Ümumtürk həmrəyliyinə mühüm töhfə
Siyasət

Ümumtürk həmrəyliyinə mühüm töhfə

Mart ayının 11-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ölkəmizə səfər etmişdir. Səfər iki dövlət arasında əlaqələrin yüksək səviyyəsini, qardaşlıq münasibətlərin ikitərəfli əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını, ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat və logistika infrastrukturu sahələrində birgə layihələrin həyata keçirilməsinin prioritet olduğunu göstərir. Qazaxıstan ilə Azərbaycan arasında səmimi dostluq, qardaşlıq münasibətləri ümumtürk həmrəyliyinə mühüm töhfədir.

2009-cu ildə Azərbaycanın qədim diyarı olan Naxçıvanda əsası qoyulan Türk Dövlətləri Təşkilatına üzv olan hər iki qardaş türk dövlətinin yaxın münasibətləri strateji tərəfdaşlığı müttəfiqlik səviyyəsinə yüksəlmiş, ikitərəfli əlaqələr daha da inkişaf etdirilmiş, dostluq bağları möhkəmləndirilib. Dövlət başçıları tərəfindən regional təhlükəsizliyə, ikitərəfli münasibətlərin inkişafına dair imzalanan sənədlər əlaqələrin daha da dərinləşməsinə, möhkəm hüquqi bazanın yaradılmasına xidmət edir. "Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında" Bəyannamə iki dövlətin təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiq olduqlarının göstəricisidir. Bunu Prezident İlham Əliyev andiçmə mərasimində xüsusi olaraq diqqətə çatdırmışdır. O, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin bir ailə olduğunu, adət-ənənələrinin, mədəniyyətlərinin yaxınlığını, ortaq kökə malik olduqlarını qeyd edərək Türk Dövlətləri Təşkilatının genişlənməsinin vacibliyini qeyd etmişdir.

Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə hər zaman öz dəstəyini nümayiş etdirmişdir. Son illər iki dost ölkə arasındakı münasibətlər sürətlə inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri bunun əyani sübutudur. Son səfərin daha bir özəlliyi liderlərin işğaldan azad olunmuş ərazilərə - Füzuli və Şuşa şəhərlərinə getmələri, Füzuli şəhərində Qazaxıstan Respublikasının köməyi ilə inşa olunmuş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışında iştirak etmələri münasibətlərə yeni təkan verir. Səfər çərçivəsində Qazaxıstan prezidenti tarixi Şuşa şəhərinin bir sıra mədəniyyət abidələrini, görməli yerlərini ziyarət etmiş, şəhərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olmuşdur. Qarşılıqlı iqtisadi münasibətlərin, mədəni-siyasi əlaqələrin, nəqliyyat-tranzit məsələsinin, neft-qaz sahəsindəki əməkdaşlığın inkişafı da səfərin əsas prioritetlərindəndir.

Azərbaycanda Qazaxıstan mədəniyyət günlərinin, Qazaxıstanda Azərbaycan mədəniyyət günlərinin keçirilməsi, hər iki xalqın görkəmli şəxsiyyətlərinin xatirəsinin anılması, birgə irimiqyaslı nəqliyyat layihələrinin reallaşdırılması, energetika sahəsində əməkdaşlıq iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının əyani sübutudur. Ümidvarıq ki, bu səfər zamanı imzalanmış strateji-müttəfiqlik anlaşmaları hər iki dövlətin iqtisadiyyatının inkişafında, dünya və region üçün rolunun artmasında mühüm əhəmiyyət kəsb edəcək.

Telman KƏRİMLİ,

Qərbi Azərbaycan İcmasının

Ziyalılar Şurasının üzvü.