ağır nəticələri, fəsadları intuisiya və fəhm ilə duyulurdu. Ulu öndər Heydər Əliyevin aktiv ictimai-siyasi fəaliyyətdən kənarlaşdırılması ilə böyük bəlalar baş verdi. Ölkəmizdə və ittifaq miqyasında siyasi, iqtisadi və mədəni-mənəvi mühit bir neçə dəfə dəyişilməklə ciddi tənəzzülə uğradı.

Keçmiş ittifaq miqyasında

Qorbaçovun iqtisadi məsələlər üzrə erməni müşaviri A.Aqanbekyanın təklif etdiyi istehlak və qeyri-istehsal sahələrində sərmayəqoymanı məhdudlaşdırma proqramı əks effekt verdi. Xammala və yanacağa qənaət ideyası da havada qaldı. Daxili investisiyalarla bağlı qərarlar hər respublikaya yüzlərlə yarımçıq qalmış tikinti "hədiyyə" etdi. Təkcə Azərbaycanda bu tikintilərin sayı 400-dən artıq idi.

1988-89-cu illərdə sovet iqtisadiyya

tının büdcəsində misli görünməmiş kəsir yarandı. Antialkoqol kampaniyasından ən çox zərərçəkən respublika Azərbaycan oldu. Azərbaycan Respublikasının qarşısında kənd təsərrüfatının aparıcı sahəsi olan üzümçülüyün başqa bir istiqamətə yönəldilməsi vəzifə kimi qoyuldu. Bu qərarı yerinə yetirmək məqsədilə Şamaxı, Cəlilabad, Tovuz, Qazax və Xanlar rayonlarında üzümlüklər geniş surətdə məhv edildi. Kütləvi işsizlik yarandı. Məsələn, 1983-cü ildə 1,5 milyon ton üzümçülük məhsulları istehsal edilən ölkəmizdə 1993-cü ildə cəmi 250 min ton üzüm xammalı yığılmışdı.

1987-ci ilin iyulundan investisiya siyasəti ilə yanaşı, özünüidarə və özünümaliyyələşdirmə metodları tətbiq edilməyə başladı, fərdi əmək fəaliyyəti və kooperativlər haqqında qanun qəbul edildi. Nəhayət, ən cəsarətli addım sovet dövlətinin ərazisində əcnəbi sərmayələr cəlb etməklə müştərək müəssisələr yaratmaq oldu. 1990-cı ildə müştərək müəssisələrdə əcnəbi tərəfin əmlak payı ilə bağlı məhdudiyyətlər də ləğv edildi. Nəticədə əcnəbi ölkələr tamamilə xarici sərmayədarların sərəncamında olan filiallar açmaq şansı qazandılar. Sovetlər birliyində yaşayan əhali 70 il xüsusi mülkiyyətin, fərdi əmək fəaliyyətinin hər hansı növünə qarşı nifrət ideologiyası əsasında formalaşdığından, bu ruhda böyüdüyündən cəmiyyət çaşqın qalmışdı.

Vəziyyət getdikcə kəskinləşdiyindən əmək məhsuldarlığı ilə əməkhaqqının artımı arasında dərin uçurum yaranmışdı. Büdcə kəsirinin get-gedə artmasının qarşısını almaq üçün tədavülə əlavə pul buraxılması - emissiya yolu seçilsə də, artıq 1990-cı ilin axırlarında iqtisadi tənəzzül açıq müşahidə edilirdi. Statistik məlumatlara əsasən ÜDM-in həcmi 2 faiz, milli gəlirin həcmi isə 4 faiz azalmışdı. Əksər məhsul növlərinin istehsalı və ixracı ciddi şəkildə aşağı düşmüşdü.

İqtisadi vəziyyətin kəskinləşməsi, həyat səviyyəsinin aşağı düşməsi, gələcəyə inamın azalması ictimai-siyasi sabitliyin pozulmasına gətirib çıxarmışdı. İttifaqın mövcudluğunu qoruyub saxlamaq üçün təşkilati xarakterli cəhdlər göstərilsə də, müxtəlif iqtisadi proqramlar ("500 gün" və s.) təqdim olunsa da, dəqiq fəaliyyət proqramı olmadığından təkbaşına hökmranlıq etmiş partiya sıralarında da qarşıdurma getdikcə dərinləşirdi. Partiyanın yeniləşdirilməsi konsepsiyasını irəli sürən Qorbaçov isə bu aparatı tam idarə etmək iqtidarında deyildi. Hadisələrin inkişafına təsir göstərmək qabiliyyəti getdikcə itirildiyindən "qayda-qanun" yaratmaq, laxlamış mövqeləri yenidən bərqərar etmək üçün cəhdlər müttəfiq respublikalara hərbi yolla müdaxilə ilə nəticələndi. Tbilisidə, Bakıda, Vilnüsdə, Riqada baş vermiş qanlı hadisələr buna sübutdur. Bunlar isə həmin respublikaların SSRİ-dən ayrılmaq və suveren dövlətə çevrilmək istəklərini daha da gücləndirirdi.

Məhz həmin illərdə erməni lobbisinin təzyiqi və Qorbaçovun rəhbərliyi ilə Qarabağda münaqişələrin başlanması ssenarisi - əvvəlcə siyasi aksiyaların keçirilməsi, sonra isə silahlı hücuma başlanması - ittifaqın paytaxtındakı məmurlar tərəfindən hazırlanmışdı. Ssenari müəlliflərinin niyyəti bu prosesləri zəncirvari şəkildə müxtəlif regionlara yaymaq, nəticədə fövqəladə vəziyyət elan etməklə hərbi müdaxiləni reallaşdırmaq idi. Moldovada, Gürcüstanda, Özbəkistanda və Tacikistanda vaxtilə geniş miqyas almış münaqişələr eyni model və ssenari üzrə həyata keçirilirdi. Respublikamızda 1990-cı il yanvarın 20-də törədilən qırğınlar buna bariz nümunədir.

Faciə baş verən günün səhərisi bütün məhrumiyyətlərə, qadağalara, sui-qəsd hədələrinə, siyasi və mənəvi təhdidlərə, izolyasiyalara baxmayaraq, xalqın dar günündə onunla birlikdə olduğunu nümayiş etdirmək, etirazını bildirmək üçün ulu öndər Heydər Əliyev mərkəzdəki Azərbaycan nümayəndəliyinə gəldi. Dəhşətli 20 Yanvar qırğınına şərait yaradan mərkəzin siyasətini kəskin tənqid etdi. Mərkəz isə daxili satqınlarla əlbir olub ölkəni və xalqı xilas edə biləcək yeganə şəxsiyyəti təcrid etməyə, xalqla birləşməsinin qarşısını almağa çalışırdı.

İttifaq miqyaslı bu faktları və hadisələri sadaladıqdan sonra 90-cı illərin ortalarında Prezident Heydər Əliyevin beynəlxalq mətbuatda gedən müsahibələrindən birinin kiçik hissəsini xatırlayaq. Müxbirin "...Siz rəhbər olsaydınız SSRİ dağılardımı?.." sualına cavab: "...Mənim dövrümdə xeyr, sonra...". Lider özgüvəni, şəxsiyyət özünəinamı bax budur. Bir daha aydın olur ki, müdrik dövlət xadiminin, liderin olmaması beynəlxalq məsələlərin həllində mühüm rol oynayan superdövlətlərdən birinin süqutuna səbəb oldu. Çünki dövlət başçısı olmaq hələ  tarixi şəxsiyyət və lider olmaq deyil.

Əsl liderin arxasınca insanlar özü gedir

Mərkəzdənqaçma meyillərinin gücləndiyi o illərdə digər müttəfiq respublikalar kimi, Azərbaycan da 1991-ci ilin oktyabrında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edərək öz müstəqil dövlətini elan etdi. Xalqın ümidlərini doğrulda bilməyənlərin hakimiyyətdə olması qısa müddətdə böyük faciələrin, reqressiv dəyişikliklərin yaşanmasına səbəb oldu. Debütantlar, siyasətdə naşı olanlar müstəqilliyin məhz digər ölkələrlə yaradılmış bərabərhüquqlu münasibətlər üzərində qurulmalı olduğunu dərk edə bilmədiyindən başqa ölkələrlə əlaqələri kəsməyə başladılar. Nəticədə müstəqil dövlətin nə siyasi, nə də iqtisadi özülünü qura bilmədilər. Haqlı deyilib ki, müstəqilliyin sadəcə elan olunması hələ sözün tam mənasında müstəqillik deyil, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.

XX əsrin əvvəllərində olduğu kimi, Azərbaycan müstəqilliyini elan etdiyi vaxtdan iki il keçməmiş ölkəmiz müstəqilliyinin itirilməsi, parçalanması və digər ölkələrin təsiri altına düşməsi ilə üz-üzə qalmışdı. Bunun ən əsas səbəbi müstəqil ölkənin öndəri, bayraqdarı olacaq, keçid dövrünün təbəddülatlarını dəf edə biləcək liderin, tarixi şəxsiyyətin yoxluğu idi. Xalq yaranmış bu vəziyyətdən çıxış yolunu tarixi şans hələ tam əldən getməmiş onu həyata keçirə, ondan məharətlə ölkəsinin xeyrinə istifadə edə biləcək tarixi şəxsiyyətin, liderin yenidən ali hakimiyyətə təkidlə dəvət edilməsində gördü. Liderlər haqqında deyilən sözlər necə də yerinə düşür: Liderlik iddiasında olanlar var ki, insanları arxasınca apara bilmir, amma əsl liderin arxasınca insanlar özü gedir.

Böyük tarixi şəxsiyyət, ulu öndər Heydər Əliyevin siyasət meydanına qayıtması, yüksək səs çoxluğu ilə Prezident seçilməsi dövlət müstəqilliyinin tədricən möhkəmləndirilməsi və onun dönməzliyinin təmin olunmasında mühüm rol oynadı. 30 il bundan əvvəl Prezident Heydər Əliyevin söylədiyi fikirləri bu gün biz - milyonlar fəxarətlə və tam qətiyyətlə deyirik - "müstəqilliyimiz dönməzdir, əbədidir, sarsılmazdır!". Artıq hüquqi akt ictimai-siyasi gerçəkliyə, həqiqi müstəqil dövlətçilik aktına çevrilib.

Xaosdan milli idarəçilik müstəvisinə

Keçid dövründə mərkəzin mənfur milli siyasətinə baxmayaraq, müstəqillik üçün siyasi, iqtisadi və mədəni-mənəvi təməl yaratmış, böhranlı vəziyyətdə xalqı fəlakətdən xilas etmiş, bütün imkanlardan xalq yolunda istifadə etmiş şəxslər müdriklik mərhələsində qərarlaşırlar. Xalqın böyüklüyü də ondadır ki, öz müdriklərini tanıyır və onların arxasınca gedir. Müdrikliyin xalqlar üçün özünəməxsusluğu olsa da, ümumi meyarlar da mövcuddur. Əksər məsələlərdə olduğu kimi, Şərq ilə Qərbin vəhdətindən çıxış edən tarixi şəxsiyyət Heydər Əliyevin müdrikliyi milli və ümumbəşəri olmaqla sinkretik müdriklikdir. Bu baxımdan da Azərbaycanda baş verən proseslərə lokal çərçivədə deyil, beynəlxalq miqyasda analoji hadisələrlə ümumiləşdirmə müstəvisində yanaşırdı, yəni yerli hadisələri regional və beynəlxalq tendensiyalar kontekstində nəzərdən keçirirdi. Hər hansı hadisəyə münasibətdə sadədən mürəkkəbə, ibtidaidən aliyə, xüsusidən ümumiyə keçmək, elmi-fəlsəfi fikrin yüksəkliyindən hadisəyə münasibət göstərmək tarixi şəxsiyyətlərin düşüncə tərzini xarakterizə edən mühüm əlamətlərdəndir.

İstər Şərqdə, istərsə də Qərbdə siyasət nəzəriyyəçiləri və dövlətşünaslar tərəfindən dövlət başçıları haqqında təsnifatlanaraq işlənilən epitetlər əsasən bunlardır: peşəkar siyasi xadim, güclü lider, müdrik rəhbər, ədalətli dövlət başçısı. Xalqımızın xoşbəxtliyi ondadır ki, Azərbaycanda və hətta onun hüdudlarından kənarda da - planetar səviyyədə Heydər Əliyev haqqında bu epitetlərin ən yaxşı mənada hamısı işlədilir. Azərbaycan xalqının milli liderinin dünya xalqları tərəfindən də lider olaraq qəbul edilməsi, konkret desək, liderlik təsəvvürlərinin üst-üstə düşməsi xalqın ona olan sevgisini daha da artırır.

İstər Şərqdə, istərsə də Qərbdə siyasət nəzəriyyəçiləri və dövlətşünaslar tərəfindən dövlət başçıları haqqında təsnifatlanaraq işlənilən epitetlər əsasən bunlardır: peşəkar siyasi xadim, güclü lider, müdrik rəhbər, ədalətli dövlət başçısı. Xalqımızın xoşbəxtliyi ondadır ki, Azərbaycanda və hətta onun hüdudlarından kənarda da - planetar səviyyədə Heydər Əliyev haqqında bu epitetlərin ən yaxşı mənada hamısı işlədilir. Azərbaycan xalqının milli liderinin dünya xalqları tərəfindən də lider olaraq qəbul edilməsi, konkret desək, liderlik təsəvvürlərinin üst-üstə düşməsi xalqın ona olan sevgisini daha da artırır.

Şərq dünyasında insanın öz əməllərində elmə, biliyə nə dərəcədə istinad etdiyi müdriklik üçün əsas meyarlardan hesab olunur. Ulu Öndərə olan ümumxalq sevgisinin səbəblərindən biri də bununla bağlıdır.

Ümummilli Lider situasiyanı düzgün qiymətləndirməyi, mövcud şərtlər daxilində real imkanlardan çıxış etməyi əsas kriteriya hesab edərək deyirdi: "Kim ki, öz biliyindən, bacarığından artıq iddialar edir, o, həmişə məğlub olur". Doğrudan da insanın öz bilik və qabiliyyətinin konturlarını, həm də real situasiyanı, gerçəkliyi düzgün qiymətləndirməsi müdrikliyin əlaməti, nadir istedaddır.

Belə məqamda aydınlıq üçün yenidən 1990-cı illərin əvvəlinə qayıdaq. O illərdə kortəbii hadisələr böyük sürətlə bir-birini əvəz etməklə fikirləri üstələyirdi. Dövlətçilik intuisiyasının yoxluğu, siyasi liderin olmaması, siyasi təcrübənin çatışmaması ucbatından mövcud sistem dağıdıldı və sözün pis mənasında bazar yaradıldı. Belə gərgin münasibətlərin formalaşdığı bir zamanda müdrik xalq öz müdrik rəhbərini hakimiyyətə dəvət etdi. Müdrik rəhbər özünəməxsus ssenarisi əsasında daxildən idarə oluna bilməyən, ancaq kənardan idarə olunan xaos vəziyyətini, hadisələrin gedişini milli idarəçilik məcrasına yönəltdi.

Gələcək nəsilləri düşünən lider

Ulu Öndər təkcə dövlət qurmaqla kifayətlənmir, həm də dövlətçilik ənənəsi formalaşdırmaqla dövlətçilik ideologiyasını yaradırdı. Dövlət mənafeyini ümummilli və fərdi mənafelərlə uzlaşdırmaqla dövlətçilik hissini artırmağa çalışırdı. Bu hiss təkcə həmin dövrü deyil, gələcəyi düşünmək, nəsillərin sabahı naminə yaşam istəyi ilə əlaqəli idi. Göründüyü kimi, gələcək nəsilləri düşünən Ulu Öndər həmin dövrdəki nəslə müraciətlə deyirdi: "Azərbaycanın iqtisadi potensialı o qədər böyükdür ki, onu beləliklə, hərəkətə gətirib Azərbaycanın iqtisadiyyatını inkişaf etdirəcəyik və ölkəmizin hər bir vətəndaşına normal, firavan həyat sürməyi təmin edə biləcəyik". Məşhur siyasətçi, ötən əsrin siyasi fikir daşıyıcılarından olan U.Çörçillin dediyi - "siyasətçi növbəti seçkilər, əsl lider isə gələcək nəsillər barədə düşünür" - sözləri də Ümummilli Liderimizin tarixi böyüklüyünü təsdiq etməklə, ulu öndər Heydər Əliyevin xalqa müraciətində dediyi - "Siz gələcək övladlarınızı, nəvələrinizi də düşünməlisiniz ki, onlar necə yaşayacaqlar... Çünki bu ölkə bizimkidir, bu xalq, bu dövlət bizimkidir" praktik fikri ilə adekvatdır.

Bu sözlərdən sonra M.K.Atatürkün iqtibas edəcəyimiz fikirləri ulu öndər Heydər Əliyevin böyük tarixi şəxsiyyət olduğunu bir daha təsdiqləyir: "Ən böyük şəxslər özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığının və xoşbəxtliyinin qorunması yolunda həyatını verən insanlardır".

Bir çox "siyasətçilər" Heydər Əliyevin böyük tarixi xidmətlərini kiçiltmək naminə "nüfuz" və "təcrübə" əsas rol oynayır fikrini ortaya atırdılar. Lakin unudurdular ki, nüfuz və təcrübəni qazanmaq zaman və həmin zaman ərzində müəyyən vərdiş və ictimai-praktik fəhm formalaşdıran məqsədyönlü, uğurlu fəaliyyət olmalıdır, özü də yüksək səviyyədə və geniş miqyasda. Çünki təcrübə istedadla əldə olunmasa da, istedadlı adamın təcrübəsi ictimai-siyasi, sosial və digər sferalarda qat-qat səmərəli, eyni zamanda faydalı olur.

Heydər Əliyev şəxsiyyəti, müdrik dövlət başçısı olması barədə dünyanın görkəmli siyasətçilərinin və dövlət xadimlərinin dedikləri dəyərli fikirlər çoxdur. Onlardan biri, rusiyalı dövlət adamı Y.Luşkovun sözləri konkretliyi və aydınlığı ilə fərqlənir: "Heydər Əlirza oğlu müdrik və uzaqgörən dövlət xadimi, Azərbaycanda və dünyada layiqli hörmətə və nüfuza malik respublika rəhbəridir".

Fenomenal hafizəsi, çox böyük siyasi idarəçilik təcrübəsi olan ulu öndər Heydər Əliyev də müdrikliyi ilə sağlam əsasları incəliyinə qədər fərqləndirməyi, necə deyərlər, "odu küldən götürməyi" çox gözəl bacarırdı. Müdrikliyin digər əlamətlərindən olan böyük maraqları kiçik maraqlardan, mühümü qeyri-mühümdən, mümkünü qeyri-mümkündən ayırd etməklə hadisələrin ardıcıllığını düzgün seçmək, lazım olanda pauza yaratmaq qabiliyyətidir. Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın xarici siyasətinin qarşısındakı əsas məsələlər bunlar idi:

- regionda sabitlik yaradılmaqla, möhkəmləndirilməli;

- yerli iqtisadiyyata böyük sərmayələr cəlb edilməli;

- xarici şirkətlərin mənafeləri qorunmalı;

- ölkəmiz böyük güclərin iqtisadi maraq dairəsinə daxil edilməli;

- böyük dövlətlər kor-koranə formalaşmış ermənipərəstlikdən uzaqlaşdırılaraq dini təəssübkeşlik hissi iqtisadi maraqlarla kompensasiya edilməli.

Müdrik dövlət xadimi Heydər Əliyev xalqla bağlı lider nüfuzundan və beynəlxalq şöhrətindən istifadə edərək bu məsələlərin həllinə siyasi ustalıqla nail oldu. Bu problemlərin həlli nəticəsində "dolayı" da olsa, bizim haqq-ədalət mövqeyimiz supergüclərin mövqeyi ilə üst-üstə düşdü.

Ağılla cilalanan gücün faydası

Dünyada iki qüdrətin - biri ağıl, digəri isə güc olduğu məlumdur. Heydər Əliyevin müdrikliyinin əlamətlərindən biri də ağıl və gücün vəhdətinə münasibətdədir. "Ağıl olan yerdə gücə ehtiyac yoxdur", - deyən Ulu Öndər siyasi ustalıq və məharətlə gücün, kobud qüvvələrin xaotik toplusunu nizam yaratmaqla məqsədyönlü surətdə idarə olunan siyasi müstəviyə inikas etdirə bildi. Bu, tarixdə çox az hallarda rast gəlinən, nadir tarixi şəxsiyyətlərə məxsus olan unikal müdriklik nümunəsidir.

Digər sahələrdə olduğu kimi, siyasət aləmində də ağıl konqruyentinin gücündən onun özünə qarşı istifadə etməyə imkan verir. Gücü ağılla idarə etmək üçün cəmiyyətdə sınanmış iki yol mövcuddur. Ya tarixdə olduğu kimi, gücün intellekti artırılmaqla xalqın milli maraqlarına yönləndirilir, ya da müasir dövrdə olduğu kimi, demokratik anlamda həmin gücün sərbəstliyi təmin edilməklə ictimai-siyasi, iqtisadi proseslərin müsbət axarına təsir etməsinə imkan verilmir. Xatirimizdədir ki, XX əsrin 93-cü ilinin birinci yarısında daxildən idarə edilə bilməyən, ancaq qarşıdurmaya, vətəndaş müharibəsinə nail olmaq üçün xaricdən yerli səbatsızların əli ilə idarə olunan, necə deyərlər, xaos vəziyyəti yaranmışdı. Xalqın içərisindən çıxmış, onun istəyini dəqiq bilən, onunla bir olmaqla öndə gedən bir ağılın gücünə ehtiyac çox kəskin hiss olunduğundan xalq ali hakimiyyətin idarəetmə sükanını həmin ağılın iradəsinə tapşırdı. Həmin dövrdə ölkəmizdə biri səriştəsiz, diletant, digəri isə azğın, nadan olmaqla iki güc mövcud idi. Gəncə hadisələrində güclər arasındakı daxili çəkişmə onlardan ikincinin "qalibiyyəti" ilə yekunlaşdı. Bundan ruhlanan nadan güc öz hərbi gücünü siyasi gücə dəyişməklə illüziyon, həm də müvəqqəti bir hökumətə başçılıq etmək qərarına gəldi. Az keçmədən ağılın məsləhət və tövsiyələrinə etinasız qalan güc tabeliyində olan silahlı birləşmələrin münaqişə enerjisini, potensial gücü daxili ətalət və inamla yenidən alovlandırdı. Müdrikliklə cilalanmaq istəməyən, ağılın qüdrətini, xalqın emosional enerjisini nəzərə almadan, onu belə qeyri-aşkar şəraitdə yenmək iddiasına düşən azğın və nadan güc bu dəfə siyasi səhnədən birdəfəlik silindi. Beləliklə, növbəti standartdankənar situasiyanın, qanlı toqquşmanın qarşısının alınması siyasi müstəvidə həll olundu. Bu, Ulu Öndərin müdrikliyinin daha bir təzahürü idi. Belə məqamda müdrik atalar sözü yada düşür: “Biləyi güclü birini, əqli güclü ordunu yenər”.

Tam və hissə arasında optimal nisbət

Ötən əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan tarixi təcrübəni nəzərə almaqla demokratik və hüquqi dövlət qurmaq yolunu seçdi. Müstəqil inkişaf istiqamətini müəyyənləşdirən ölkəmiz demokratiya, dövlət quruculuğu və iqtisadi islahatları da özünəuyğun modellə həyata keçirməli oldu. Keçid dövrünü yaşayan ölkələrin kənar təsirlərə uymadan öz milli standartlarına uyğun islahatlar aparması çox çətinliklərlə üzləşir. Qərarlaşmış və stabil cəmiyyətlərdən fərqli olaraq belə ölkələrdə ən böyük məsuliyyət, ən ağır iş dövlət başçısının üzərinə düşür. Milli və ümumbəşəri dəyərlərin sintezinə əsaslanmaqla həqiqətən müstəqil siyasət yeridən Heydər Əliyevin özü həmin məsuliyyətin miqyası barədə deyib: "Keçid dövrü yaşayan ölkələrə başçılıq etmək istəyən şəxslər gərək çox təcrübəli, dünyanı bilən adam olsun".

Daha dayanıqlı, stabil cəmiyyət qurmaq əzmi ilə çalışan Ulu Öndər tam dünyada gedən beynəlxalq prosesləri nəzərə almadan, onun bir hissəsi olan Azərbaycanda daxili inkişaf meyillərini yönləndirməyin mümkünsüzlüyünü çox gözəl bilirdi. Nəyi və nə səviyyədə dünya təcrübəsindən əxz etməli, nəyi və nə səviyyədə milli zəmindən yararlanmalı olduğunu müəyyənləşdirmək xüsusi siyasi təfəkkür, qeyri-adi fəhm və duyum tələb edir. Yəni tam və hissə arasındakı optimal nisbəti saxlaya bilən müdriklik olmalıdır. Bunu isə ancaq Heydər Əliyev dühası edə bilərdi.

Bəllidir ki, başqalarını təqlid yolu ilə hiss olunacaq xüsusi uğurlar əldə etmək mümkün deyil. Xarici ekspertlər (və ya "məsləhətçilər") islahatlar tövsiyə (və ya "tələb") etdikdə dahi şəxsiyyət Heydər Əliyev böyük təmkin və məntiqlə onlara yerli şəraiti və milli xüsusiyyətləri nəzərə almaqla demokratiyanın ictimai-siyasi tərəqqi kontekstində həyata keçirilməsi zərurətini dönə-dönə izah edirdi. Buna baxmayaraq, o illərdə hazır demokratiya modellərini xaricdən idxal etmək istəyənlərlə yanaşı, hədiyyə etməyə hazır olanlar da vardı. Məqsəd isə ölkəmizdə "dibçək demokratiyası" yaratmaq idi. Lakin görkəmli dövlət xadimi Heydər Əliyevin onlara cavabı konkret idi: "Demokratiya alma deyil ki, onu bazardan almaq olsun". Bir daha aydın olur ki, demokratiya belə transformasiya yolu ilə deyil, tam və hissənin optimal nisbəti gözlənilməklə milli tərəqqinin, ictimai şüurun inkişafının qanunauyğun nəticəsi kimi yaranmalıdır.

Məqamında güzəştə gedə bilmək

Müasir dövr təkcə öz daxili məntiqi ilə yaşana və hesablaşa bilmədiyindən yeni dövrün tarixi yaradılarkən onu böyük tarixin kontekstinə uyğunlaşdırmaq mütləqdir. Gündəlik fəaliyyətimizdə tarixi nəzərə almaq üçün onu olduğu kimi dərindən bilmək vacibdir. Çünki atılan addımlar tarixi inkişaf meyillərinə zidd olduqda uğursuzluğa düçar olur. Bu mənada tarix və müasirliyin vəhdətini ardıcıl qanunauyğun proses kimi dəyərləndirən müdrik şəxsiyyət Heydər Əliyev tövsiyə edirdi ki, "xalq gərək daim öz kökünü xatırlasın". Beləliklə də milli-mənəvi ənənələrin yaşadılması və milli tarixi fikrin formalaşdırılmasına nail olmaq olar. Mənəvi dünyamızı kamilləşdirmədən maddi həyatımızın təkmilləşdirilməsinin mümkün olmadığını qeyd edən Heydər Əliyev demişdir: "İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır". Mənəviyyatın ön plana çəkilməsi bir daha təsdiq edir ki, yeni quruculuq işləri, ümumi inkişaf təbii sərvətlərdən daha çox xalqın milli-mənəvi dəyərlərinə bağlıdır.

Dahi şəxsiyyət Heydər Əliyevin müdrikliyinin təzahür etdiyi məqamlardan biri də Şərq və Qərb ölkələrinin milli maraqlarını bir müstəvidə qarşılıqlı adaptasiya etdirə bilməsidir. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsinin reallaşması, İpək Yolunun bərpası ideyasının əsaslandırılması, digər transmilli layihələrin təməlinin qoyulması proseslərində böyük maraqlar naminə kiçik maraqlardan imtina etmək, milli siyasi xəttini yeritmək naminə qarşı tərəfə güzəşt etmək, necə deyərlər, məqamında güzəştə gedə bilmək qabiliyyəti də müdrikliyin əlamətidir. Heydər Əliyev dühası müdrikliyin bütün məziyyətlərindən yararlanmaqla qarşılıqlı münasibətlərdə olduğu prosesləri ilkin baxışda adi şüurla sezilə bilməyən alt qatlarda - "aysberqin görünməyən tərəfində" gedən hərəkətlərlə idarə edirdi. Buna görə də çox böyük sərmayə, siyasi şərtlər, yalnız lokal deyil, regional sabitlik tələb edən beynəlxalq miqyaslı layihələr həyata keçirilməyə başlandıqdan, yəni proses geridönməzlik mərhələsinə qədəm qoyduqdan sonra Azərbaycanın maraqları da bəlli oldu, necə deyərlər, "aysberq tam aydınlaşdı". İlkin danışıqlarda müəyyən mənada dərin qatlarda gizli saxlanılan milli maraqlar praktik reallaşma müstəvisində proseslərin kontekstinə üzvi surətdə daxil edildi. Nəticədə Azərbaycanın maraqları isə de-fakto həyata keçirildi, reallaşdırıldı.

Xalqımızın ümummilli lideri, qeyri-adi, unikal şəxsiyyət olan Heydər Əliyevin əməli fəaliyyəti, həyatı bu baxımdan təkcə bizim üçün deyil, planetar səviyyədə digər xalqlar üçün də önəm kəsb etdiyindən onun hər məqamı xırda detallarına qədər öyrənilir.

Hümbət MUSAYEV.