Qəhrəmanlar unudulmur
Region

Qəhrəmanlar unudulmur

Şəhid ailələri, qazilər və veteranlara qayğı Qusar Rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir. Rayon rəhbərliyi tez-tez şəhid ailələrinə qazilərə baş çəkir, onların qayğı və problemləri ilə yerindəcə tanış olur. Bu günlərdə rayon icra hakimiyyətinin başçısı Şair Alxasov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə rayonun Ukur kəndində şəhid Orxan Əlimuradovun valideynləri ilə görüşmüşdü.

Azərbaycan ordusunda müddətdən artıq xidmət edən Orxan Roman oğlu Əlimuradov 2020-ci ildə Vətən müharibəsində  Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olmuşdur. O, ölümündən sonra  “Rəşadət” ordeni, Kəlbəcərin, Cəbrayılın, Füzulinin azad olunmasına görə, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur. Şəhidin böyük qardaşı Əlimuradov Cəmil Roman oğlu da hazırda Azərbaycanın Milli Ordusunda xidmət edir. Rayon icra Hakimiyyəti tərəfindən digər şəhid ailələri kimi, Orxan Əlimuradovun ailəsi də vaxtaşırı ziyarət olunur, onları narahat edən problemlərin həllinə köməklik və maddi yardım göstərilir. Budəfəki ziyarət isə şəhid atası Roman Əlimuradovun həyətində olan yardımçı tikililərdə ötən ayda baş verən yanğının nəticələrinin aradan qaldırılması üçün görülən işlərlə tanışlıq və ailənin qarşılaşdığı digər problemlərin öyrənilməsi məqsədilə təşkil olunmuşdu. Qeyd edək ki, yanğının nəticələrinin aradan qaldırılması üçün rayon icra hakimiyyəti tərəfindən ailəyə lazımi tikinti materialları ilə bağlı köməklik göstərilmişdir.

Şəhid ailəsi ilə görüşdə həmçinin Vətən müharibəsinin iştirakçısı qazi Mirzəquliyev Kamran Bəkir oğlu da iştirak etmişdir. O, Vətən müharibəsində  orduda gizir rütbəsində vuruşub, Qubadlı rayonu uğrunda gedən döyüşlərdə yaralanıb. Dövlətimiz tərəfindən  onun xidmətləri yüksək qiymətləndirilib. O, “Cəsur döyüşçü”, Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının azad olunmasına görə medalları ilə təltif olunmuşdur. Təşkil olunmuş çay süfrəsi ətrafında qazi Kamran Mirzəquliyev keçdiyi döyüş yolundan, müharibə xatirələrindən danışmışdır.

Şəhidin ailə üzvləri, qazi və tədbirdə iştirak edən kənd  ağsaqqalları göstərilən qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.