Bu gün abituriyentlər imtahan verir
Elm və təhsil

Bu gün abituriyentlər imtahan verir

Bu gün I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında 22 min 447 abituriyentin iştirakı nəzərdə tutulur.

“Respublika” xəbər verir ki, DİM-dən bildirilib ki, abituriyentlərdən 20404 nəfər Azərbaycan, 2043 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 14230 nəfəri oğlan, 8217 nəfəri isə qızdır. 20386 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 2061 nəfər əvvəlki illərin məzunudur. 18 nəfər ali təhsil müəssisələrinin, 166 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 101 abituriyent xarici ölkə vətəndaşıdır.

İmtahanda 29 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahan keçirilən şəhər və rayonlarda 91 imtahan binası, 1663 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 91 ümumi imtahan rəhbəri, 273 imtahan rəhbəri, 2079 nəzarətçi–müəllim, 283 buraxılış rejimi əməkdaşı, 91 bina nümayəndəsi cəlb edilib.