Azərbaycan dövlətçiliyinin və xalqının xilaskarı
Siyasət

Azərbaycan dövlətçiliyinin və xalqının xilaskarı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixdə Ulu Öndərin 100 illiyi ilə bağlı 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncam imzalaması cəmiyyətin bütün təbəqələrində hədsiz sevinclə qarşılandı. Dünya miqyaslı siyasətçi və dövlət xadiminin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması sahəsində misilsiz xidmətləri, çağdaş tariximizdə tutduğu müstəsna mövqeyi xalqımızın və dövlətimizin münasibətinin parlaq təcəssümü kimi qiymətləndirilir. Bu Sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur.

Ulu Öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər an, hər gün gözümüz önündədir. Bu qərar bir daha dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaratmaqdadır. Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir və bundan sonra da neçə-neçə nəsillər bu məktəbdən bəhrələnərək Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcəkdir. Ulu Öndərin fəaliyyətinin hər bir mərhələsi - istər Azərbaycanda hakimiyyətinin birinci dövrü (1969-1982), istərsə də müstəqilliyimizin bərpasından sonrakı dövr ayrı-ayrılıqda tədqiqat mövzusudur.

Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması heç də təsadüfi deyil. Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə Heydər Əliyev dövlətini, xalqını, məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyib, meydana atılan böyük ürəkli Vətən oğlunun xalqı, Vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi.

Təsadüfi deyildir ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul plenumunun qərarı ilə Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra məhz onun qayğısı sayəsində bütün ölkə ərazisində gedən inkişaf fonunda Zərdab rayonunda pambıqçılığın, heyvandarlıq və baramaçılığın inkişafı istiqamətində xeyli irəliləyiş əldə edilmiş, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi üçün mühüm işlər görülmüş, mədəni və sosial obyektlərin, istehsal müəssisələrinin tikintisinə diqqət artırılmışdır. 29 may 1978-ci il tarixdə Ulu Öndər Zərdab rayonuna səfər edərkən Kür çayında daşqın təhlükəsinin qarşısını almaq üçün bir sıra tövsiyələr və tapşırıqlar vermiş, bununla da görülən ciddi tədbirlər nəticəsində Zərdab rayonu su altında qalmaq təhlükəsindən xilas edilmişdir.

Ümummilli Lider daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı, sağlamlığı bahasına, gecəli-gündüzlü fədakar əməyi hesabına müstəqil Azərbaycan dövlətini qurdu və möhkəmlətdi. Heydər Əliyev demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqərar etdi, cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoydu. Ulu Öndərin 1994-cü ildə imzaladığı cinayətkarlıqla mübarizəyə yönəlmiş tarixi fərmanı qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı.

Zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Heydər Əliyevin müəllifi olduğu 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi.

Əsas Qanunun qəbulu ölkədə bütün sahələrdə, o cümlədən hüquqi islahatların hərtərəfli və kompleks həyata keçirilməsinə rəvac verdi və bu məqsədlə müxtəlif komissiyalar yaradıldı. Hüquq sisteminə müstəsna əhəmiyyət verən Ümummilli Lider Heydər Əliyev Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək islahatların qısa müddətdə və mütəşəkkil aparılmasını təmin etdi.

Ulu Öndər prokurorluq orqanlarının rəhbər işçiləri ilə 2000-ci ilin aprelində keçirdiyi görüşdə hüquqi islahatlarla bağlı deyirdi: "Bu islahatları ona görə aparmırıq ki, kimsə bizə deyir, kimsə bunu bizdən tələb edir. Biz özümüz anlamalıyıq ki, "hüquqi, demokratik dövlət qururuq" elan edən prezident gərək onu təmin etsin. Bunu təmin etmək də qanunlarla ola bilər".

Heydər Əliyevin fəaliyyəti nəticəsində müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edildikdən sonra məhkəmə-hüquq islahatlarının aparılması daha da sürətləndirilmiş ulu öndərin 1996-cı ilin fevralında imzaladığı fərmanla hüquqi islahatlar üzrə komissiya yaradılmışdır. Komissiya tərəfindən ictimai münasibətlərin müxtəlif sahələrini tənzimləyən bir sıra qanunların, o cümlədən prokurorluğun fəaliyyətinə aid müddəaları nəzərdə tutan normativ-hüquqi aktların Avropanın aparıcı ekspertlərinin müsbət rəyini almış layihələri hazırlanmışdır. Bu layihələr əsasında qəbul edilmiş "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Polis haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və digər qanunlar ölkənin hüquq sisteminin formalaşması prosesinə böyük töhfə olmuşdur.

Bundan başqa, Ümummilli Lider Heydər Əliyev 1998-ci il 28 noyabr tarixdə prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr edilmiş təntənəli yığıncaqdakı tarixi nitqində "Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız" ifadəsi hər bir prokurorluq işçisinin gündəlik işində bilik, qüvvə və bacarığını səfərbərliyə alaraq fəaliyyət istiqamətinə çevrilmişdir.

Ulu Öndər Heydər Əliyevin respublika prokurorluğunun rəhbər işçiləri ilə 2000-ci il aprelin 26-da keçirdiyi görüş prokurorluq orqanlarının tarixində həlledici əhəmiyyətə malik dönüş nöqtəsi olmuşdur. Məhz bu görüşdə Heydər Əliyevin verdiyi proqram əhəmiyyətli göstərişlərin nəticəsi olaraq həmin vaxtdan Azərbaycan Prokurorluğu orqanlarında aparılan və bu gün də yeni müstəvidə davam etdirilən islahatlar nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsi, zəruri normativ-hüquqi bazanın yaradılması, ciddi tələbkarlıq şəraitinin formalaşdırılması, kadrların seçilməsinin yeni mütərəqqi formalarının tətbiqi təmin edilmiş, dövlətçiliyin və milli maraqların etibarlı qorunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işi ən yüksək tələblər səviyyəsinə çatdırılmışdır.

Böyük qürur hissi ilə deyilməlidir ki, ulu öndərin siyasi kursunu və strateji inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən prokurorluğun fəaliyyətinin dünya standartları səviyyəsində təkmilləşdirilərək ən yüksək beynəlxalq tələblərə uyğun formalaşdırılması prosesi həyata keçirilir, ümumiyyətlə prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir. Prokurorluq orqanlarının müasir dövrün tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Prezident İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı" xüsusi əhəmiyyətə malikdir. Habelə cənab Prezidentin "Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2004-cü il 3 mart tarixli Sərəncamı ilə korrupsiya cinayətləri üzrə ixtisaslaşmış dövlət antikorrupsiya orqanının Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Azərbaycan Respublikasının Baş prokuroru yanında yaradılması prokurorluğa olan inam və etimadın təzahürüdür.

Prokurorluğun fəaliyyətinin, həmçinin dövlətçiliyə və xalqa olan sədaqətinin dövlət tərəfindən daim yüksək dəyərləndirilməsi hər bir prokurorluq işçisini qürurlandırmaqla bərabər, üzərimizə daha böyük məsuliyyət qoyur.

Odur ki, fəaliyyətində hər zaman Ümummilli Lider Heydər Əliyevin ali ideyalarını və möhtərəm Prezidentimiz İlham Əliyevin idarəçilik prinsiplərini rəhbər tutan Prokurorluğun kollektivi dövlət başçısının prokurorluq orqanlarına göstərdiyi yüksək diqqət, xüsusi qayğı və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, insan hüquq və azadlıqlarına dönmədən əməl olunmasını, qanun pozuntularının qarşısının alınmasını və aradan qaldırılmasını, habelə cinayətkarlığa qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirlərin görülməsini bundan sonra da ləyaqətlə davam etdirəcəkdir.

Zaur ƏLİYEV,

Zərdab rayon prokuroru, ədliyyə müşaviri.