ŞƏHİD AİLƏLƏRİ ÜÇÜN TƏZƏ MƏNZİLLƏR
Sosial həyat

ŞƏHİD AİLƏLƏRİ ÜÇÜN TƏZƏ MƏNZİLLƏR

Ölkəmizdə şəhid ailələrinin, qazilərin, Qarabağ müharibəsi əlillərinin sosial rifah halının yüksəldilməsi, maddi vəziyyətlərinin, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindən biridir. Masallı rayonunda bu sahədə ardıcıl işlər görülür.

Yeni il ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Birinci Qarabağ müharibəsinin şəhidi Bəyalı Məmmədovun ailəsi üçün Böyük Xocavər kəndində 3 otaqdan ibarət fərdi ev inşa olunub, mebel, məişət əşyaları ilə təchiz edilərək şəhidin 82 yaşlı anası Tahirə Mustafayevaya hədiyyə edilib.  

Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə daha iki şəhid ailəsi üçün fərdi evlərin tikintisinə başlanılıb. Daxili imkanlar hesabına Masallı şəhərində Vətən müharibəsi şəhidi Raqib Əzizovun, Bala Təklə kəndində Birinci Qarabağ müharibəsi şəhidi Yavər Ağayevin  ailəsi üçün təzə mənzillər inşa edilir. Tikinti işləri sürətlə aparılır. Yaxın vaxtlarda evlərin tikilib istifadəyə verilməsi nəzərdə tutulub.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.