Şahlar Hüseynov
Sosial həyat

Şahlar Hüseynov

Adı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Şahlar İsa oğlu Hüseynov 26 oktyabr 1968-ci ildə Qərbi Azərbaycanın Axta (Razdan) rayonunun Hankavan kəndində anadan olmuşdur. Həmin vaxtlar dünyanın gözəl çağları idi. Əsrlər boyu azərbaycanlılara xəyanət edən erməni daşnakları həmişəki kimi öz çirkin əməllərini həyata keçirə bilmirdilər.

Şahların doğulduğu kənddə cəmi 18 azərbaycanlı ailəsi yaşayırdı. Qonşuları isə yunanlar idi. Sıx meşəlik içərisində yerləşən bu kənddən Ulu Tanrı öz gözəlliyini əsirgəməmişdi. Uşaqlıq çağlarını Məxmər çayının nəğməli sahillərində keçirən Şahlar qayğısız böyüyürdü. İsa kişinin geniş həyəti və ikimərtəbəli yaraşıqlı evi var idi. Yaz, yay aylarında Şahlar bağ-bağçanı seyr etməkdən doymaz, çox vaxt al şəfəqli günəşi meşələr qoynunda qarşılayardı.

Şahlar Hüseynov kənd məktəbində orta təhsilini başa vurduqdan sonra valideynlərinin, doğmalarının xeyir-duası ilə əsgəri xidmətə yollandı. Moskva şəhərində hərbi xidmət etdi.

Qərbi Azərbaycanda yaşayan başqa soydaşlarımız kimi Şahların ailəsi də 1988-ci ildə erməni təcavüzü nəticəsində ata-baba yurdlarından, qədim Oğuz ellərindən zorla qovularaq Azərbaycana pənah gətirdi. Gəncə şəhərində məskunlaşdılar.

Şahlar Hüseynov ordudan tərxis olunaraq Gəncəyə - ailəsinin yanına gəldi. 1990-cı ildə sənədlərini Gəncə şəhər 27 saylı texniki-peşə məktəbinə verdi. 1991-ci ildə Gəncə Alüminium Oksidi İstehsalat Birliyində çilingər kimi əmək fəaliyyətinə başladı. O, 1992-ci ilin fevralında erməni quldurlarının Xocalıda törətdikləri faciəyə, vəhşiliyə dözə bilməyib könüllü olaraq Gəncə batalyonuna daxil oldu. Şahlar sıravi döyüşçü kimi bir çox döyüş əməliyyatlarında düşmənin yerinin öyrənilməsində və onun məhv edilməsində yaxından iştirak etdi. O, erməni dilini təmiz bildiyi üçün kəşfiyyata həmişə öndə gedir, təhlükəli anlarda yoldaşlarını xilas edirdi.

...10 aprel 1992-ci ildə Marquşavan uğrunda qızğın döyüşlər gedirdi. Erməni quldurlarının hərbi texnikası və canlı qüvvəsi sayca üstün idi. Ancaq Azərbaycan hərbçiləri ayıq-sayıq idi. Ermənilər nə qədər cəhd göstərsələr də, kəndi tuta bilmədilər. Xeyli itki verib geri çəkilməyə məcbur oldular. Bu ağır döyüşdə Şahların sinəsi düşmən gülləsinə tuş gəldi. Əsgər yoldaşlarının qolları arasında gözlərini əbədi yumdu. Son mənzili Gəncə şəhərindəki Şəhidlər xiyabanı oldu.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli fərmanı ilə Şahlar İsa oğlu Hüseynova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Qəhrəman, cəsur döyüşçünün adı əbədiləşdirilmiş, Gəncə şəhərində adına küçə verilmişdir.

Qədir ASLAN,

"Respublika".