Rövşən Əliyev
Sosial həyat

Rövşən Əliyev

Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların, qanlı döyüşlərdə misilsiz şücaət göstərənlərin qəhrəmanlığı elə yüksək dərəcəyə çatmışdır ki, bu insanlar ölkəmizin ən ali fəxri adına - Milli Qəhrəman adına layiq görülmüşlər. Milli qəhrəmanların həyat yolunu, döyüş şücaətlərini hər bir Azərbaycan vətəndaşı bilməli, ondan nümunə götürməli, təbliğ etməlidir. Tarix boyu xalqımız öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirmişdir. Canlarını Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda fəda edən qəhrəman oğullarımız bunu bir daha sübut etdilər. İgid oğullarımız birinci Qarabağ müharibəsində Vətənin müdafiəsinə qalxdılar. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Şücaətləri, igidlikləri örnək olan qəhrəmanların hər birinin gənclərin vətənpərvər ruhda böyüməsində bilavasitə rolu var. Çünki bugünkü gənclər hansısa film qəhrəmanlarının deyil, şücaəti dildən-dilə düşən əsl qəhrəmanların yolunu örnək götürürlər. Bu vətənin örnək götürüləcək qəhrəmanları isə olduqca çoxdur.

Vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri, örnəyi olan Azərbaycanın Milli Qəhrəmanı Əliyev Rövşən Nəriman oğlu 30 avqust 1972-ci ildə Bakıda anadan olub. O, 1989-cu ildə Xətai rayonundakı 254 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Politexnik İnstitutunun Maşınqayırma fakültəsinə daxil olur.

1990-cı ildə baş verən Qanlı Yanvar faciəsi hər bir Vətən övladı kimi, Rövşənə də çox ağır təsir edir. O, heç cür özünə gələ bilmir, narahat günlər keçirirdi. Rövşən torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə son damla qanına qədər vuruşacağına qərar verdi. O, təhsil almasına baxmayaraq 1991-ci ilin mayında könüllü olaraq orduya yazılır. Sonra Ağdamda yaradılmış milli müdafiə taborunda döyüşə atılaraq Sırxavənd, Qazançı, kəndlərinin azad edilməsində yaxından iştirak edir. Cəsur döyüşçü Rövşən 1992-ci ilin mart ayında yeni bir tapşırıq alır: əsgərlərimiz Muğanlı, Şıxbabalı yüksəkliklərində mövqe tutmalıdır. Çox keçmir ki, verilən tapşırıq peşəkarlıqla yerinə yetirilir.

Ermənilər 1992-ci il mayın 13-də əsgərlərimizi Xocalının Dəhraz kəndindən çıxarmaq məqsədilə Abdal kəndinə hücum edirlər. Rövşən və digər döyüş yoldaşları qəhrəman igidlərimizin köməyinə gedir. Düşmən zərbələrə tab gətirməyərək geri çəkilir. Tələbə döyüşçü Ağbulaq-Dəhraz əməliyyatlarında xüsusilə fərqlənir. Bu kəndlər Rövşən kimi oğulların dönməzliyi sayəsində erməni quldurlarından təmizlənir.

1992-ci il iyunun 14-də azğınlaşmış düşmən yenidən böyük qüvvə ilə Dəhraz kəndinə hücum edir. Əsgərlərimiz mühasirəyə düşür. Rövşən yaralı yoldaşlarının düşmən əlinə keçməməsi üçün böyük şücaət göstərərək, onları döyüş meydanlarından uzaqlaşdırmağa müvəffəq olur. Növbəti dəfə komandirini xilas edərkən başından yaralanan döyüşçü bir qədər sonra gözlərini əbədi yumur. Rövşənin şəhidlik zirvəsinə yüksəldiyi Xocalının qisası döyüş meydanında alındı. Vətən savaşında qəhrəman oğullarımız Xocalı qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadılar. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Əliyev Rövşən Nəriman oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Bakıdakı Şəhidlər xiyabanında dəfn olunub. Vaxtilə təhsil aldığı 254 saylı orta məktəbə və Bakı şəhərindəki küçələrdən birinə qəhrəmanımız Əliyev Rövşən Nəriman oğlunun adı verilib.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli ordumuz işğal altında olan torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Bu gün Rövşənin uğrunda şəhid olduğu torpaqlar öz sahibinə qovuşub. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı Qələbə qazanmaqla öz gücünü nümayiş etdirdi.

M.CƏFƏROV,

"Respublika".