Hər günü bir tarix idi... Vətən müharibəsinin 7-ci günü
Tarix

Hər günü bir tarix idi... Vətən müharibəsinin 7-ci günü

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

3 oktyabr

  • "Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!". Prezident, Ali Baş Komandan İlham Əliyev özünün rəsmi tviter səhifəsində bu barədə paylaşım edib. Dövlətimizin başçısı Azərbaycan Ordusunun Tərtər rayonunun Talış, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq və Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndlərini azad etməsi barədə məlumat verib.
  • Dövlətimizin başçısı tviter səhifəsində etdiyi bu paylaşımdan bir qədər sonra isə Madagizin tarixi adını bərpa etdiyini bildirib: "2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. "Qarabağ Azərbaycandır!".
  • Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinin Azərbaycan ordusu tərəfindən azad edilməsi İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olmuşdur. Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmanlarımız ermənilərin "Ohanyan səddi"ni qısa müddətdə keçərək Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankını məhv edib, 3 tankı isə qənimət götürüb. Düşmənin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralananlar olub. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.
  • Azərbaycan Müdafiə Nazirliyi gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan ordusunun döyüş aktivliyinin qarşısının alınmasını və sarsıdıcı zərbələr endirilməsini özündə əks etdirən videogörüntüləri yayımlayıb. Gecə ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhəri, rayonun Səhləbad, Qəzyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq Qərvənd, İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcabədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboyun Tap Qaraqoyunlu kəndi intensiv artilleriya atəşinə tutulub.
  • Müdafiə Nazirliyi müharibənin ilk həftəsində düşmənin ümumi itkilərinin sayının 230-dək tank və digər zirehli texnika, 250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 38 ədəd hava hücumundan müdafiə vasitələri, 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 7 silah-sursat anbarı, 130-dan çox avtomobil texnikası, 1 ədəd "S-300" zenit-raket kompleksi olduğunu açıqlayıb.
  • Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrimizin atəşə tutulması nəticəsində 3 qadın və 2 azyaşlı olmaqla 19 mülki şəxs həlak olub, 63 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı Baş Prokurorluq tərəfindən 12 cinayət işi başlanıb.
  • Verilən məlumatlarda bildirilir ki, artıq böyük uğurlara imza atan Silahlı Qüvvələrimiz tarixi ədaləti, ərazi bütövlüyümüzü təmin edir. Azərbaycan xalqı qələbələrə sevinir, ermənilər isə məğlubiyyətə düçar olurlar. Şanlı Ordumuzun endirdiyi zərbələrdən ağır itkilər verən düşmən geri çəkilir.

"Respublika".