Böyük Qayıdışın Zabux və Sus mərhələsi
Sosial həyat

Böyük Qayıdışın Zabux və Sus mərhələsi

44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vuran Azərbaycan Böyük Qayıdış proqramını reallaşdırmağa davam edir. Əzəli və əbədi torpaqlarımızda bərpa-quruculuq işləri yüksək səviyyədə görülür ki, bu da dövlətimizin gücünü göstərir.

Bu yerlərin yenidən qurulmasına, bərpasına və dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, əhalinin, infrastruktur və istehsal obyektlərinin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir. Məhz bu xüsusda işğaldan azad olunmuş ərazilərimizin hər qarışı dirçəldilir, öz füsunkar gözəlliyinə qovuşur.

Böyük Qayıdışın növbəti mərhələsi olan Laçın rayonunun dirçəldilməsi də, digər ərazilər kimi, mühüm əhəmiyyət daşıyır. Bu gün Laçın Azərbaycan dövlətinin və xalqının quruculuq əzminin növbəti təzahürüdür. İşğaldan azad olunduqdan dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə bütün Qarabağ və Şərqi Zəngəzur kimi, Laçında da nəhəng bərpa və yenidənqurma işlərinə başlanılıb. Baş Plana əsasən, şəhərdə ümumilikdə 700 bina bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda, 71 inzibati bina yenidən qurulur. Bununla yanaşı, 10 noyabr Bəyanatının müddəalarına uyğun olaraq Laçın rayonunun şəhər mərkəzindən, Zabux və Susdan keçməklə Qarabağda yaşayan ermənilərin Ermənistana gediş-gəlişlərini təmin edən yolun olması Laçın rayonuna strateji əhəmiyyət qazandırır. Laçın işğal olunduqdan sonra ermənilər hərbi cinayət törədərək Zabux və Sus kəndlərində qanunsuz məskunlaşma aparmışlar. Ermənistandan, eləcə də Yaxın Şərqdən ermənilər bu ərazilərimizə köçürülərək qanunsuz yerləşdirilmişdir. Bu məskunlaşmada xaricdəki erməni diasporu və müxtəlif ianələr toplayan fondlar da fəal rol oynamışlar. Amma danılmaz reallıqdır ki, işğaldan öncə bu kəndlərin heç birində erməni əhali yaşamayıb. Bu çərçivədə, şəhər mərkəzinin, Zabux və Sus kəndlərinin düşmən tapdağından xilas edilməsi Azərbaycanın diplomatik qələbəsinin təcəssümüdür. İşğaldan azad olunandan sonra bərpa-quruculuq işlərinə başlanılan ərazilərdə tez bir zamanda planlar hazırlandı və bu istiqamətdə hər keçən gün inkişafa nail olundu. Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2022-ci ilin dövlət büdcəsindən bu işlər üçün ilkin olaraq 800 min manat ayrılmışdır. "İlin sonuna qədər dediyim kimi, laçınlıların birinci qrupunu biz artıq yerləşdirəcəyik. Zabux və Sus kəndlərində də məncə, 200-dən çox ailə məskunlaşacaq", - deyə yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində ölkə başçımız bildirmişdir. Mayın 27-də isə Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanış olan İlham Əliyev bu yerlərin doğma sahiblərini sevindirdi. Belə ki, ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə 223 ailə köçürüləcək kənddə 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi inşa edilmişdir.

Qeyd etmək yerinə düşər ki, dövlət başçımız mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə də görüşərək evlərin açarlarını onlara təqdim etmiş, Laçın şəhərinin və azad edilmiş kəndlərin coğrafi nöqteyi-nəzərdən nə qədər vacib olduğu, tarixi baxımdan bu ərazilərin azərbaycanlılara məxsus olması barədə öz fikirlərini bölüşmüşdü. Beləliklə, Laçın rayonunun şəhər mərkəzində, Zabux və Susda yeni qəsəbələrin tikintisi, bərpa oluna biləcək evlərin bərpa olunması ilə bağlı ciddi işlər görülür. Zabux kəndində evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında "yaşıl enerji"dən istifadə edilməsi nəzərdə tutulur. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, kənddə bütün işlər ən yüksək səviyyədə yerinə yetirilir.

Ölkə Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi Qarabağ və Şərqi Zəngəzurda əsaslı inkişafa şərait yaradacaq. Sərəncamda vurğulandığı kimi, Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub. Vətən müharibəsindən ötən müddət ərzində xüsusilə, Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin daimi təhlükəsiz məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin inkişaf etmiş regiona çevrilməsinə şərait yaradır.

Nurlan ABDALOV,

"Respublika".