Sənaye Məhəlləsində qaynaq və boya zavodunun təməli qoyuldu
Region

Sənaye Məhəlləsində qaynaq və boya zavodunun təməli qoyuldu

  Hacıqabul Sənaye Məhəlləsində "Minik avtomobillərinin istehsalı" layihəsinin təməli qoyuldu. Layihə çərçivəsində avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodu inşa ediləcək. 

Mərasimdə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, İqtisadi Zonaların İnkişafı Agentliyinin rəhbəri Elşad Nuriyev, "Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin sədri Emin Axundov, "Uzavtosanoat" SC-nin rəhbəri Uluqbek Rozukulov, Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov ştirak etdilər. Onlar Azərbaycan-Özbəkistan əməkdaşlığının növbəti uğurlu nümunəsi olan avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsi lokallaşdırılmasının zavodunun ölkəmizdə avtomobil sənayesini təşviq edəcəyini bildirdilər. 

 Bir neçə il öncə başlayan avtomobil sənayesinin birinci mərhələsində avtomobillərin yalnız yığımı nəzərdə tutulmuşdu. Bu gün ikinci mərhələdə, qaynaq və boya zavodunun təməli qoyuldu. Bu mərhələnin ardından yan sənayenin inkişafı daha da sürətlə davam edəcək. Avtomobil istehsalının növbəti mərhələsində digər ehtiyat hissələrinin də istehsalı nəzərdə tutulub.

 Layihə həm də Azərbaycanda qeyri-neft sektoruna, xüsusilə avtomobil sənayesinə töhfəsini verəcək. Burada istehsal ediləcək avtomobillər həm yerli, həm də xarici bazarda satılacaq.

Tofiq HÜSEYN,

“Respublika”.