“ŞAİRLƏR VƏTƏNİ BİZİM TƏRƏFLƏR”
Region

“ŞAİRLƏR VƏTƏNİ BİZİM TƏRƏFLƏR”

Rayonun Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbənin mədəniyyət mərkəzində Mərkəzi Kitabxana Sisteminin təşkilatçılığı və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin dəstəyi ilə “Şairlər Vətəni bizim tərəflər” adlı poeziya axşamı keçirilib.

Tədbirdə rayon MKS-nin direktoru Fəridə Xudiyeva, kitabxana işçiləri, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal, professor Valeh Nəsibli, şəhid ailələrinin üzvləri, Milli Qəhrəman Alı Mustafayevin bacısı Bəsti Yaqubova, müəllimlər, mədəniyyət işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və dünyasını dəyişmiş yaradıcı insanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Aparıcı, şəhid bacısı Nuranə Məmmədova bildirib ki, bu gün keçirilən poeziya gecəsi Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun ad gününə və Novruz bayramına həsr olunub.

Çıxış edənlər Qazaxda yazıb-yaratmış şair və yazıçıların yaradıcılığından söz açıb, milli bayramımız Novruzun bütövlüyü və suverenliyi təmin olunmuş Azərbaycanımızda keçirilməsindən qürur duyduqlarını dilə gətiriblər. Qalib ölkənin Ali Baş Komandanı İlham Əliyevə, Müzəffər Ordumuza minnətdarlıq bildirilib və qeyd olunub ki, artıq üç ildir ki, azad edilmiş torpaqlarımızda bayram tonqalları alovlanır.  

Tədbir iştirakçıları üçün Novruz təamlarından ibarət süfrə təşkil olunub və qazaxlı aşıqların ifasında səslənən saz havaları tədbir iştirakçılarına əsl bayram əhvali-ruhiyyəsi yaşadıb.

Vəli VƏLİYEV,

“Respublika”.