Qoşulmama Hərəkatı: bəşəri dəyərləri təbliğ edən mötəbər təsisat
Siyasət

Qoşulmama Hərəkatı: bəşəri dəyərləri təbliğ edən mötəbər təsisat

Sülhün, əmin-amanlığın, təhlükəsizliyin bərqərar olması istiqamətində mövcud problemlərin həllinə əməkdaşlıq yolu ilə, müasir çağırışlara cavab verərək nail olmaq yeni dünya nizamında böyük əhəmiyyət kəsb edir. 1961-ci ildə Belqrad şəhərində Asiya və Afrika ölkələrinin 25 dövlət və hökumət başçılarının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə institusional əsası qoyulan, heç bir blokda iştirak etməyən Qoşulmama Hərəkatı  (QH) beynəlxalq hüquqa əsasən sülh, təhlükəsizlik və inkişafa yardım etməklə müasir dünyada öz aktuallığını daha da artırır.

Ölkələrin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmətlə yanaşaraq bəşəri dəyərlərin təbliğinə xidmət edən, dünyanın 120-dən çox ölkəsini özündə birləşdirən Hərəkat BMT Nizamnaməsinin məqsəd və prinsiplərini əsas tutaraq dövlətlərin daxili işlərinə qarışmamağı, ərazi bütövlüyü və suverenliyinə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağı, bütün irqlərin və xalqların bərabərliyini tanımağı ən ali məqsəd kimi müəyyənləşdirmişdir. QH, həmçinin böyük dövlətlərin xüsusi maraqlarına xidmət etməkdən, hər hansı dövlət tərəfindən digər dövlətlərə təzyiq göstərməkdən çəkinmək, bütün beynəlxalq mübahisələri danışıqlar, barışıq, məhkəmə və tərəflərin özünün seçdiyi digər dinc vasitələrlə, sülh yolu ilə həll etmək missiyasını yerinə yetirən BMT-dən sonra ən böyük təsisatdır. Beynəlxalq öhdəliklərə xidmət etməklə üzv ölkələr arasında qarşılıqlı maraq və əməkdaşlığı təşviq edən Hərəkatın 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.

2011-ci il may ayının 26-da ölkəmiz QH-yə tamhüquqlu üzv qəbul olunmaq üçün İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini qazanmışdır. 2016-cı ildə üzv ölkələrin dövlət və hökumət başçıları tərəfindən Hərəkatın XVII Zirvə Görüşünün Bakıda keçirilməsinə qərar verilməsi isə ölkəmizə olan hörmətin, etimadın, etibarın göstəricisi idi. 2018-ci ildə "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransı Bakıda keçirilmiş, konfransda Hərəkatda iştirak edən dövlətlər, həmçinin müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların 800-ə yaxın nümayəndəsi və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatlar iştirak etmişlər.

2019-cu il oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü öz işinə başlamış, görüşdə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri olmaqla 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri iştirak etmişlər. Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsinə və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsinə yekdilliklə qərar verilmişdir. Hərəkata sədrliyi dövründə Azərbaycan daxili və xarici siyasətinin əsas prioritetlərini üzv dövlətlərlə birgə həyata keçirmək üçün səylər göstərmiş və bu gün də bu missiyanı həyata keçirir. Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin üzv dövlətlərlə əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində mühüm addımların atılmasına imkan yaratmışdır. Azərbaycanın evsahibliyi ilə "Bandunq prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək" mövzusunda keçirilən XVIII Zirvə toplantısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcəkdir".

2020-ci ilin may ayında Azərbaycan Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısını təşkil etmiş, həmin ilin dekabr ayında isə BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr olunmuş, 70-dən çox dövlət və hökumət başçısının çıxış etdiyi Xüsusi Sessiyası keçirilmişdir. Ölkəmiz, həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə dəstəyi göstərmiş, eyni zamanda Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı, təmənnasız olaraq beş ölkəyə 150 min doza peyvənd ianə etmişdir. Həmçinin, koronavirus pandemiyasının həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüşdür. Pandemiya ilə mübarizədə qlobal çağırışlarla çıxış edən, inkişaf etmiş bəzi ölkələr tərəfindən irəli sürülmüş "peyvənd millətçiliyi"nə qəti etiraz edən Azərbaycan inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırmış, həm də Qoşulmama Hərəkatının sədri kimi dünyada vaksinlərin ədalətli bölgüsünün və əlçatanlığının təmin edilməsi istiqamətində təşəbbüslərini davam etdirmişdir.

Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi yaradılmış və ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilmişdir. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin "Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi" mövzusuna həsr olunan konfransını QH-nin tarixində vacib tədbir adlandıran ölkə başçımız İlham Əliyev üzv dövlətlərin Azərbaycanın bu təşəbbüsünü dəstəkləmələrini həmrəyliyin gücləndirilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirmiş, parlament şəbəkəsinin təkcə üzv dövlətlər arasında deyil, eyni zamanda dünyanın müxtəlif parlament təşkilatları ilə sıx əlaqələrin qurulmasına töhfə verəcəyini bildirmişdir. Ötən ilin iyulunda isə Şuşa Razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılmışdır. Qoşulmama Hərəkatının Gənclər Sammitinin növbəti dəfə Bakıda keçirilməsi bir daha ölkəmizin Hərəkata sədrlik edən ölkə olaraq BMT-nin gənclərlə bağlı siyasətini dəstəklədiyini və buna əsaslanaraq təsisatın gənclik qolunu yaratdığının göstəricisidir. Bütün bunlar isə Qoşulmama Hərəkatının beynəlxalq sülhün bərpası, dialoqun aparılması kimi məsələlərin müzakirə olunduğu, siyasi məsləhətləşmələr və praktik əməkdaşlığın aparıldığı geniş və əhatəli bir platforma olduğunu təsdiqləyir. Qeyd edək ki, təşkilatın daimi katibliyi Bakıda yerləşəcək. Hazırda isə QH-nin qadınlar platformasının yaradılması istiqamətində iş aparılır.

Mart ayının 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə dövlət başçımız çoxtərəfli platforma olan BMT sistemində islahatların aparılması məsələsinə toxunmuş və BMT Təhlükəsizlik Şurasının müasir çağırışları əks etdirmədiyini vurğulamışdır. Üzv dövlətlərin Təhlükəsizlik Şurasının coğrafi baxımdan ədalətli olması üçün tərkibinin genişləndirilməsi, təşkilatda daha çox ölkənin təmsil olunması, o cümlədən bir daimi yerin Qoşulmama Hərəkatına verilməsi ilə bağlı fikirlərini BMT-nin aidiyyəti komitəsinə təqdim etməyə çağırmış, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələrin BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalı olduqlarını bildirmişdir.

İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda keçirilən nazirlər görüşündə Azərbaycan Prezidenti QH-yə üzv dövlətlərin "Bandunq prinsipləri"nə sadiqlik nümayiş etdirməklə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünün pozulmasına qarşı qətiyyətlə mübarizə aparmağın, Qoşulmama Hərəkatının beynəlxalq məsələlərdə fəal iştirak etməyin vacibliyini qeyd etmişdir. Yeni dünya nizamında Hərəkatın öz yerini tapmalı olduğunu bildirən ölkə başçımız üzv dövlətlərin neokolonializm meyillərinin aradan qaldırılması üçün qətiyyətlə mübarizə aparmalı olduqlarını diqqətə çatdırmışdır.

İnstitusional davamlılıq yaratmaq və sədrliyi təhvil alacaq ölkələrə uğurlu miras qoymaq məqsədilə Azərbaycan 2019-2023-cü illər ərzində Qoşulmama Hərəkatına sədrliyi dövründə üzv dövlətlərlə münasibətlərin genişlənməsinə, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə və dayanıqlı inkişafa mühüm töhfələr vermişdir. Sədrliyi dövründə "Bandunq prinsipləri"nə sadiq qalaraq terrorla mübarizəyə, münaqişələrin həlli ilə bağlı beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsinə, beynəlxalq hüquq və öhdəliklərin yerinə yetirilməsinə, qaçqınlar probleminin, yoxsulluğun azaldılmasına, ətraf mühitin qorunmasına, üzv ölkələr arasında iqtisadi-ticari əlaqələrin şaxələnməsinə səy göstərən Azərbaycan Hərəkata sədrliyini uğurla davam etdirir.

Mehparə ƏLİYEVA,

"Respublika".