Rusiya Ermənistanla münasibətləri yenidən qiymətləndirir
Siyasət

Rusiya Ermənistanla münasibətləri yenidən qiymətləndirir

Rusiya ilə Ermənistan arasında münasibətlərin soyuması məsələsi uzun zamandır gündəmdədir. Bu faktlar öz təsdiqini KTMT-dən uzaqlaşma, Roma statutunun ratifikasiyası, Ermənistandakı Rusiya hərbi bazalarının mövcudluğu kimi məsələlərdə, Nikol Paşinyanın nüfuzlu ABŞ nəşri "The Wall Street Journal"a müsahibəsində tapıb. Bu soyuq münasibətlər son zamanlar həm də Rusiya prezidenti Vladimir Putin və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bir sıra bəyanatları ilə də özünü büruzə verir. Bu bəyanatlar iki xalq arasında artan gərginliyi və fikir ayrılığını ifadə edir.

Rusiya Prezidenti Vladimir Putin deyib ki, indi Ermənistanda mürəkkəb daxili siyasi proseslər baş verir. "MDB, Avrasiya İqtisadi İttifaqı (Aİİ), KTMT-dəki üzvlüyünün dayandırılmasının Ermənistanın marağına uyğun olduğunu düşünmürəm. Nəticə etibarilə, bu, yenə də dövlətin öz seçimidir. Ümumi tədbirlərdə ölkənin baş nazirinin iştirak etməməsi isə bildiyimiz kimi, istənilən halda, Ermənistanda baş verən bəzi proseslərlə əlaqədardır", - deyə Rusiya Prezidenti vurğulayıb. Onun sözlərindən belə anlaşılır ki, bu addımların atılması ölkənin sözügedən inteqrasiya təşkilatlarında iştirak etmək və ya etməmək istəyi ilə bağlı deyil.

Putinin bu sözlərlə Ermənistandakı daxili xaosa işarə edir, həm də Rusiya və Ermənistan arasında tarixən mövcud olan isti münasibətlərin yenidən qiymətləndiriləcəyindən xəbər verir. Burada Ermənistanın Qərblə inkişaf edən münasibətləri əsas amillərdən biridir. Zaxarovanın tez-tez Rusiya hökumətinin mövqeyini əks etdirən bəyanatları da Ermənistanın Qərb dövlətləri ilə yeni əlaqələri ilə bağlı Putinin narahatlığını əks etdirir. Ənənəvi olaraq Rusiyanın təsir dairəsində olan Ermənistan Qərb dövlətləri, xüsusilə də Avropa İttifaqı, Fransa və ABŞ ilə əlaqələri dərinləşdirmək üçün səy göstərir. Ticarət, təhlükəsizlik və diplomatiya sahələrində Qərb tərəfdaşlığına doğru atılan strateji addımlar artıq Rusiyanı narahat edir, Moskva ilə İrəvan arasında uzun müddətdir pozulan münasibətə daha mənfi təsir göstərir. Həmçinin, Ermənistanın Qərb ölkələri ilə artan hərbi əməkdaşlığı və bağlanan satınalma müqavilələri Rusiyada çaşqınlıq yaradıb. Bu razılaşmalara NATO-ya üzv dövlətlərlə sövdələşmələr və qabaqcıl hərbi texnikanın alınması daxildir ki, bu da Rusiyanın dəstəyindən imtina etmək kimi səciyyələnir.

Regionda dəyişən geosiyasi mənzərə, o cümlədən Ermənistanın çoxtərəfli görüşlərdə və Rusiyanın maraqlarına uyğun gəlməyən ittifaqlarda iştirakı münasibətlərin qırılmasına zəmin yaradan faktorlardır. Ermənistanın Rusiyanı istisna edən platformalarda iştirakı Moskvanı məmnun etmir. Müstəqil siyasət yürüdə bilməməsi səbəbindən Ermənistan kimlərdənsə asılı vəziyyətdə qalır. Yürüdülən qeyri-ciddi siyasət, qeyri-konstruktiv mövqe erməni xalqını uçuruma aparır.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) 2024-cü ildə 7 hərbi təlim keçirməyi planlaşdırır. Bunu KTMT-nin baş katibi İmanqulu Tasmaqambetov qurumun Parlament Assambleyası Şurasının 16-cı plenar iclasında deyib, bu təlimlərin Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan ərazilərində keçiriləcəyini vurğulayıb. KTMT-nin bu toplantısına Ermənistan nümayəndəsi isə qatılmayıb. Ermənistanın Rusiya ilə əlaqələri qırılma nöqtəsinə gətirməsi, KTMT-dən çıxmaq istəyini açıq şəkildə bəlli etməsi yaxşı olmayan nəticələrlə sonlana bilər. Bu səbəbdən də İrəvan öz mövqeyini doğru seçməli, Azərbaycanın təklif etdiyi şərtlər üzrə regionda sülh prosesinə dəstək verməlidir. Ermənistan anlamalıdır ki, regionda sülhün doğru formulu hansısa maraqlar naminə İrəvana şirin vədlər verən Qərb ölkələrində yox, Azərbaycandadır. Ermənistan artıq öz ərazisini toqquşmalar məkanına çevirmə cəhdlərindən çəkinməli, güc göstərilən poliqon rolunu oynamaqdan imtina etməli, sülh və sabitliyin təmin edilməsi istiqamətində addımların atılmasını dəstəkləməlidir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".