Saatlı: Çiyid səpini davam edir
Region

Saatlı: Çiyid səpini davam edir

Fermerlərin maddi rifah halının yaxşılaşdırılması Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Prezidentin tapşırıq və tövsiyələrinə əsasən, pambıqçılığın dəstəklənməsi istiqamətində daha bir addım atılıb. Pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər.

Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 2023-cü ilin məhsulu üçün 1-ci növün qiyməti 800 manata, 2-ci növün qiyməti  780 manata, 3-cü növün qiyməti  740 manata, 4-cü növün qiyməti  700 manata qaldırılıb. Bu qərar fermerlərin məhsul istehsalına həvəsləndirilməsi üçün qəbul olunub.

Pambığın hər tonunun alış qiymətinin 100 manat artırılması nəticəsində pambıq istehsalı ilə məşğul olan fermerlər xeyli əlavə qazanc əldə edəcəklər. Bu, Prezident İlham Əliyevin fermerlərə göstərdiyi qayğı və diqqətin növbəti təzahürüdür.

Qeyd edək ki, pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Təhvil verilən pambığın hər tonuna görə fermerlərə 180 manat subsidiya ödənilir. “Ağ qızıl” istehsalçıları pambığın alış qiymətinin artırılmasını bu çətin peşədə çalışanlara əsl qayğı nümunəsi hesab edirlər.

Saatlı rayonundakı “Agro-AZ” MMC-nin pambıq emalı zavodunun direktoru Yaşar Hüseynov deyir:

-Cənab Prezident pambıqçı əməyinə daim qayğı və diqqət göstərmişdir. Əvvəllər pambıq istehsalında, emalında, hazır məhsulun satışında mövcud olan süni əngəllər artıq aradan qaldırılmışdır. Pambığın alış qiymətinin artırılması bu qayğının daha bir parlaq nümunəsidir. İndi məhsulun əkilib becərilməsində maşın-mexanizm, dərman preparatları sarıdan çətinliklər olmasa da, suvarma sarıdan problemlər yaranıb. Bu, dünyada baş verən qlobal istiləşmənin, şirin su ehtiyyatlarının azalmasının nəticəsidir. Suyun, o cümlədən suvarma suyunun normal ötürülməsi  hazırda respublikamızda bir qədər baha başa gəlməklə, çətinliklər yaradır.  Odur ki, pambığın alış qiymətinin artırılması bu sahədə balans yaradacaqdır.

-Cari ilin mövsümündə artıq bir neçə gündür ki, tarlalarda çiyid səpini aparılır. Bu il 3500 hektar Saatlı, 500 hektar Sabirabad rayonu ərazisində “ağ qızıl” becərilməsini nəzərdə tutmuşuq. 588 nəfərə yaxın fermerlə əkində müqavilə bağlamışıq. Fermerlər Türkiyənin “Bəyaz Altun” sortuna üstünlük verirlər.

Tofiq HÜSEYN,

“Respublika”.