Rusiya-Ermənistan gərginliyi yüksəlir: Lars keçid məntəqəsi bağlandı
Siyasət

Rusiya-Ermənistan gərginliyi yüksəlir: Lars keçid məntəqəsi bağlandı

İrəvan dalana dirənib

İkinci Qarabağ müharibəsindən sonra Rusiya ilə Ermənistan arasında münasibətlərin gərginləşdiyi hər kəsə məlumdur. Son dövrlərdə Ermənistanın Rusiya əleyhinə ittihamlar səsləndirdiyi, eləcə də Qərbin təhriki ilə İrəvanın Moskvadan uzaqlaşmaq meyilləri müşahidə olunur.

Şübhəsiz, Qərbin köləsinə çevrilən səriştəsiz Paşinyan hakimiyyətinin atdığı addımlar Rusiyanı qıcıqlandırır. Siyasi vəziyyətin mürəkkəb olduğu bir dövrdə iki ölkə arasında yeni problemlər üzə çıxıb.

Belə ki, Moskva Ermənistanı Gürcüstan vasitəsilə Rusiyaya birləşdirən Yuxarı Lars keçid məntəqəsini bağlayıb. Hayastan siyasi dairələrində bu hadisəyə Rusiyanın onlara qarşı qərəzi kimi don geyindirilib. Çünki keçid məntəqəsinin bağlanması baş nazir Nikol Paşinyanın KTMT sammitində iştirak etməkdən imtinası ilə eyni vaxta təsadüf edib. Ermənistan parlamentinin müxalifətdən olan deputatı Artur Xaçatryan da vəziyyəti İrəvan və Moskva arasındakı gərginliklə əlaqələndirib: "Rusiyanın bu addımının müəyyən mesaj olduğunu istisna etmirəm. "Rospotrebnadzor" və "Rosselxoznadzor" təkcə bazara nəzarət etmir, bu qurumlar həm də siyasi alətdir. Görünən odur ki, münasibətlər çox gərgindir və bu, ictimai əhvali-ruhiyyəyə təsirsiz ötüşmür". Kremlin İrəvana qarşı iqtisadi rıçaqlarından intensiv istifadəsini yada salsaq, bu məsələnin də Ermənistana daha bir mesaj olduğunu söyləmək mümkündür. Yuxarı Lars keçid məntəqəsinin bağlanması səbəbindən erməni istehsalçılar öz məhsullarını Rusiya bazarlarına daşıya bilmirlər.

Yuxarı Lars keçid məntəqəsi Ermənistan üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki dənizə çıxışı olmayan ölkə üçün Lars, həmçinin strateji rol oynayır. İrəvanın sərnişin və yükdaşımalarının əksəriyyəti də məhz Yuxarı Lars vasitəsilə həyata keçirilir. Lars həm də Ermənistanı Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrlə birləşdirən yeganə quru yoludur. Aİİ ölkələri ilə Ermənistan arasında ticarət dövriyyəsinin əsas payı da bu məntəqəyə düşür. Ermənistan tərəfi hələ 2017-ci ildə Gürcüstana alternativ yolun tikintisi ilə bağlı müraciət etmişdi. Ölkənin keçmiş rəhbərliyi Gürcüstanda tez-tez müşahidə olunan uçqunları əsas gətirərək Gürcüstandan Rusiyaya yeni avtomobil yolunun çəkilməsinə çalışırdı. Amma Ermənistanın bu təklifi Gürcüstan hökuməti tərəfindən qəbul edilmədi. Rəsmi Tbilisi buna əsas səbəb kimi yolun çəkilişində maliyyə, infrastruktur və ekoloji baxımdan çətinlikləri göstərdi. Belə olduğu təqdirdə Gürcüstanla Rusiya Yuxarı Lars sərhəd-keçid məntəqəsinin genişləndirilməsini proqnozlaşdırdılar. Ümumi dəyəri 200 milyon ABŞ dolları həcmində qiymətləndirilən bu layihədən hələ də xəbər yoxdur. Hazırda Moskva Yuxarı Lars sərhəd-keçid məntəqəsində beynəlxalq nəqliyyat daşıyıcıları üçün hərəkət qaydalarında da dəyişiklik edib. Yeni qaydalara əsasən, beynəlxalq avtomobil daşımalarını həyata keçirən avtonəqliyyat vasitələri üçün gömrük-keçid məntəqələrində məhdudiyyətlər tətbiq olunur. Hətta hərəkət zolaqlarının sayının 11-dən 6-ya endirilməsi də gündəmdədir.

İrəvan Yuxarı Lars keçid məntəqəsinin bağlanmasını siyasi qərəzlə əlaqələndirsə də, Rusiya buna səbəb kimi Ermənistandan daşınan məhsulların fitosanitar standartlarına uyğun gəlmədiyini göstərib. Belə olduğu təqdirdə kənd təsərrüfatı məhsulları yollarda günlərlə gözləməklə ya çürüyəcək, ya da geri qaytarılacaq.

Bütün bunlar bir daha söyləməyə əsas verir ki, Ermənistan vəziyyətdən ancaq Azərbaycanın və Türkiyənin nəqliyyat yollarına qoşulmaqla xilas ola bilər. Bu baxımdan, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh əldə etməyə tələsməlidir. Əks halda, Paşinyan özünün də qeyd etdiyi kimi, erməni xalqının yaddaşında uğursuz lider kimi qalacaq.

Nəzrin ELDARQIZI,

"Respublika".