Sosial həyat

"Sevinc və kədər bir-birinə qarışıb"

Bunu Şuşada qalıqları tapılan Nofəl Qurbanovun qardaşı bizimlə söhbətində deyib

Xəbər verdiyimiz kimi, Şuşa şəhərində növbəti kütləvi məzarlıq aşkarlanıb.

Müvafiq qurumların, o cümlədən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşları hazırda kütləvi məzarlığın aşkarlandığı ərazidədirlər. Avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkar olunub.

Xatırladaq ki, cari ilin iyununda da Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkarlanıb. İşğaldan azad edilən ərazilərdə indiyədək Ağdam rayonunun Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkar edilib. Son zamanlarda aşkar olunan kütləvi məzarlıqlar ermənilərin qeyri-humanist davranışlarını bir daha təsdiqləyir. Hayastanın Kəlbəcər rayonunun Ağdaban, Başlıbel kəndlərində, "Tunel" adlanan ərazisində, eləcə də Şuşanın Daşaltı kəndində törətdikləri cinayətlərin izləri hələ də aşkarlanmaqdadır. Bundan başqa, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işləri zamanı tapılan kütləvi məzarlıqlar da soydaşlarımızın amansızlıqla qətlə yetirildiklərini əyani şəkildə sübut edir. Əfsuslar olsun ki, bu vəhşiliklərə beynəlxalq ictimaiyyət tərəfindən biganə yanaşılıb.

Qeyd etmək lazımdır ki, sonuncu axtarışlarda qalıqları tapılan 17 şəxsdən biri də şuşalı Nofəl Qurbanovdur. Nofəl Qurbanovun qardaşı Tərlan Qurbanov bildirdi ki, bizim gözlərimiz otuz il idi ki, yollarda qalmışdı. Dövlətimizin sayəsində gözlərimiz yollardan çəkildi. Əslində bu, elə bir haldır ki, kədərlə sevinc bir-birinə qarışıb. Biz qardaşımızı itirmişdik, lakin gedib başında ağlayacaq bir məzarı belə yox idi. Mən qardaşımın məzarının Şuşada tapılmasını xəbərlər proqramına baxarkən bildim. O siyahıda adıçəkilən üçüncü adam mənim qardaşım oldu. Lakin böyük qardaşım məndən əvvəl xəbər tutub. Belə ki, ona vəziyyəti zəng edib deyiblər. Biz sonuncu dəfə Nofəli 1992-ci il yanvar ayının 20-də görmüşdük. Qardaşım həmin vaxt Vətən uğrunda gedən döyüşlərin iştirakçısı idi. Hansı ki, o, Malıbəylidə, Quşçularda gedən döyüşlərdə olmuşdu. Malıbəylidən gələndən sonra o, yanvarın 20-də Daşaltı kəndinə getdi. Bizim o vaxtdan sonra Nofəllə əlaqəmiz kəsildi. Qardaşım elə Daşaltı əməliyyatında şəhid olub, lakin biz onun itkin düşdüyünü zənn edirdik. Nofəl çox vətənpərvər idi. O, Bakıda 20 Yanvar hadisələri zamanı da ürəyi dözməyib paytaxta gəlmişdi. Məhz 20 Yanvar hadisələrindən sonra Nofəl Milli Orduya yazılıb döyüşə getdi. Tapılan qalıqlar ailəmizə təhvil veriləcək və qardaşım Bakıxanov qəsəbəsində dəfn olunacaq.

Nuranə DAXİLQIZI,

"Respublika".