Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetlərindəndir
Sosial həyat

Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetlərindəndir

Azərbaycan dövləti şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib.

Bu gün ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini də Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə göstərilən dövlət qayğısı təşkil edir. Məlum olduğu kimi, sürətlə inkişaf edən respublikamızın iqtisadi gücünün, maliyyə imkanlarının artması fonunda sosial müdafiəyə ehtiyacı olan ailələrin maddi və mənzil-məişət şəraitinin yaxşılaşması üçün böyük imkanlar yaradılıb. Dövlətin bu sahəyə ayırdığı diqqət və qayğının göstəricisi olaraq son illərdə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında irimiqyaslı layihələr həyata keçirilir. Belə ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi, eləcə də bu kateqoriyadan olan insanların avtomobillərlə təmin olunması bunun əyani təsdiqidir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün Dövlət Proqramı təsdiqlənib. Nəticədə bu günə kimi bu kateqoriyaya aid olan 13 mindən çox şəxs mənzil və ya fərdi evlərlə təmin edilib. Mənzillərin təxminən 3500-ü postmüharibə dövründə verilib. Eyni zamanda qazilərin sağlamlığının qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün də mühüm addımlar atılır.

Ölkənin iqtisadi gücü artdıqca bu kateqoriyadan olan şəxslərə ödənilən müavinətlərin, sosial ödənişlərin də məbləği artırılır. Bununla bağlı dövlət başçısı tərəfindən son illər ərzində bir neçə dəfə müvafiq sərəncamlar imzalanıb. Prezident İlham Əliyevin imzaladığı həmin sərəncamlara əsasən şəhid ailələrinə, qazilərə və əhalinin digər həssas qruplarına aid insanlara verilən təqaüdlərin həcmi artırılıb.

Prezident İlham Əliyevin yeni fərman və sərəncamları ilə son beş ildə ölkəmizdə artıq dördüncü sosial islahat paketinin reallaşdırılmasına başlanılıb. İslahat paketinə əsasən, əməkhaqqı, müavinət və təqaüdlərin növbəti dəfə artırılması təmin olunur.  Şəhid ailəsi üçün Prezident təqaüdünün məbləğinin artırılması və "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Fərmanda da dəyişiklik edilib. Sənədə əsasən şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilib. Belə ki, bu məbləğ 500 manatdan 600 manata qaldırılıb.

Həmçinin dövlət başçısının "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Fərmanına əsasən 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyənləşdirilib.

Vurğulamaq lazımdır ki,  ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də bu kateqoriyadan olan insanlarla bağlı müxtəlif layihələr həyata keçirilir. Bütün bunlar onu deməyə əsas verir ki, şəhid ailələri, qazilər və əhalinin digər həssas qruplarına aid insanlara diqqət və qayğının göstərilməsi, onların rifah halının yaxşılaşdırılması dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir.

Nurəngiz ADİLQIZI,

"Respublika".