Rəqabət Məcəlləsinin biznes mühitinə təsir imkanlarına dair ictimai müzakirə təşkil olunub
İqtisadiyyat

Rəqabət Məcəlləsinin biznes mühitinə təsir imkanlarına dair ictimai müzakirə təşkil olunub

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı ilə “Yeni Rəqabət Məcəlləsi: rəqabət qanunvericiliyində aparılmış dəyişikliklərin biznes mühitinə təsir imkanları” mövzusunda ictimai müzakirə təşkil olunub. KOBİA-nın mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, tədbirdə Rəqabət Məcəlləsinin tətbiqinin praktiki əsaslarına dair məlumat verilib, Məcəllənin ölkədə biznes mühitinin əlverişliliyinin artırılması və sahibkarlığın inkişafına mümkün töhfələrindən bəhs edilib.

“Bakı KOB evi”ndə dövlət-sahibkar əməkdaşlığı çərçivəsində keçirilən tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri və 80-ə yaxın biznes subyekti iştirak edib. KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin bu ilin 1 iyul tarixindən etibarən qüvvəyə minəcək Rəqabət Məcəlləsi barədə sahibkarların məlumatlandırılması və suallarının cavablandırılması məqsədilə təşkil edildiyini qeyd edib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanan Rəqabət Məcəlləsi, biznes və rəqabət mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində tətbiq olunan müasir yanaşmalar barədə məlumat verib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Rəqabət Məcəlləsinin qəbul edilməsini ölkəmizin iqtisadi qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində əldə edilmiş uğurlardan biri kimi qiymətləndirib.

Tədbir çərçivəsində Rəqabət Məcəlləsinin tətbiqinin praktiki əsasları izah edilib və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

“Respublika”.