Şəhid polisimiz ehtiramla anılıb
Sosial həyat

Şəhid polisimiz ehtiramla anılıb

Ramil Şirinov İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində dünyaya göz açıb. Şirinov Ramil Arif oğlu 19 sentyabr 2023-cü il tarixdə qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olub.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul işçiləri, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi Mətləb Murğuzov, rayon prokuroru Valeh Səmədov, polis şöbəsinin rəisi Füzuli Şıxəliyev, şəhid ailələri, ictimaiyyət nümayəndələri polis serjantı Şirinov Ramil Arif oğlunun Bəhrəmtəpə qəsəbəsində təşkil olunan anım mərasimində iştirak etdilər. Mərasimdə şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, ruhuna dualar oxundu. "Şəhidlərimizi, onların ailələrini yad etmək bizim vətəndaşlıq borcumuzdur", - deyən İcra başçısı Elçin Rzayev onların ailələrinə bundan sonra da daim diqqət və qayğının davam etdiriləcəyini söylədi. Şəhid ailəsinin qayğı və ehtiyacları ilə maraqlanıb, yaxınlarına dərin hüznlə başsağlığı verib, Tanrıdan onlara səbir, dözüm dilədi.

El-obası Ramili heç vaxt unutmayacaq, əziz xatirəsini daim böyük hörmət və ehtiramla yad edəcək.

Ərəstun ABDULOV,

"Respublika".