Aqrar sahədə su ehtiyatlarından koordinasiyalı şəkildə istifadə edilir
Region

Aqrar sahədə su ehtiyatlarından koordinasiyalı şəkildə istifadə edilir

Dünyada şirin su ehtiyatları getdikcə azalır. Azərbaycan da bu problemdən sığortalanmayıb. Müvafiq dövlət qurumları bununla əlaqədar tədbirlər görür, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində layihələr həyata keçirirlər. "Kənd təsərrüfatının davamlı inkişafı naminə aqrar sahədə su ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində keçirilən seminar da buna hesablanıb.

Kənd Təsərrüfatı Nazirliyinin benefisiarı olduğu sözügedən Layihə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) maliyyə dəstəyi ilə həyata keçirilir. Seminarda Azərbaycanda su ehtiyatlarının hazırkı vəziyyəti, səmərəli istifadəsi, qlobal iqlim dəyişikliyinin su ehtiyatlarına təsiri və bu məsələlərin həllində sektorlararası əməkdaşlıq və koordinasiyanın rolu barədə müzakirələr aparılıb.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firidun Tağıyev su resurslarının kənd təsərrüfatının inkişafı üçün əhəmiyyətindən bəhs edib. O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı"na əsasən ölkənin su ehtiyatlarının qiymətləndirilməsi, sudan qənaətli istifadəni təmin edən müasir suvarma texnologiyalarının təşviq edilməsi, iqlim dəyişikliklərinin içməli su təchizatına mümkün təsirlərinin minimuma endirilməsi əsas prioritet məsələlərdən biri olaraq qalır.

"Məhdud resurs olmasına baxmayaraq su mövzusu daima öz aktuallığını qoruyub saxlamaqdadır. Bugünkü seminarda su ehtiyatlarının idarə edilməsi yolları, enerji, qida təhlükəsizliyi, kənd təsərrüfatı, ətraf mühit, sağlamlıq və praktiki məsələlər həll yollarını tapmağımız üçün əsas müzakirə mövzumuz olacaq. Qeyd edim ki, seminarın iki panel mövzusu növbəti il BMT-nin beynəlxalq Su Konfransının əsas mövzularından biridir". Bu fikirləri seminarda çıxış edən su idarəetməsi üzrə beynəlxalq mütəxəssis, Arizona Dövlət Universitetinin professoru Olcay Ünver deyib.

Nazirlər Kabineti yanında Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın nümayəndəsi İlqar Poladov tədbirlər planına əsasən görülən işləri və planlaşdırılan addımları qeyd edib.

Kənd Təsərrüfatı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Meliorasiya və Su Təsərrüfatı , "Azərenerji", "Azərsu" ASC-ləri, Azərbaycan Fermerlər Assosiasiyası, qeyri-hökumət təşkilatları, özəl sektor, AMEA və beynəlxalq təşkilatların nümayəndələri təqdimatlarla çıxış ediblər.

N.ƏHMƏDOĞLU,

"Respublika".